Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:05

Məhkəmə Saakaşviliyə ‘kommendant saatı’ qoydu (VIDEO)


Saakaşvili yanvarın 22-də keçirilmiş dinləmədə
Saakaşvili yanvarın 22-də keçirilmiş dinləmədə

Kiyev məhkəməsi müxalifətçi Mixeil Saakaşviliyə “kommendant saatı” təyin edərək onun barəsində hər gün axşam saat 22-dən səhər saat 7-dək ev məhbusluğu qərarı çıxarıb.

Xəbər verilir ki, Saakaşvilinin məhkəmə zalında olan tərəfdarları hökmün oxunmasına “Ar olsun! Ar olsun!” şüarları ilə mane olmağa çalışıblar.

Saakaşvilinin özü isə barmağını hakimlərə tuşlayaraq “Bu məhkəmə deyil! Bunlar korrupsiyalı heyvanlardır!” deyib.

O bildirib ki, bu hökmlə hakimiyyət onun siyasi fəaliyyətini cilovlamağa, yürüşlər və etirazlar keçirməsinə mane olmağa çalışır.

Kiyev Şəhər Apellyasiya Məhkəməsi bu hökmü yanvarın 26-da baş prokurorun Peçora rayon məhkəməsinin qərarından şikayəti əsasında verib. Rayon məhkəməsi dekabrda keçmiş Gürcüstan prezidenti və keçmiş Odessa qubernatoru Saakaşvilini ev məhbusluğundan azad etmişdi.

Ukrayna hakimiyyət orqanları Saakaşvilini ölkədən 2014-cü ildə qaçaq düşmüş keçmiş prezident Viktor Yanukoviçin “kriminal dəstəsi” ilə əlaqədə olmaqda ittiham edirlər.

Hökumət habelə iddia edir ki, Saakaşvilinin təşkil etdiyi etiraz aksiyaları Moskvanın Kiyevə qarşı qəsdinin bir hissəsidir.

Saakaşvili bu ittihamları qətiyyətlə rədd edir.

Saakaşvili 2015-ci ildə Ukraynanın Qara dəniz şəhəri Odessanın meri təyin edilsə də, bu vəzifədən bir il sonra istefa verib və hakimiyyəti onun islahatlarına mane olmaqda ittiham edib. O vaxtdan bəri Saakaşvili keçmiş universitet yoldaşı Poroşenkonun qatı tənqidçisidir.

Dekabrın 5-də polis Saakaşvilini həbs etməyə cəhd göstərsə də, onun tərəfdarları buna imkan verməyiblər.

Saakaşvili bundan üç gün sonra, dekabrın 8-də təkrar saxlanıb. Prokurorlar ona ev məhbusluğu hökmünün çıxarılmasını istəyirdilər. Amma məhkəmə dekabrın 11-də bu tələbi rədd etmişdi.

XS
SM
MD
LG