İzvestiya qəzetinin Səhiyyə Nazirliyinə istinadən yazdığına görə Rusiya xəstəxanalarında koronavirus pasientləri üçün nəzərdə tutulmuş çarpayıların 80 faizi tutulub.
Nazirlik bunu yoluxma hallarının kəskin artımı ilə izah edir.
Hazırda Rusiyada COVID-19-a yoluxmuş pasientlər üçün 126 min xəstəxana çarpayısı nəzərdə tutulub.
Ötən həftəsonu Rusiyada ötən iyuldan bəri ilk dəfə olaraq günə 6 mindən çox yoluxma qeydə alınıb.
Son sutka ərzində 6 min 215 yeni yoluxma baş verib. Moskvada iyundan bəri yoluxma rekordu təzələnib. Paytaxtda bir sutka ərzində 980 nəfər koronavirusa yoluxub.
Qlobal pandemiya başlanandan bəri Rusiyada koronavirusa 1 milyon 115 min 810 yoluxma qeydə alınıb.
19 min 649 nəfər vəfat edib.
Sentyabrın 22-də Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edib ki, koronavirusdan ölüm hallarının sayı azalsa da, virusun yayılması sürətlənib.
DST-nin məlumatına görə ötən həftə ərzində demək olar 2 milyon yeni yoluxma baş verib.
Bu, qlobal epidemiya başlanandan bəri bir həftə ərzində ən böyük yoluxma rəqəmidir.