Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:56

'Russkiy buker' niyə sponsor tapa bilmir


Kitablar
Kitablar

Rusiyanın ən qədim ədəbiyyat mükafatı olan «Russkiy buker» özünə sponsor tapa bilməyib.

«Russkiy Buker» Komitəsi 16 il ərzində hər il dekabrın əvvəli təqdimat mərasimi keçirib. Ötən ilin yazında isə mükafatın təmsilçiləri maliyyələşmə problemləri səbəbindən fasilə verməli olduqlarını bildiriblər. Problemin noyabrın sonu, yaxud dekabrın əvvəlinədək həll olunacağı vəd edilib. Ancaq sponsor tapılmayıb. «Russkiy Buker»in ədəbi katibi, professor İqor Şaytanov «Novaya qazeta»ya müsahibəsində mükafatın bağlanması prosesindən danışıb. O, bu haqda son bəyanatın Yeni il bayramlarından sonra veriləcəyini bildirib.

«Bunları yenidən işə salmaq qeyri-mümkündür»

«Bilirsiniz ki, ümid sonda ölür. Mən adamlara zəng vurmaqda davam edirəm, görüşürük, ancaq hələlik konkret heç nə yoxdur. Bir sözlə, tezliklə «Buker»in saytında belə bir məlumat dərc ediləcək: əgər sponsor tapmasaq, 2019-cu ilin əvvəlində təkcə mükafatın deyil, həm də ümumilikdə «Russkiy Buker» Fondunun bağlanması ilə bağlı geriyədönməz proses gözlənilir. Fondla birlikdə mükafat, onun strukturu da öz mövcudluğunu dayandıracaq. Yerləşdiyimiz məkandan imtina edəcəyik, əlimizdə olan hər şeyi arxivə verəcəyik. «Russkiy Buker» mükafatını yenidən yaratmaq üçün Britaniyanın «Booker» şirkətinə müraciət etmək lazım olacaq. Bütün bunları yenidən işə salmaq, demək olar, qeyri-mümkündür. Xüsusən də bizim İngiltərə ilə indiki münasibətlərimizi nəzərə alsaq», – İ.Şaytanov deyib.

««Russkiy Buker» kifayət qədər bahalı oyuncaqdır, bu, kimisə narahat edir. Bizə onu ucuzlaşdırmağı təklif edirlər. Ancaq ingilislər «Booker» formatını belə yaradıblar: beşulduzlu oteldə 200-nəfərlik final naharı böyük məbləğ tələb edir. Biz təkcə «Buker» mükafatçısına pul ödəmirik. Eyni zamanda, finalçılar, münsiflər heyətinin üzvləri, sədri də pul alır. Üstəlik, mühasibimiz və inzibatçımız da olmalıdır. Son illərdə buna riderlər də əlavə olunub. Bütün bunlar məsrəfli işlərdir, ancaq ədəbi mühit bu hadisələrə dəyər verir, onların sayı o qədər də çox qalmayıb. «Buker» görüşləri insanlara ədəbiyyat haqda söhbət etmək imkanı verir, bu isə çox vacibdir», - deyə İ.Şaytanov sözlərinə əlavə edir.

«Zövqlər oturuşmayıb»

«Russkiy Buker» 1917-ci ildən bəri Rusiyada yaranmış, beynəlxalq nüfuzlu, diqqət cəlb edən ilk müstəqil mükafatdır. Onu 1991-ci ildə, bütün ədəbiyyatın öz əvvəlki formasında yoxa çıxdığı, yenisininsə hələ yaranmadığı dövrdə ingilislər …yaradıblar. Belə bir təhlükə vardı ki, yazıçıya dərc olunmaq, oxucuya isə oxumaq çətin olacaq. «Buker» mükafatı kitab bazarının yeni məkanında rus ədəbiyyatını oxucunun gözünün qabağında saxlayan mexanizmə çevrilmişdi.

««Buker» gedirsə, yerində bir zamanlar cəlbedici olan, ədəbi mühiti dəstəkləyən, ədəbiyyat haqda danışmağa dəvət edən, ədəbiyyatda istiqamət tapmaq imkanı verən, doldurulması mümkün olmayan məkan qalır», – İ.Şaytanov vurğulayır.

«Hazırda ümumilikdə ədəbiyyata münasibət dəyişir. Hər kəs ifrat qeyri-müəyyənlik vəziyyətindədir. Zövqlər oturuşmayıb, …kütləvi janrlar ciddi ədəbiyyata çox təzyiq edir. Mən uğurun təsadüfi olmadığına inanıram. Hərçənd, anlamadığım uğur da olur (Mənim üçün bu, mədəniyyət məkanında çalışan, ancaq kompüter virusu kimi bu məkanı dağıdan Viktor Pelevindir. Mənsə bu məkanı sevdiyimə görə bizim yollarımız ayrıdır).

Anlayıram ki, hazırda parlaq ədəbi hadisələr mövcud deyil. Bu gün üçün sonuncu «Buker» mükafatını rəssam Aleksandra Nokolayenkoya təqdim ediblər. Heyrətə gəlmişdim, o romandan («Bobrıkini öldürmək») ayrıla bilmirdim. Çox yaxşı düşünülmüş, …gərgin romandır.

Bu gün ədəbi tədbirlərə …çox adam toplaşmır. Ancaq düşünürəm ki, ədəbiyyatın hələ öz zirvələri olacaq və «Buker» də bunun içində olacaq», – İ.Şaytanov deyib.

XS
SM
MD
LG