Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:54

Çörəyi borca alanlar


Berenjak
Berenjak

Xakasiyanın rəhbəri Viktor Zimin «Canlı yayım» zamanı imkansız bələdiyyələrə respublika rəhbərliyini tənqid etməməyi, sərbəst dolanmağı məsləhət görüb. «Tuşonka bişirin, bazarda satın. Nənələri səfərbər edin. Axı siz tayqada yaşayırsınız, giləmeyvə yığın, satın», – o deyib.

Xakasiya bələdiyyələrinin bir çoxunda artıq 11 aydır ki, maaşlar gecikdirilir. Respublikada əhalinin çörəyi nisyə aldığı, borclarını qaytarmaq üçünsə inəklərini satmalı olduğu kəndlər var.

ÖZÜNƏ MAAŞ KƏSƏ BİLMƏYƏN BƏLƏDİYYƏ

Oktyabrın 7 -də Berenjak kənd sovetinin rəhbəri Andrei Golyshkin «Xakasiya hökumətinin məsuliyyətsiz maliyyə siyasəti üzündən» istefa verib. 2016-cı ilin dekabrından bəri o və kənd sovetinin digər üzvləri maaş almayıblar.

«Martdan bəri ərzağı borc alırıq. Çörək və siqaretdən başqa heç nə götürmürük. Bilirsiniz, kənd sovetinin rəhbərinin camaatdan borc istəməsi çox alçaldıcıdır. Özünüzü mənim yerimə qoyun. Adamı manipulyasiya etməyə başlayırlar: mənə bu binanı ver, o binanı ver. Axı, mən verməyəcəm. O bina məktəbə lazımdır. Dükanda isə deyirlər: axı, biz sənə borc çörək veririk, verməyə də bilərik», – iki il kənd sovetinin sədri olmuş Golyshkin deyir.

Andrei Golyshkin
Andrei Golyshkin

Berenjak bələdiyyəsinin öz büdcəsi olmadığına görə o, heç özü özünə maaş da kəsə bilmir. Eyni zamanda, kənd soveti öz vəzifələrini yerinə yetirməlidir.

Berenjak ərazisində hər hansı istehsal müəssisəsi olmadığından, yerli büdcəyə vergi ödəmələri də yoxdur. Burada fəaliyyət göstərən «Xakasiya qızılaxtaranlar arteli»ninsə federal lisenziyası var və o, kənd sovetinə tabe deyil. Nə vergi müfəttişliyi, nə də Maliyyə Nazirliyi bu müəssisənin vergi ödəyib-ödəməməsi ilə maraqlanmır.

«Onlar bunu etməyi mənə təklif edirlər. Dilənçi, miskin kənd şurası gedib federal lisenziyası olan qurumdan vergi tələb etməlidir?!», – Golyshkin deyir.

İNƏYİNİ SATIB BORCUNU ÖDƏYİB

2017-ci ilin əvvəlində Golyshkin qızılaxtaranlarla müntəzəm vergi ödəmələri haqda razılığa gələ bilib. Dörd ay ərzində kənd büdcəsinə 600 min rubl (10 min 320 dollar) məbləğində vergi ödənilib, ancaq sonradan ödəmələr kəsilib.

Golyshkin Putin-ə yazdığını, ancaq məktubunun respublika rəhbərliyinə ötürüldüyünü deyir. Gələn rəsmi cavabsa belə olub: maaşları kəsməyincə, sizə pul ayrılmayacaq. Sonra o, qubernatora yazaraq, qızılaxtaranların vergi ödəməməsi məsələsini araşdırmasını xahiş edib, ancaq cavab ala bilməyib.

Dükan
Dükan

Respublika rəhbərliyi Berenjak kəndinə birbaşa maliyyə dəstəyi verməkdən imtina edir. Məmurlar hesab edirlər ki, yerli kənd şurası və Şirin rayonunun digər ərazilərinin yerli administrasiyaları əməkdaşlarının məvacibini artırmaqla büdcə məcəlləsini pozublar. Golyshkin-sə heç vaxt heç kimin məvacibini artırmadığını, sadəcə 2014-cü ildə qanunauyğun olaraq, kənd soveti işçilərinin məvaciblərini indeksasiya etdiyini deyir.

Golyshkin-dən başqa kənd sovetinin daha iki əməkdaşı işdən çıxıb. Golyshkin-in həyat yoldaşı isə kənd sovetində yarımştat xadimə işləyir. Onun sözlərinə görə, kənd sovetinin əməkdaşı Anna Kostina uzun müddət dükandan ərzağı nisyə götürürmüş. Sonradan dükan sahibi ona deyib ki, pulu haradan tapır tapsın, borcunu ödəsin. Anna Leonidovna da buna borcunu ödəmək üçün inəyini satmalı olub.

Məktəb
Məktəb

2001-Cİ İLDƏ ÇƏKİLMİŞ ELEKTRİK

Kənd qızıl mədəninin üzərində yaransa da, sadəcə 10 berenjaklı qızıl axtarmaqla məşğuldur. Bir zamanlar qəsəbə «Xakasiya» təchizat kontorunun hesabına dolanırmış. Golyshkin və həyat yoldaşı da burada işləyirlərmiş. Heyvan ovlayıb ətini, xəzini emal edir, dərman bitkiləri toplayır, məhsulu Krasnoyarska göndərirlərmiş. Ancaq müəssisə dağılandan sonra kənd camaatı yalnız öz şəxsi təsərrüfatı hesabına dolana bilir.

Berenjaka elektrik yalnız 2001-ci ildə çəkilib. Yerli məktəb saniyədə 128 kilobitliq internetə ayda 12 min rubl (206 dollar) ödəyir. Kənddən Abakan şəhərinə avtobus həftədə bircə dəfə gedir. Borca görə yerli klubun elektriki kəsilib, qış üçünsə kömür ehtiyatı yoxdur.

«Hökumətin özünün yaratdığı qanunları icra etməyə pulu olmadığına görə prokurorluq həmişə bizi sıxma-boğmaya salırdı. Anlayıram ki, indiki hökumətin vaxtında heç nə dəyişməyəcək», – Golyshkin deyir.

Bu il Xakasiyada iki digər kənd sovetinin də əməkdaşları ağır maliyyə durumuna görə istefa verməli olublar.

Ötən ayın sonunda Xakasiya rəhbərliyi baş nazir Dmitry Medvedev-ə və Dövlət Dumasının rəhbəri Vyacheslav Volodin-ə müraciət edərək, respublikaya 28.2 milyard rubl (48.5 milyon dollar) məbləğində yardım göstərilməsini xahiş edib. Müraciətdə rəhbərlik respublikadakı vəziyyəti «fəlakət» adlandırıb.

XS
SM
MD
LG