Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:16

Orta Asiyada parlayan rusiyalı ulduzlar


Tacikistanlı sosial media selebritisi Abdurozik və Alişir Morgenştern
Tacikistanlı sosial media selebritisi Abdurozik və Alişir Morgenştern

Mühacirətdə yaşayan rusiyalı reper Morgenşternin son hiti söyüşlə başlayır. “Qara rusiyalı” adlı videoklip Özbəkistanda çəkilib, rusiyalı musiqiçilərin Orta Asiya ilə əməkdaşlığının son nümunəsidir. AzadlıqRadiosunun müxbiri Kris Riklton (Chris Rickleton) Ukrayna müharibəsinin Moskvada musiqi biznesini məngənəyə salmasından yazır.

Rusiyalı ulduzlarla istənilən formada mədəniyyət mübadiləsi Orta Asiyanın böyük şəhərlərində qaynar məsələyə çevrilib.

Morgenşternin son videosu isə regiondakı istedadlar üçün yaxşı reklam ola bilər.

“Xarici agent”

Əsl adı Alişir Valeyev olan Morgenştern Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada doğulub. O, Rusiyanın ən məşhur artistlərindən olsa da, ölkəsində ona münasibət elə də isti deyil.

Morgenştern 2021-ci ilin sonunda Moskvadan qaçıb. O zaman Kremlin 2-ci Dünya müharibəsinin ildönümünə təmtəraqlı yanaşmasını tənqid etməyə görə az qala ittiham olunacaqdı. Bir il sonra Moskvanın Ukraynaya qarşı səbəbsiz müharibəsinə qarşı mahnı buraxınca qapılar üzünə bağlanıb.

Musiqiçi 2022-ci ilin mayında siyasi fəaliyyətinə görə “xarici agent” kateqoriyasına salınıb.

Morgenştern son bir ildə belə duruma düşən yeganə rusiyalı musiqiçi deyil.
“Qara rusiyalı” klipində çəkilən 21-yaşlı Danya Miloxin Rusiya Ukraynanı işğal etməyə başlayanda ölkədən gedib. Rusiyada böyük izləyici kütləsi olan TikTok şousunun digər üzvləri də onunla birlikdə bu addımı atıb.

Miloxin Qazaxıstanın Almatı şəhərinə yerləşib, bir məktəbdə “Vpusknoy” (Buraxılış gecəsi) adlı klip çəkib.

Ötən həftə Miloxinin sosial mediaya yerləşdirdiyi fotolardan onun bu yaxınlarda Moskvaya qayıtdığı görünür.

Narkotik ittihamı

Ancaq belə bir addım bədəni tatuyla örtülü Morgenştern üçün daha böyük risk olardı. O daha öncə 2-ci Dünya müharibəsinin anım tədbirləri haqda dediklərinə görə üzr istəyib, amma deyəsən, çox gec olub.

İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin deyib ki, bu iş araşdırılır. O, ulduzun sosial mediada narkotik təbliğinə görə istintaqa məruz qala biləcəyini söyləmişdi. Bu təhdid daha sonra rəsmi ittihama çevrilib.

Birləşmiş Ərəb Əmirliklərinə yerləşmiş Morgenştern isə “Evə” adlı videosunda sanki Bastrıkinə cavab verir, ittihamın doğru olmadığını, sosial şəbəkələrdə “yalnız özünü satdığını” deyir.

YouTube-da 26 milyon baxışı olan klipdə Tacikistandan sosial media selebritisi Abdurozik də çəkilib.

Özbəkistanda çəkilmiş “Qara rusiyalı” klipində Qazaxıstanın iki tanınmış aktyoru – Şarip SerikJenis Omarov (Jeka Fetbelli) da yer alıb. Onların sosial mediada milyonlarla izləyiciləri var.

Klipin çəkildiyi məkan da xüsusi maraq doğurur. Günəş Fizikası İnstitutu günəş tədqiqatları obyektidir, sovet dövründə tikilmiş binada 10 mindən çox kiçik güzgü yerləşir. Klipdə bina bayırdan görünmür, çəkiliş içəridə aparılıb.

Orta Asiyada təxirə salınan konsertlər

Ukraynadakı müharibənin tərəfdarı və əleyhdarı olan rusiyalı müğənnilərin konsertləri son vaxtlar Orta Asiyada təxirə salınır. Elə Morgenştern də istisna deyil.

Onun bu yay Qırğızıstanın paytaxtı Bişkekdə konserti məqsədəuyğun sayılmayıb, “çünki Rusiyada Morgenşternə qarşı cinayət işi var”, – Qırğızıstanın mədəniyyət naziri Altınbek Maksutov deyib.

Eyni vaxtda 60-yaşlı Qriqori Lepsin Qazaxəstanın Qonayev kurort şəhərində konserti ifaçının müharibəyə dəstəyi səbəbindən təxirə salınıb.

Di gəl, Morgenşternin son videosu Özbəkistanda heç müzakirə yaratmayıb. Populyar bloger Nikita Makarenko yazır ki, “Gazeta.uz” özəl xəbər vebsaytında bu haqda məqalə “heç marağa” səbəb olmayıb.

“Heç bir reaksiya olmadı. Blogerlər heç nə yazmadı. Mən də bir növ neytralam. O və fəaliyyəti məni maraqlandırmır”, – Makarenko qeyd edib.

XS
SM
MD
LG