Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:05

Saakashvili Ukrayna baş nazirinin müavini olmaq təklifini qəbul etdi


Mikheil Saakashvili
Mikheil Saakashvili

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili baş nazirin islahatlar üzrə müavini olmaq barədə Ukrayna prezidenti Volodymyr Zelenskiy-nin təklifini qəbul edib.

Bu barədə məlumatı siyasətçinin özü “Xalqın xidmətçisi” partiyasının Ukrayna parlamentindəki fraksiyası ilə görüşdən əvvəl verib.

Saakashvili-nin sözlərinə görə baş nazirin müavini kimi o həmçinin Beynəlxalq Valyuta Fondu ilə əlaqələrə cavabdeh olacaq.

Keçmiş Gürcüstan prezidenti deyib ki, o hazırkı dərin iqtiasadi böhran şəraitində hökumətin işini gücləndirməyə çalışacaq:

"Ukrayna iqtisadiyyatını xilas etmək və hər bir ukrayn ailəsinə dəyən zərbəni zəiflətmək üçün bizə çox qeyri-adi addımların atılması lazımdır”.

Saakashvili jurnalistlərə deyib ki, o Radaya təxirəsalınmaz dəyişikliklər barədə proqramını təqdim etməlidir.

Mikheil Saakashvili-nin baş nazirin müavini vəzifəsinə namizədliyi ölkə parlamenti – Verxovna Radada səsə qoyulmalıdır.

“Xalqın xidmətçisi” partiyasının nümayəndəsi bildirib ki, bu barədə fraksiyada hələlik yekdil mövqeyoxdur. Bu da bildirilir ki, səsvermə bu ayın sonuna kimi keçirilə bilər.

Bu arada media xəbərlərində deyilir ki, Gürcüstan Ukraynadakı səfiri Teymuraz Sharashenidze-ni geri çağırıb.

Tbilisinin demarşı

Diplomat bildirib ki, Tbilisi Saakashvili-nin Ukrayna baş nazirinin müavini təyin edilməsini Kiyevin “qeyri-dost” addımı kimi qiymətləndirə bilər.

Saakashvili 2008-2013-cü illərdə Gürcüstan prezidenti olub. Lakin orada hakimiyyət dəyişikliyindən sonra ona qarşı bir neçə cinayət işi qaldırılıb.

Saakashvili bir neçə ittiham üzrə təqsirli bilinərək qiybai qaydada azadlıqdan məhrum edilib.

2015-ci ilin mayında Ukraynanın ovaxtkı prezidenti Petro Poroshenko Mikheil Saakashvili-ni Odessa vilayətinin qubernatoru təyin etmiş və ona Ukrayna vətəndaşlığı vermişdi.

Lakin o müəyyən fikir ixtilafı ilə bağlı 2017-ci ildə hər iki qərarını ləğv etmişdi.

Həmin ilin sentyabrında Saakashvili öz tərəfdarlarının köməyi ilə Ukrayna ərazisinə qayıtmış və Poroshenko-nun istefasını tələb etmişdi.

Saakashvili ona Ukraynaya gəlməsinin qadağan edilməsini və vətəndaşlığının ləğv olunmasını qanunsuz adlandırırdı.

Bundan sonra Saakashvili Ukrayna hüquq-mühafizə orqanları tərəfindən ölkədən çıxarılmış və Avropaya mühacirət etmişdi.

Volodymyr Zelenskiy 2019-cu ilin mayında Saakashvili-nin vətəndaşlığını bərpa edib.

XS
SM
MD
LG