Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:26

16-yaşlı Yeqor hərbi komissarlığa maye dolu şüşəni niyə atıb


Rusiyalı çağırışçılar
Rusiyalı çağırışçılar

Fevralın 28-də axşam saatlarında Tatyana Balazeykinaya polisdən zəng gəlib. Polis onun 16-yaşlı oğlu Yeqorun həbs olunduğunu bildirib. Ona deyiblər ki, oğlu yaşadıqları Kirovsk şəhərində hərbi komissarlıq binasına maye dolu şüşə atdığını etiraf edib. Şüşədəki maye alışmayıb və ciddi zərər dəyməyib.

Məhkəmə terrorçuluq və əmlakı dağıtmaq cəhdində şübhəli bilinən Yeqor Balazeykinin aprelin 27-dək həbsdə saxlanması haqda hökm çıxarıb. Hazırda o, Sankt-Peterburqdakı 5 saylı təcridxanada saxlanılır.

Həbsxanadan məktubu

"Tez-tez özümdən soruşuram: ‘Qorxmursan?’ Bilirsiniz, həmişə ‘yox’ cavabını verirəm. Əvvəllər qorxurdum. Səhər yuxudan oyanmağa qorxurdum. Xəbərləri oxumağa qorxurdum. Onlar həmişə eyni idi, təkcə yer adları, qurbanların sayı dəyişirdi… İndi artıq qorxmuram", – Balazeykin həbsxanadan göndərdiyi açıq məktubda yazır. Məktub martın 24-də “Telegram”da paylaşılıb.

Sərt təcrid şəraitində saxlanan Balazeykinin yaxınları və vəkillərinə onun işini ictimai şəkildə müzakirə etmək yasaqlanıb.

"Bu cür işlərdə hökumət şübhəli bilinənləri məhz bu yolla qorxudur. Onları günahlarını etiraf etməyə, peşman olmağa, cəmiyyət qarşısına müxalifətçi kimi deyil, yanlış yolda olduğunu etiraf edən azmış qoyun qismində çıxmağa məcbur edir”, – Sankt-Peterburqdan olan insan haqları vəkili Leonid Krikun deyir.

Əvvəlcə Balazeykini dövlət əmlakına zərər vurmaqda günahlandıran müstəntiqlər bir neçə gün içində bu ittihamı terrorçuluq səviyyəsinə qaldırıblar. 16-yaşlı oğlan terrorçuluqda ittiham olunarsa, 10 ildən 15 ilədək həbs cəzası ilə üzləşə bilər.

“Ən ağır cəzanı verəcəklər”

Krikun Moskvanın Ukraynaya müdaxiləsini tənqid edən sosial media postlarına görə uzunmüddətli həbs cəzaları verən hökumətin Balazeykinin işindən nümayiş aləti kimi yararlanacağından narahatdır.

"‘Müqəddəs’ yerə hücum etdiyi üçün ona ən qanunda olan ən ağır cəzanı verəcəklər”, – Krikun deyir.

Yeqor Balazeykin uşaqlıqda qaraciyərini məhv edən xəstəliyin diaqnozu üçün aylarla xəstəxanada qalıb. Son nəticədə ona autoimmun hepatit diaqnozu qoyulub. Davamlı nəzarət altında olmayanda bu xəstəlik ölümcül ola bilər.

Balazeykin bərpa olunmaq məqsədilə Kyokuşin karate ilə məşğul olur və bu sahədə uğur qazanır. Bir neçə regional yarışda qalib olan Balazeykinin evi kuboklarla doludur. O, son illərdə uşaq turnirlərində hakimlik edib.

Hazırda həkimlər onun xəstəliyinin geri çəkilməkdə olduğunu deyirlər, ancaq hər üç aydan bir mütəxəssislərlə məsləhətləşməli, dərman qəbul etməlidir.

Dövlət mediasının yalanı

Avqustda 16 yaşı tamam olan Balazeykin Rusiya tarixi və sosial elmlərə böyük maraq göstərir. O ya hüquq, ya da iqtisadiyyat fakültəsinə daxil olmaq arzusunda idi. Valideynləri – əsasən repetitorluqla pul qazanan müəllim anası və elektrik işləyən atası onu Sankt-Peterburqun ən prestijli humanitar məktəblərindən biri olan 166 saylı məktəbə köçürüblər.

Məktəbin yolu çox uzaq olduğundan valideynləri, maddi baxımdan çətin olsa da, ona məktəbin yaxınlığında otaq tutublar. Uşaq həftəiçi bu evdə qalır, həftəsonlarını isə evlərinə gəlirmiş. Ancaq həbs olunandan sonra dövlət mediası ailəsinin onu atdığı üçün tək yaşadığı haqda yalan məlumat yayıb.

2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum edəndə Balazeykin və ailəsi müharibəni və Prezident Vladimir Putini ürəkdən dəstəkləyib.

“Bütün söhbətlər bir nöqtəyə gəlib çıxırdı”

"Yeqor ailədəki hər kəs – anası, atası, nənəsi, xüsusən də peşəkar hərbçi olan əmisi ilə eyni fikirdə idi. Ancaq [müharibənin] lap əvvəlində Dima əmi öldü. Əmisinin ölümündən sonra Yeqorun baxışları dəyişməyə başladı”, Tatyana Balazeykinin rəfiqəsi Natalya (ad şərtidir) deyir.

Əmi Dmitri Balazeykin hərbi xidmət yaşını çoxdan keçmiş olsa da, regional könüllü batalyona yazılmışdı. Natalyanın sözlərinə görə, o heç kimə heç nə demədən cəbhəyə gedib və müharibənin ilk günlərində İzyum yaxınlığında öldürülüb. Mart-aprel aylarında İzyum ətrafında ağır döyüşlər getmiş, Rusiya tərəfi ağır itkilər verməli olmuşdu.

Dmitri Balazeykinin dəfni Teqorun həyatında iştirak etdiyi ilk dəfn mərasimi idi.

Zamanla Balazeykinin müharibə haqda baxışlarında radikal dəyişiklik olub. O hər iki tərəfdən itkiləri dəhşətlə qarşılayıb.

"Demək olar, bütün söhbətlər bir nöqtəyə gəlib çıxırdı – Rusiya səhv yoldadır”, – Natalya söyləyir.

“Bunu etməsəydim, özümü asardım”

Tatyana Balazeykina oğlunun həbsindən az sonra onu qısa müddətə ziyarət edə bilib. O, “Dojd TV”yə müsahibəsində oğlunun hadisə yerində saxlandığını və binaya şüşə atdığını etiraf etdiyini deyib. Ancaq Yeqor Balazeykin şüşədə heç bir alışan maddənin olmadığını, yanğın törətmək niyyətində olmadığını, bu jestin “simvolik hərəkət” olduğunu deyib.

Tatyana Balazeykina özünün və ərinin övladlarının bu hərəkətindən əvvəlcədən xəbərdar olmadığını deyib.

O, oğlunun ona bu sözləri dediyini bildirib: "Bunu etməsəydim, onda çox güman ki, özümü asardım. Çünki bütün bu insanların ölməsinin yükü ilə yaşaya bilməzdim”.

Balazeykina oğluna dərmanlarını, dərsliklərini və isti paltarlarını verə bilsə də, onun saxlandığı şərait və tibbi nəzarətin olmamasından, bunun autoimmun hepatitdən əziyyət çəkən oğlunu öldürə biləcəyindən narahatdır.

"Məncə, Yeqorun atası baş verənlərə görə özünü günahlandırır, anası da həmçinin. O məndən soruşur ki, “Biz onu yanlış böyütmüşük? Mən sadəcə onun yaxşı adam olmasını istəyirdim". Mənsə sizə deyə bilərəm ki, o, yaxşı insandır”, – Natalya deyir və Balazeykinin hər iki valideyninin müharibə tərəfdarı olmalarına baxmayaraq, oğullarını dəstəklədiyini sözlərinə əlavə edir.

XS
SM
MD
LG