Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:03

Rusiyada elektron kitab bazarı artır


Elektron kitablar bazardakı artımın 50%-ni təşkil edib
Elektron kitablar bazardakı artımın 50%-ni təşkil edib

Bu ilin yazında Rusiyanın ən iri kitab nəşri holdinqi olan «Eksmo-AST»nin təhlilçiləri kitab bazarının böyüyəcəyini proqnozlaşdırmışdılar. 2018-ci ildə bu bazar artıq uzun durğunluqdan sonra 2% artmışdı. «Eksmo-AST»nin məlumatına görə, naşirlərə bu nəticəyə nail olmaq üçün ilk növbədə elektron və audio kitablar kömək edib. Nəşriyyat qrupunun prezidenti Oleq Novikov deyir ki, «LitRes» xidmətinə investisiyalar sayəsində elektron kitablar bazardakı artımın 50%-ni təşkil edib. «LitRes» elektron kitablar aqreqatoru, distribütoru və satıcısıdır.

Elektron kitab satışının 50 faizi

«LitRes»in baş direktoru Sergey Anuryev «Forbes Life»a müsahibəsində Rusiya kitab bazarında artımın davam edəcəyini deyib. Onun sözlərinə görə, nəşriyyatlar elektron kitabların çeşidi ilə ciddi maraqlanmağa başlayıblar. «Eksmo» və bir sıra başqa nəşriyyatlar bu bazara qoşulublar. Onlar əvvəlkinə nisbətən daha çox elektron və audio kitab istehsal etməyə başlayıblar. «Auditoriyanın çeşid maraqlarına gəlincə, birinci yerdə non-fikşn (bədii olmayan kitablar – tərc.) durur. Biz düşünürük ki, bəzi hallarda non-fikşn bütün elektron kitab satışının 50%-ni təşkil edir. Görünür, insanlara belə daha rahatdır. ...Gəzintidə, ev yığışdırarkən, qaçarkən, sükan arxasında görməyə başqa iş yoxdursa, belə bir şeyi dinləməyə hazırsan», – o deyir.

Anuryev deyir ki, audiokitab satışında bədii nəsrin payı non-fikşna nisbətən xeyli azdır: «Nə qədər olmasa, süjet adamı cəlb edir və əgər qəfildən fikir axınını qaçırdınsa, yenidən daha əvvəlki hissəni dinləmək lazım gəlir. Məsələn, mən qaçış aparatında nadir hallarda bədii kitabları dinləyirəm. İnformasiya zənginliyinin əsl ədəbiyyatdan fərqi də elə bundadır. Bundan başqa, bizim üçün audiokitablar elektron kitab istehlakına yeni auditoriya cəlb etmək vasitəsidir. Bu auditoriya oxumağı çox da sevmir, yaxud da onun qiraətə vaxtı yoxdur. Bu auditoriya «şərti oxuyan» auditoriyadır: onların oxuma vərdişi şəraitdən asılıdır. Bizim vəzifəmiz bu şəraitdən yararlanmaqdır. Çox vaxt tanış adamların yaşayış yerlərini dəyişdikdən sonra kitab oxuyan insandan oxumayan insana çevrildiyini görürəm. Əvvəllər onlar ictimai nəqliyyatda bir saat yol gedirdilər, indi isə beş dəqiqə piyada gedirlər. Bundan sonra oxumağı dayandırırlar. Ancaq kitabları dinləyə bilərlər: onlarda informasiya və süjet aclığı qalır. Məhz bu insanlara vaxtında audiokitab təklif etmək lazımdır».

ABŞ və Rusiyada elektron kitab bazarı

ABŞ dünyanın aparıcı elektron kitab bazarı sayılır. «ABŞ-da rəsmi elektron kitab bazarı artmır və hətta müəyyən qədər durğunluq keçirir. Əvvəllər o, oyunçuların hərəkəti baxımından çox zəngin idi. 2008-ci ildən bəri «Apple» və «Amazon» arasında rəqabət başlayıb: cihazlar, marketinq, elektron kitablara investisiyalar, elektron kitabların ağlasığmaz endirimlərlə satışı.

...Əvvəllər onlar kitabı 5 dollara alıb 6 dollara sata bilirdilər. İndi isə onları kitabı şərti olaraq 10 dollara satıb özlərinə 3 dollar komissiya payı saxlamağa məcbur edirlər. Bu, elektron kitabların qiymətlərinin kəskin artmasına gətirib çıxardı. Qızışmış bazarda bu, bazarın həcminin artmasına yol açdı. İnsanlar yenidən kağız kitablar oxumağa başladılar. Adamı hansısa qurğularla doydurub yoranda belə olur. Üstəlik, elektron kitab artıq əvvəlki kimi daha ucuz deyildi», – deyən Anuryev Rusiyada elektron kitab bazarının həcminin böyüməkdə olduğunu deyir. O bu bazarın potensialının hələ heç yerdə tükənmədiyi qənaətindədir.

«Ümumən həm Qərbdə, həm də Rusiyada audiokitab bazarında artım təqribən eyni vaxtda və ləngiməsiz başlayıb. Görünür, bu, hansısa psixoloji modeldir. Müştərilərdə mobil cihazların olması, rəqəmsal məhsullara pul xərcləməyə hazırlıq kimi şərtlər üst-üstə düşdü və həm bizdə, həm də orada insanlar buna pul xərcləməyə başladılar. Rusiyada elektron kitablar kağız kitablardan xeyli ucuzdur. Bizdə ümumən belə bir postulat var: elektron kitab kağız kitabdan 40-50% ucuzdur. Amerikada isə qiymət təqribən eynidir, hətta elektron kitabların daha baha olduğu hallara da tez-tez rast gəlinir. Görünür, orada müştəri bunun niyə belə olduğunu daha yaxşı anlayır: studiyaya, səsə, aktyora pul xərclənməlidir», – o deyir.

XS
SM
MD
LG