Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:02

Ermənistanda yeni həyat quran rusiyalılar


Artyom Yemelyanov
Artyom Yemelyanov

Ermənistanın informasiya texnologiyaları sektorunda rəsmi qeydiyyatdan keçmiş işçilərin sayı 50 faizədək artıb

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan informasiya texnologiyası sahəsində çalışan minlərlə rusiyalı Ermənistana köçüb. Artyom Yemelyanov onlardan biridir.

32 yaşlı proqramçı Yekaterinburqdandır. O deyir ki, Rusiyanın qonşusuna qarşı başlatdığı müharibə onun kimi xeyli sayda azad düşüncəli insanı çətin seçim qarşısında qoyub.

Fərqli düşünənlər gedirlər

“Rusiyada azad düşüncə arzuolunan deyil, xaricdə isə rusiyalıların hamısı təcavüzkar hesab edilir. Getməsəydim, sonradan bu imkan məndən ötrü qapanardı”, – saqqal və Salvador Dali sayağı bığ saxlayan Yemelyanov AzadlıqRadiosunun Ermənistan xidmətinə deyib.

“Adam ağıllı və bacarıqlıdırsa, iş tapacaq. Fərqli düşünənlər sadəcə Rusiyadan gedirlər”, – o, sözlərinə əlavə edib.

Baş nazir Nikol Paşinyan hökuməti hazırda Dağlıq Qarabağ münaqişəsilə bağlı müxalifətin etirazları ilə üzləşib. Müxalifət onu münaqişənin həllində Azərbaycana güzəştə hazır olmaqda suçlayır. Ukrayna müharibəsində isə Paşinyan neytral mövqe tutmağa çalışıb. BMT Baş Assambleyasında Rusiyanın işğalını “qəti şəkildə” pisləyən qətnaməyə səs verməyib.

Ermənistanda çoxları rusca danışır, Rusiya ilə vizasız rejimdir, Avrasiya İqtisadi İttifaqı ilə eyni əmək məkanını paylaşır. Qərbin görünməmiş sanksiyalarının təsirilə üzləşmiş rusiyalıların öz şəxsiyyət vəsiqələri ilə Ermənistanda 180 günədək qalmasına icazə verilir.

Rəsmi rəqəmlər

Hökumətin mayın 23-də yaydığı məlumata görə, Ermənistanın informasiya texnologiyaları sektorunda rəsmi qeydiyyatdan keçmiş işçilərin sayı 50 faizədək artıb.

İqtisadiyyat naziri Vahan Kerobyanın açıqladığı datadan görünür ki, yerli proqram şirkətlərinin aprelin sonunda 20 min işçisi olub. Bir il öncə bu say 13 min 500 nəfər idi.

Fevralın 24-dən martın 22-cən 268 Rusiya vətəndaşı Ermənistanda firma qeydiyyatdan keçirib, 938 nəfər isə rəsmi “fərdi sahibkar” status alıb. Həmin müddətdə 27 minədək rusiyalı və digər əcnəbi Ermənistanda bank hesabları açıb.

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin yüksək texnologiyaya çıxışını məhdulaşdırıb, Rusiya şirkətlərinin xaricdə tranzaksiyalarını çətinləşdirib.

Münasibət

Ancaq Yemelyanov kimilər deyirlər ki, Ermənistanı təkcə səyahət və sənədləşmə işlərinin rahatlığına görə seçməyiblər, həm də adamların münasibəti xoşlarına gəlir. Proqramçı qısa müddətə Gürcüstanda qalmaq istəyib. Amma orada ruslara mənfi münasibət hiss etdiyindən Ermənistana gedib. Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarını dəstəkləyir.

Yemelyanov fərdi sahibkar kimi asanlıqla qeydiyyatdan keçir, indi tərəfdaşları ilə ölkənin ikinci böyük şəhəri, həm də Rusiyanın hərbi bazası yerləşən Gümrüdə kovorkinq mərkəzi açmağı planlaşdırır.

“Ofisə təzə mebel alırıq, İnternet, printerlər, surətçıxarma maşınları olacaq, adamlar yaxşı mühitdə işləyə biləcəklər. Gələn həftədən açıq olacaq”, – Yemelyanov deyib.

Proqramçı Rusiya ilə əlaqələrini tamamilə kəsmək istəmir, valideynləri, qohumları, dostları ordadır, amma tezliklə vətəninə qayıtmaq niyyəti də yoxdur.

Sərhəddə dindirmə

Ukrayna doğumlu proqramçı evini satışa çıxarmaq üçün Rusiyaya getməli olub. Qayıdanda sərhəddə onu Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları sorğu-sual ediblər. O, proqramçı olduğunu, Ermənistana işləməyə getdiyini deyib. Deyir, FSB əməkdaşı 20 dəqiqə ona “sarsaq suallar” verib və o özünü yaxşı hiss etməyib.

“Rusiyada azad düşüncəli olmaq dözülməz çətindir. Hakimiyyətin əleyhinə hər hansı ideyaya görə ağır cərimə kəsilə bilər. Maaşını xaricdən alırsansa, xarici casus hesab oluna, məsuliyyətə cəlb edilə bilərsən”, – Yemelyanov deyir.

O, Moskva ilə Kiyevin münaqişəni hərbi deyil, diplomatik yolla həll etməli olduğunu söyləyir.

“Münasibətlər gərginləşib və indi Rusiya və Ukrayna xalqları arasında uçurum yaranıb. Bütün dünya Rusiyanı 1939-cu il Almaniyası kimi təcavüzkar hesab edir. Bundan necə çıxacağımızı bilmirəm”, – Yemelyanov vurğulayır.

XS
SM
MD
LG