Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) hesabatında Rusiya hakimiyyətinin onminlərlə ukraynalı ilə pis rəftar iddidlarından “dərin narahatlıq” keçirdiyini bildirib. Həmin ukraynalıların ölkələrindən məcburi deportasiya edilərək “filtrasiya mərkəzləri”nə göndərildikləri bildirilir.
“Adamların belə mərkəzlərdə ağır dindirmələrə məruz qaldığı, bədənlərinin alçaldıcı tərzdə axtarılması haqda məlumatlar var”, – AFP-nin gördüyü 115 səhifəlik hesabatda deyilir.
Hesabatda belə mərkəzlərin yaradılması “narahatedici” tendensiya hesab olunur.
Həbs edir, hətta öldürürlər
Qurum qeyd edir ki, Ukrayna hakimiyyəti ilə əməkdaşlıq etdiyi üzə çıxanlar “sadəcə yox olurlar”, bəzilərinin Rusiyanın nəzarətində olan ərazilərə aparıldığı iddia olunur. Onları orada ya həbs edir, ya da hətta öldürürlər.
“Öldürülmüş dinc sakinlərin meyitlərindəki işgəncə və pis rəftar izləri də humanizm prinsipinə ziddir”, – hesabatda vurğulanır.
Hesabat ATƏT-in üç ekspertinin əldə etdiyi informasiya əsasında hazırlanıb. Ekspertlər Ukraynadakı müharibəni aprelin 1-dən iyunun 25-cən izləyiblər.
Vaşinqtondakı Rusiya səfirliyi “rusofobiya”nı qızışdırmaq cəhdi, “aşağı keyfiyyətli Qərb dezinformasiyası” adlandırıb.
“Vaşinqtonun Rusiya Federasiyası silahlı qüvvələrini qaralamaq cəhdləri açıq-aşkar xüsusi hərbi əməliyyatın uğurundan qeyri-məmnunluqla bağlıdır”, – səfirlik onlayn postunda yazıb.
Moskva Ukraynaya qarşı fevralın 24-də başlatdığı işğala “xüsusi hərbi əməliyyat” deyir.
Blinkenin bəyanatı
Rusiyanın işğalını fevralın 24-dən aprelin 1-cən izləmiş ATƏT missiyası isə “beynəlxalq humanitar hüququn aşkar pozuntularını” üzə çıxarmışdı.
Human Rights Watch (HRW) insan haqları təşkilatı da məlumatlardan narahatlığını bildirib. Qurum bildirib ki, Rusiya qanunsuz saxlanmış, yaxud deportasiya olunmuş ukraynalıların yerini dərhal açıqlamalı, onları azad etməlidir.
İyulun 13-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiyanı nəzarətində olan şərq və cənub vilayətlərdən yüzminlərlə ukraynalını Rusiyaya məcburi deportasiya etməkdə suçlayıb. O, 900 mindən 1.6 milyonadək ukraynalının, o cümlədən 260 min uşağın dindirildiyini, saxlandığını, Rusiyaya deportasiya olunduğunu deyib.
Blinken Rusiyanı Cenevrə Konvensiyasını pozan bu əməliyyatları dayandırmağa çağırıb.