Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:34

Rüşvətə görə həbs olunan icra nümayəndəsi məhkəmə zalından buraxıldı


Həbs
Həbs

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə keçmiş icra nümayəndəsi Ağaqədir Osmanov dələduzluq, rüşvət, vəzifə saxtakarlığı kimi ittihamlarla xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ittiham olunurdu. O, martın 7-də azadlığa buraxılıb.

Məhkəmə onu təqsirli bilərək, 5 il cəza kəsib. Amma zərərçəkənlərlə barışmasını, ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alıb, 66 yaşlı A.Osmanova münasibətdə CM-in 70-ci maddəsini tətbiq edib. Keçmiş məmurun cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa çıxıb.

Şəhriyar qəsəbəsindən əvvəl başqa kənd və qəsəbələr üzrə də icra nümayəndəsi işləmiş A.Osmanov torpaq sahəsi satmaq adıyla adamları aldadıb pullarını ələ keçirməkdə suçlanırdı.

Amma o, özünü təqsirli bilmir. Deyir ki, nə saxtakarlıq edib, nə də dələduzluq. O, həbsinə görə Məlikcan adlı həmyerlisini, bir də prokurorluğu günahkar bilir: «Məlikcanın mənə qarşı prinsipi var idi. Həmin adam bir neçə il əvvəl Şamaxıda təxribatla bağlı çıxış edirdi. Mən də onun başını yarmışdım. Hələ 2013-cü ildə də təxribatlarla məşğul olurdu. Bu barədə dövlət orqanlarına da məlumat vermişdim. Sonra Məlikcan mənə qarşı bu işə əl atıb, həbs etdirdi. Bu, onun əlilə prokurorluğun əməkdaşı Tural Kərimovun düzüb-qoşduğu saxta ittihamdır. Üzümə saxta şahid və zərərçəkənləri qoyublar. Həmin şəxs hazırda prokurorluq orqanlarından uzaqlaşdırılıb. Məlikcan da ölkədən qaçıb, deyilənə görə, Qazaxıstandadır».

Adıçəkilən şəxslərin söylənən ittihama münasibəti bəlli deyil.

XS
SM
MD
LG