«Hələlik bu fərmandan başa düşülən budur ki, Səhiyyə Nazirliyinin funksiyaları Tibbi İcbari Sığorta Agentliyi ilə yeni yaradılması nəzərdə tutulan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs arasında bölüşdürülür».
Ekspert Azad İsazadə bunu TƏBİB publik hüquqi şəxsin yaradılması barədə dünən, dekabrın 20-də prezidentin verdiyi fərmanı dəyərləndirərkən deyib.
A.İsazadə hesab edir ki, əgər Səhiyyə Nazirliyinin bəzi səlahiyyətləri və onun tabeçiliyində olan bir sıra müəssisələr bu quruma verilirsə, onların gələcək statusu dəqiq göstərilməlidir: «Görünür, burada mətləbin tam aydın olması üçün hələ bir neçə rəsmi sənəd də veriləcək. Həmin mərhələdə bu qurumla bağlı bəzi cəhətlər aydın olacaq».
A.İsazadə vurğulayıb ki, yeni yaradılan qurum müəyyən mənada ASAN-Xidmət modelini xatırladır: «Belə ki, ASAN-Xidmət də hansısa rəsmi qurumların fəaliyyətini təkrarladı, amma müsbət və keyfiyyətli mənada».
A.İsazadə fərmanın mühüm bir məqam daşıdığını da düşünür.
«Bu, əslində həm də tibbi xidmətin pullu olmasının relslər üstünə qoyulması və ya bununla bağlı hüquqi əsasların yaradılması deməkdir. Başlıca məqsədlərdən biri də, bəlkə də elə birincisi budur», - deyə o vurğulayıb.
Xatırlatma
Dekabrın 20-də prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman verib. Sənəddə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratmaq tapşırılır.
Fərmanın ikinci bəndinə əsasən isə, Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilir. Amma bəzi müəssisələr istisna təşkil edir.
Fərmanın 2-ci hissəsinə uyğun olaraq, TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirməlidir.