Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:02

Neft nə vaxt 160 dollara çata bilər [Qərb mediası]


Neft
Neft

Təhlilçilərin fikrincə, qadağanın dairəsi genişləndrərsə, təchizat şoku 1979-cu il böhranına yaxın olar

Bu gün – martın 9-da neftin barrelinin qiyməti 130 dollara yaxınlaşıb. Bir gün öncə Birləşmiş Ştatların Rusiyadan neft idxalını yasaqlaması təchizatda potensial şokla bağlı əndişələrə yol açıb. Qadağa Rusiyanın Ukraynaya hücumuna görə tətbiq olunur.

Britaniya da Rusiyadan idxalı tədricən kəsəcəyini, Shell şirkəti isə Rusiyadan xam neft alışını dayandıracağını bildirib.

Rusiya neftinin 70 faizi alıcısız qalıb

“Reuters” JP Morgan-ın hesablamasına əsasən Rusiyadan dəniz yoluyla gətirilən neftin 70 faizinin özünə alıcı tapmağa çalışdığını yazır.

“Aydın olan odur ki, indiki böhran yaxın gələcəkdə həll olunmayacaq və nəticədə neftin qiyməti yüksək həddə qalacaq”, – PVM neft brokeri şirkətindən Tamas Varqa deyib.

Bu gün GMT vaxtıyla 9:00-da Brent neftinin barreli $129.66, Qərbi Texas nefti isə $125.30 olub.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan neft bahalanır. Bazar ertəsi Brent nefti 139 dollara yüksəlmişdi.

İran alternativ neft təchizatı mənbəyinə çevrilə bilər, aylardır Qərblə 2015-ci il nüvə sazişinin bərpası üzrə danışıqlar gedir. Həmin saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Amma danışıqlar prosesi Rusiyanın tələblərinə görə çətinləşib. İranın təmsilçisinin bu gün Vyanaya qayıtdığı xəbər verilir.

“Reuters” bazarda neft qıtlığının əlaməti olmadığını da yazır.

Dairə böyüyərsə...

“Financial Times” ABŞ-ın Rusiyadan neft idxalını yasaqlamasının qlobal enerji bazarlarına təsirini araşdırıb.

Təhlilçilərin fikrincə, qadağanın dairəsi genişləndrərsə, təchizat şoku 1979-cu il böhranına yaxın olar.

Ancaq Rusiyanın dünyaya neft ixracı tam qadağan olunmayıb. Rusiyadan enerji təchizatından daha çox asılı olan Avropa İttifaqı (Aİ) hələ bunu etməyib. Embarqonun genişlənməsi üçün ikinci dərəcəli sanksiyalar, Aİ ölkələrinin, hətta Hindistan və Çinin əməkdaşlığı gərəkəcək.

ABŞ dünyada ən böyük neft bazarı hesab olunur, günə 20 milyon barrel neft istehlak edir. 2021-ci ildə ölkə günə 8.5 milyon barrel xam neft və yanacaq idxal edib və bunun 8 faizi Rusiyanın üzərinə düşüb. Qəzet yazır ki, Rusiyadan xam neft idxalının kəsilməsi daha az hiss olunacaq, nəinki vakuum qazoylu kimi neft məhsullarının. ABŞ-da emal zavodları sonuncudan ilkin xammal kimi istifadə edirlər.

“Rusiyadan xam neft idxalı əsasən konyuktura addımı idi. Daha çox təsir ilkin xammal idxalında hiss olunacaq”, – “Energy Aspects”in təhlilçisi Robert Kempbel deyib.

Son illər ABŞ-da yerli neft hasilatı artdığından ölkənin emal zavodlarında “daha ağır” neft emal olunur, əməliyyatların rahat getməsi üçün Rusiyanın neft məhsullarından istifadə edilib.

“Bu həcmlər ABŞ-ın ümumi neft tələbatına nisbətdə kiçikdir, amma təchizatın azalması emal əməliyyatlarını çətinləşdirəcək”, – deyən Kempbel ölkənin benzin bazarında çətinlik yaranacağını əlavə edir.

FT hazırda neft bazarı üçün daha böyük qorxunun eskalasiya sarıdan olduğunu yazır. Rusiya artıq Avropaya təbii qaz təchizatını kəsməklə hədələyib.

Neft 160 dollar ola bilər

“The New York Times” qəzeti Rusiyadan neft idxalına qadağanın ABŞ iqtisadiyyatına təsir göstərəcəyini, qazın bahalanacağını yazır.

Təhlilçilər bu qadağanın iqtisadi fəsadlarının miqyasının onun strukturundan asılı olacağını deyirlər. Məsələn, əgər avropalılar da Rusiyadan neft-qaz idxalını yasaqlayarsa, miqyas böyüyər.

“Capital Economics”in iqtisadçısı Karolina Beyn hələ qadağa elanından öncə yazırdı ki, bir çox ölkələrin oxşar qadağa tətbiqi “qlobal miqyasda enerji təchizatını kəskin azalda və kəsə, yüksək xammal qiymətləri daha da yüksələ bilər”. İqtisadçı bu halda Brent neftinin barelinin 160 dollara qalxacağını proqnozlaşdırıb.

Fransa Prezidenti Emmanuel Makronun ofisi martın 8-də axşam bildirib ki, ölkə addımlarını Avropa İttifaqı ilə koordinasiya etməlidir.

“Birləşmiş Ştatlar Rusiya nefti və qazından asılı deyil, Avropadakı tərəfdaşlar isə asılıdır. Bizim Rusiya neft-qazından asılılıqdan qurtulmaq kimi uzunmüddətli siyasətimiz var, amma yaxın gələcəkdə bunu avropalı tərəfdaşlarımızla müzakirə etməliyik”, – bəyanatda vurğulanır.

Rusiya qazından çox asılı olan İtaliya hökuməti bildirib ki, Aİ Rusiyadan neft-qaz istehlakını kəsmək qərarı verərsə, İtaliya buna qarşı çıxmayacaq.

XS
SM
MD
LG