Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:42

Araşdırma: Rusiyaya nağd dollar daşıyan azərbaycanlı iş adamları Putinlə bağlıdırlar


Reuters agentliyinin gömrük məlumatlarına istinad edən xəbərlərində deyilirdi ki, Ukraynaya tammiqyaslı müdaxiləsinə görə Moskva üzərində qoyulmuş sanksiyalara baxmayaraq müharibə başlanandan bəri Rusiyaya 2.3 milyard dollar və avro gətirilib.

Rusiyaya nağd pul, sanksiyalara görə bank köçürmələrinin qeyri-müəyyənliyi ilə üzləşməmək üçün lazımdır.

Sistema araşdırma layihəsi aşkar edib ki, bu pulların böyük bir hissəsi – 1.5 milyard dolları eyni bir şirkət tərəfindən bəyan edilib.

Təhqiqatçı jurnalistlər yazırlar ki, əgər sözü gedən pullar 100 dollarlıq əskinaslarla daşınıbsa, ümumi çəkisi 16 ton olmalı idi. Bu, təxminən KamAZ maşının yüklüyünə sığacaq qədər puldur.

Sözü gedən pulları o qədər də tanınmayan Aero-treyd firmasının bəyan etdiyi müəyyənləşdirilib. Bu şirkətin Rusiya prezidenti Vladimir Putinin dostları ilə - onunla eyni kursda təhsil almış İlham Rəhimov və iş adamı Arkadi Rotenberqlə bağlı olduqları bildirilir.

Bu da qeyd olunur ki, Aero-treyd Moskvanın Vnukovo hava limanı da daxil, Rusiyanın beş şəhərindəki aeroportların “duty-free” mağazalar şəbəkəsini idarə edir.

Təhqiqatçılar bildirirlər ki, Aero-treyd bisnesmen Andrey Martınyukun ailəsinə məxsusdur və onun özü Aero-treyd şirkəti direktorlar şurasının sədridir.

Nağd valyuta daşıdıqlarını danırlar

Sistema layihəsinin gömrük statistikası ilə tanış mənbəyi bildirib ki, Aero-treyd müharibədən əvvəlki illərdə də valyuta daşıyıb, amma o vaxt məbləğlər elə də əhəmiyyətli olmayıb.

Reuters agentliyi yazır ki, 2022-ci ilin martından 2023-cü ilin dekabrınadək şirkət hər dəfə 20 milyon dollar olmaqla 73 tranş bəyan edib. Buna baxmayaraq şirkət Reuters agentliyinə Rusiyaya valyuta gətirilməsi ilə məşğul olmadığını bildirib.

Bu da məlum olub ki, 2017-2020-ci illərdə Aero-treyd şirkətinə nəzarət Martınyuk ailəsindən azərbaycanlı Yaşar Nəbiyevə keçib.

Getcontact telefon nömrələri sistemində Nəbiyevin adı – “Yaşar Araz Mehdiyev” kimi qeyd olunub.

Sistema güman edir ki, tətbiqin istifadəçiləri bu adla Nəbiyevlə əlaqələri olan azərbaycanlı biznesmen Araz Mehdiyevi nəzərdə tutublar. Onların hər ikisi daha bir biznesmen - Seymur Aslanovla birlikdə rüsumsuz ticarət sahəsində fəaliyyət göstəriblər.

“Rüsumsuz ticarətin sultanı”

Sistema təhqiqatçıları yazırlar ki, Araz Mehdiyevi Moskva aeroportlarında rüsumsuz ticarətin “sultanı” hesab etmək olar.

Qeyd olunur ki, o Moskvanın Şeremetyevo və Domodedovo aerportlarındakı ən böyük duty-free operatorlarının şərikidir. Mehdiyevin Aslanov vasitəsilə Vnukovodakı mağazaları idarə edən İsveçrə firması Avolta ilə də əlaqələri var.

Təhqiqat nəticələrində deyilir ki, Aero-treyd və Mehdiyevi yalnız “köməkçi” Nəbiyev bağlamır.

İddia olunur ki, şirkət Domodedovo hava limanında Mehdiyevə məxsus duty-free operatorundan “hansısa” avadanlıq alıb.

Reuters agentliyinin məlumatına görə Aero-treydin gətirdiyi valyutanın gömrük sənədləşdirilməsi məhz Domodedovo hava limanında həyata keçirilib.

Təhqiqatçılar bildirirlər ki, Mehdiyev adi biznesmen deyil. O Leninqrad Universitetinin hüquq fakültəsində Vladimir Putinin tələbəlik yoldaşı olmuş İlham Rəhimovun kürəkənidir.

Rəhimov bildirirdi ki, 2018-ci ildə “bütün işlərinin idarə olunmasını” Mehdiyevə verib.

O Putini “sadəcə olaraq əla dost” və “qonaq qəbul edən xeyirxah sahib” adlandırırdı.

ABŞ və Avropa İttifaqı bu “dəliyi” bağlayandan sonra

Araz Mehdiyev habelə uşaqlıqda Putinlə birlikdə cüdo dərnəyində məşğul olmuş Arkadi Rotenberqlə əlaqəlidir.

Mehdiyev Şeremetyevodakı mağazaların daxil olduğu “Imperial Duty Free” şirkətinin şəriki və direktorlar şurasının üzvü kimi təqdim olunur. “Imperial Duty Free” şirkətinin digər bir şəriki isə məhz Rotenberqdir. Şeremetyevonun qismən onun mülkiyyətində olduğu deyilir.

Şərhçilər bildirirlər ki, xarici ödənişlərin banklarda ilişib qalmaması üçün Rusiya biznesi nəqd hesablaşmalara keçməyə çalışır.

ABŞ və Avropa İttifaqı sanksiyalardakı bu “dəliyi” bağlamaq üçün Rusiyaya öz valyutalarının gətirilməsini qadağan ediblər.

Gömrük sənədləri bundan sonra Rusiyaya gətirilən dollar və avronun məbləğində əhəmiyyətli azalma baş verdiyini göstərir.

XS
SM
MD
LG