Rusiya Dəmir Yolları (RDY) qurumunun martın 16-dan Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırdığı bildirilir.
Rusiyanın TASS İnformasiya Agentliyinin verdiyi məlumata görə, qərar xüsusi göstəriş olanadək qüvvədə qalacaq. Qərar barədə Azərbaycan tərəfinin məlumatlandırıldığı qeyd edilir.
Verilən məlumata görə, bu qərar yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədilə izah edilib.
Bu məlumatı, hələlik, Azərbaycanın rəsmi qurumları təsdiqləməyiblər.
Bundan başqa, Ukraynanın Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu ölkənin ərazisində martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırmalıdır.
“Bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır. Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün (martin 16-da) yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq”, deyə Azərbaycan Dəmir Yol İdarəsi bildirib.
Bu vaxta qədər Azərbaycanda rəsmi şəkildə koronavurusun aşkarlandığı şəxslərin sayı 25-ə çatıb. Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Həmin virusun Rusiya və Ukraynada da bir çox insanlara yoluxduğu bildirilir.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.
Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.
Bu müddət sonra daha iki həftə uzadılıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.
Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb.
Martın 14-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.
Hazırda, əsasən, İran və İtaliyadan qayıdan yüzlərlə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.