Gürcüstanın hazırda həbsxanada olan keçmiş prezidenti Mixeil Saakaşvilinin yüzlərlə tərəfdarı noyabrın 12-də yenidən paytaxt Tbilisidə mitinqə toplanıb.
Onlar keçmiş prezidentin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsini tələb edirlər.
Oktyabrın 1-dən aclıq aksiyası keçirən Saakaşvili sağlıq durumu ilə bağlı Tbilisidəki məhkumlar və müttəhimlər klinikasına gətirilib.
Saakaşvilinin təsisçisi olduğu müxalif Vahid Milli Hərəkat partiyasının təşkil etdiyi iki qrup Tbilisinin iki müxtəlif metro stansiyasından Səhiyyə və Ədliyyə nazirliklərinə tərəf yürüş edib.
Yürüşçülər “Mişanı azad et” və “Mişa-Gürcüstan” şüarlarını səsləndirirdilər.
Sözü gedən nazirliklərin ətrafına böyük sayda polis və təhlükəsizlik qüvvələri yeridilib.
Hökumət Saakaşvilinin aclığı dayandırmaq şərtini rədd edir
Noyabrın 11-də verilən xəbərdə deyilirdi ki, Tbilisidə müttəhimlər və məhkumlar üçün xəstəxanada saxlanan keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili Avropa İnsan Hüquqları Məhkəməsinin çağırışına cavab olaraq aclıq aksiyasını bir şərtlə dayandırmağa hazır olduğunu bəyan edib.
Saakaşvili şərt olaraq mülki və ya özəl klinikalardan birinə köçürülməsini tələb edir.
Vəkili noyabrın 11-də Saakaşvilinin bu barədə məktubunu oxuyub:
"Mənim aclıq aksiyam artıq Rusiyanın və indiki hökumətin mənə qarşı silahına çevrilir. Ona görə də mən çağırışlara cavab olaraq aclığı dayandırmaq qərarına gəlmişəm”.
Lakin onun bu müraciətindən dərhal sonra Gürcüstanın ədliyyə naziri bəyan edib ki, Saakaşvili mülki xəstəxanaya köçürülməyəcək, aclığı dayandırdıqdan sonra isə Rustavi həbsxanasına qaytarılacaq.
Avropa İnsan Hüquqları Məhkəməsi Saakaşvilinin ricasını rədd edib, amma...
Bundan əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsxana xəstəxanasından özəl klinikaya köçürlməsinə dair ricasını rədd edib.
Məhkəmə habelə Saakaşvilini oktyabrın 1-dən elan etdiyi aclıq aksiyasını dayandırmağa çağırıb.
Bununla belə keçmiş prezidentin vəkili Nika Qvaramiya deyib ki, AİHM Gürcüstan rəhbərliyindən Saakaşvilinin səhhəti və ona edilmiş bütün tibbi müdaxilələr barədə tam məlumat tələb edib.
Saakaşvilinin xəstəxanaya köçürülməsinin videosu yayılıb
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsxana klinikasına köçürülməsinin videogörüntüsü yayılıb. Videonu Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti yayıb.
“Novosti Qruziya” yazır ki, kadrlar “artan ictimai maraqdan çıxış edərək” ictimailəşdirilib.
Xidmət qeyd edir ki, köçürülmə və palataya yerləşdirilmə vaxtı Saakaşvili “əməkdaşları fiziki təhqir edib, tibbi texnikaya ziyan vurub” və bununla əlaqədar nazirliyin baş müfəttişliyi təhqiqat aparır.
Saçından sürüyüblər
Saakaşvili klinikaya noyabrın 8-də köçürülüb. Özünün dediyinə görə, ona Rustavidə oktyabrın 1-dən saxlandığı 12 saylı həbsxanadan mülki klinikaya köçürüləcəyi deyilib. Ancaq Qldani həbsxanasının klinikasına aparıldığını anlayanda maşından çıxmaqdan imtina edib. Bundan sonra onu “yerə yıxaraq, saçından sürüyüblər, iki dəfə boynundan vurublar”.
Saakaşvili uzun mühacirətdən sonra oktyabrın 1-də vətənə qayıdarkən həbs olunub. O elə həmin gündən aclıq aksiyasına başladığını bəyan edib. Amma bir neçə gün öncə Penitensiar Xidmətin çəkdiyi videoda Saakaşvilinin həbsxananın tibb hissəsində yediyi görünür. Saakaşvili elə həmin gün etiraz olaraq vitamınlərdən və şirədən imtina etdiyini bildirib.
Dünən – noyabrın 10-da Saakaşvilinin məhkəməsinə gəlmiş tərəfdarları ilə polis toqquşub, saxlananlar olub.