Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Sabiq deputatın oğluna qarşı 1 milyonluq ittiham


Pul
Pul

Kompüter avadanlıqlarının satışını həyata keçirən «Happy Baku» MMC-nin rəhbəri Elvin Məmmədov 1 milyon manatlıq mənimsəmə və dələduzluqda suçlanaraq həbs olunub. İddia olunur ki, bu məbləğin 758 min manatını o, keçmiş iş yerində rəhbərlikdən gizlədərək mənimsəyib. Qalan hissəni isə birgə iş görmək adıyla tanışı Cavid Əsədovdan alıb, onu aldadıb.

E.Məmmədovun keçmiş müdiri Cavid Cümşüdov iyunun 18-də onun məhkəməsində dindirilib. Deyib ki, Elvini həm yaxşı insan, həm də yaxşı işçi kimi tanıyırdı, belə bir iş tutacağı heç ağlına da gəlməzdi. Müdiri bildirir ki, baxmayaraq, Elvin ona ziyan vurub, onun həbs olunmasını istəmirdi, heç indi də istəmir. Hətta onların arasında pulun ödəniləcəyi barədə müqavilə də imzalanıb. Ancaq bu müqavilədən az sonra Elvini həbs ediblər: «Onun həbs edilməsi heç nəyi dəyişməyəcəkdi. Fikirləşdim ki, pulu ödəyər. Biz müqavilə imzaladıq, amma onu həbs elədilər. Bizim bu işdə heç bir marağımız olmayıb. Bu söhbətlər başlayanda, işin üstü açılanda Elvin pulun 100 minini ödədi. Biz də düşündük ki, qalanını da ödəyəcək. Amma ödəmədi».

«Mallar ünvanına çatmayıb»

Mənimsəmənin necə baş verməsinə gəlincə, keçmiş müdiri danışır ki, E.Məmmədov şirkətə gələn malları anbardan çıxarıb, müştərilərə çatdırıb, ancaq vəsaiti şirkətə ödəməyib.

E.Məmmədov keçmiş iş yerindən 2014-cü ildə ayrılıb. O, işdən çıxandan sonra araşdırmalar aparılıb və məsələnin üstü açılıb.

«Bizdə anbardan əlavə müvəqqəti saxlanc yeri var. Mallar rəsmiləşdirilmədən orada saxlanılır. Bəzən də satışlar oradan həyata keçirilir. Məsələn, dövlət şirkətləri sifariş verirdi, mallar elə birbaşa göndərilirdi. Biz sonradan müəyyən etdik ki, mallar heç ünvanına gedib çatmayıb. Malları şirkətdən çıxarmaq üçün sistemdə şifrə yığılmalıdır. Şirkətdə işçilər bir-birinin şifrəsini bilirdi. Elvinin təşəbbüsü, daxili sifarişi olmasaydı, mallar anbardan çıxarılmazdı, mümkün deyildi», – C.Cümşüdov bildirib.

Digər zərərçəkmiş Cavid Əsədov isə bildirir ki, qohumu vasitəsilə Elvin və ailəsini tanıyıb. Uzun müddət gediş-gəlişləri olub. Günlərin birində Elvin ona birgə işləməyi, «Happy Baku» şirkətinə birlikdə rəhbərlik etməyi təklif edib:

«Yeni il ərəfəsiydi, gördüm ki, şirkətin işçilərinin bir neçə aylıq maaşları yığılıb qalıb. Ödədim. Sonra gördüm ki, heç bir xeyir olmadan, ofis üçün böyük məbləğdə icarə haqqı verir. İstifadə etmədiyim evim vardı, ofisi təhvil verdik, onları evə köçürdüm. Sonra Elvin gəldi ki, pul lazımdır iş üçün, həmin evi satmağı təklif etdi».

Zərərçəkmişin sözlərinə görə, E.Məmmədov həmin evi də satıb, pulu özü xərcləyib.

C.Əsədov deyir ki, Elvinin ailəsini də yaxından tanıyır. Ona görə də şikayət və tələbi yoxdur.

E.Məmmədov 96 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən deputat olmuş Dünyamalı Məmmədovun oğludur.

XS
SM
MD
LG