Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:51

Rusiyalılar hansı ölkələrə qaçır


Rusiyada müharibəyə qarşı aksiya
Rusiyada müharibəyə qarşı aksiya

Hazırda yeni rusiyalı mühacirlərin dəqiq sayı bəlli olmasa da, bəzi hesablamalara görə, martın 12-dək 200 mindən çox insan ölkəni tərk edib

Son günlər onminlərlə rusiyalı ölkəsini tərk edib. Moskvanın Ukraynaya müharibəsinin fəsadlarından ehtiyatlanan insanlar əsasən keçmiş sovet ölkələrinə, Orta Asiyaya üz tuturlar. Bunun bir səbəbi də Qərbin viza qadağaları ilə üzləşməlidirlər.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Firəngiz Nəcibulla gedənlərin orta sinifi təmsil etdiyini yazır. Onlar müharibənin iqtisadi və siyasi nəticələrindən, kişilərin Ukraynaya müharibəyə göndərilə biləcəyindən qorxurlar.

Postsovet ölkələri və...

Bir çox Qərb ölkələri Rusiya şirkətlərinə qadağa qoyduğundan minlərlə beynəlxalq uçuş təxirə salınıb. Beləliklə, rusiyalıların seçimi də böyük deyil.

“Daşkəndə bilet aldıq, çünki ağlabatan qiymətə dərhal almaq mümkün idi”, – martın 3-də əri və üç uşağıyla Özbəkistana qaçmış Marina danışır.

Rusiyalılar onlardan viza tələb olunmayan post-sovet ölkələrinə – Ermənistana, Gürcüstana və Qırğızıstana üz tuturlar.

Əsas seçim birbaşa uçuşlar, vizasız rejim təklif edən Türkiyədir. Bu ölkədə rusdilli icma da böyükdür. Daha imkanlılarsa Birləşmiş Ərəb Əmirliklərinə gedirlər.

Sürətlə verilən qərarlar

Yeni mühacirlərin çoxu AzadlıqRadiosu-na bir neçə günə, bəzən də bir neçə saata belə bir “həyatı dəyişən qərar” verdiklərini, ölkədən çıxdıqlarını danışıblar.

Rusiyada mağazaların bağlanması, şirkətlərin ixtisarlar aparması, mağaza rəflərinin boşalması vəziyyətin getdikcə pisləşəcəyi fikri yaradıb, “daha yaxşı, yaxud daha asan olmayacaq”, Marina deyir.

Martın əvvəlində Prezident Vladimir Putinin hərbi vəziyyət elan edəcəyi haqda şayiələr panikanı artırıb. Hərbi vəziyyət kişilər üçün hərbi səfərbərlik, sərhədlərin bağlanması, gündəlik həyat və fəaliyyətə müxtəlif qadağalar deməkdir.

“Sərhədlərin ertəsi gün bağlanacağından qorxurduq. Ona görə də hər şeyimizi – maşınlarımızı və mənzilimizi qoyub təyyarəyə mindik”, – Marina vurğulayıb.

Rusiyadan, Ukraynadan dönənlər Azərbaycanda iş tapırmı
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Etiraz aksiyasından sonra...

Rusiya vətəndaşı Yuliya Qırğızıstana qaçıb.

“Hətta diş fırçası və sabun kimi vacib şeyləri götürməyi belə unutduq. Çünki çox tələsirdik”, – o deyib. Yuliya hazırda qızıyla Oş şəhərində oteldə qalır. Onlar Oşda digər rusiyalıların da olduğunu, növbəti addımlarını götür-qoy etdiklərini söyləyib.

Yakov isə müharibəyə qarşı etirazlarda iştirak edəndən sonra Rusiyadan gedib. O, Rusiyada polisin saxladığı minlərlə etirazçıdan biridir. 10 min rubl ($105) cərimələnərək buraxılıb.

Yakov Rusiyanın indiki hökumətinin idarəçiliyi altında yaşamaq istəmədiyini deyib. “Müharibə başlayandan qanunlar getdikcə sərtləşir”, – o söyləyir.

Martın 4-də qəbul edilmiş qanuna görə, Rusiya ordusu barədə “saxta xəbər” yayanları 15 ilədək həbs cəzası gözləyir.

Yakov özünü siyasi fəal adlandırır, amma siyasətlə maraqlanmayan minlərlə sıravi rusiyalı da Rusiyadan gedir.

Dəmir pərdə qorxusu

Rusiya fevralın 24-də Ukraynaya səbəbsiz müharibəyə başlayandan sonra Qərbin yeni sanksiyaları səyahət qadağalarına, Qərb şirkətlərinin Rusiyadan getməsinə, böyük kredit kartlarının bağlanmasna səbəb olub.

Rubl dərhal dəyər itirib, qərb mağazaları qapadıldığından onminlərlə insan bir gecənin içində işsiz qalıb.

40 yaşlı biznesmen Aleksey Medvedev yeni dəmir pərdənin bu tərəfində qala biləcəyi qorxusundan getməyə qərar verib. O, həyat yoldaşı və üç azyaşlı övladı ilə Türkiyəyə qaçıb.

“Təkcə uşaqlarıma görə deyil, həm də özümüzə görə çıxdım, istədiyimi edə bilmək üçün azad olmaq istəyirəm. Həm də bu mənasız müharibədə ölmək istəmirəm”, – o, radioya deyib.

5 dəfə bahalanan biletlər

Hazırda yeni rusiyalı mühacirlərin dəqiq sayı bəlli olmasa da, bəzi hesablamalara görə, martın 12-dək 200 mindən çox insan ölkəni tərk edib.

Martın əvvəlində “Kommersant” qəzeti “Pososhok” yerli səyahət agentliyinə istinadla bəzi ölkələrə birtərəfli biletlərin xeyli bahalandığını yazırdı.

Məsələn, Dubaya birtərəfli biletin qiyməti 40 min rubldan ($360) 200 min rubla ($1,800) qalxmışdı.

İstanbula biletin beş dəfə bahalandığı deyilirdi.

Dilemma

Əri və uşağıyla Türkiyəyə getmiş Yelena Xanpira deyir ki, bir neçə ay orada qalacaq, iş axtaracaq. Cütlük hələlik, Türkiyədə qalmaq, yaxud üçüncü ölkəyə getmək qərarı verməyiblər.

Daşkəndə qaçmış Marina və əri də eyni dilemma qarşısındadır. Gənc valideynlər böyük övladlarının gələn il Daşkənddə məktəbə gedəcəyini istisna etmirlər. İndilik isə variantları açıq saxlayıblar.

“Bir şeydən əminik ki, Putin hakimiyyətdən getməyincə Rusiyaya qayıdan deyilik. O, ölkəmizi dağıdır. Düzgün qərar verib getdik”, – Marina söyləyir.

XS
SM
MD
LG