Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:14

'Kanalizasiyanı özümüz quracağıqsa, bəs Dövlət Proqramı hara getdi?'


İllüstrasiya
İllüstrasiya

►Sabunçu rayonu, Əmir Bağırov küçəsinin sakinləri deyir, onlara bildirilib ki, “kanalizasiya sistemini öz hesabınıza qurun”

“Nəcis quyusunu ayda üç dəfə boşaltdırıram. Bir də görürsən, qonşuda dolub daşdı, hamısı evimizin altına axır. İyrənc bir həyat şəraiti sürürük. Qonşular bir-birləri ilə üz-göz olur”.

Sabunçu rayonu, Əmir Bağırov küçəsinin sakinləri AzadlıqRadiosuna danışırlar ki, uzun illərdir ərazidə kanalizasiya sisteminin qurulmaması üzündən dözülməz durumda yaşayırlar. Tavat Əhmədova deyir, 22 ildir bu küçədə yaşayır. İşıq, su, mavi qaz verilişi normaldır. Bircə çirkab sulardan qurtulmaq məsələsi müşkülə çevrilib:

“Düzdür, su xətlərimiz də çürüyüb. Ancaq birtəhər yola veririk. Bu kanalizasiya məsələsi bütün küçəni cana yığıb”.

Buna da bax: 'Hər işim qanunidirsə, 'şirinliyi' niyə verməliyəm?'

“25 İLDİR EŞİDİRƏM”

Sakinlər dəfələrlə Sabunçu rayonu su idarəsinə, “Azərsu” ASC-yə, Sabunçu rayon icra hakimiyyətinə müraciət etdiklərini deyirlər. Küçə sakini Məqsəd İsmayılov söyləyir, hər dəfə onlara bu problemin növbəti il aradan qaldırılacağını bildirirlər:

“Hər il evimi təmir etdirirəm. Qonşunun quyusunun çirkab suyu axıb evimin altına gəlir. Divarlarım nəm çəkir, divar kağızları qopub düşür, bu, bir tərəfə, nəcis iyindən evdə otura bilmirik. 25 ildir bu küçədə yaşayıram. 25 ildir eşidirəm ki, “gələn il düzələcək”. Məmurlar bizi aldadırlar. Gah deyirlər, “evlər qanunsuzdur”. Necə yəni, qanunsuz da ev olar? Qanunsuz evə necə ünvan verilib bəs? Yüzlərlə insanın yaşadığı məkanda ən vacib problem olan nəcis problemini həll etməkdənsə, hər dəfə bir sarsaq bəhanə uydururlar”.

Buna da bax: 'Bu pul ayrılıbsa, kimin cibindədir?'

“HƏLƏ PUL KÖÇMƏYİB”

Sakinlərin bu şikayətinə qarşı tərəfdən münasibət öyrənməyə macal tapmamış “Qaynar xətt”ə təkrar müraciət ediblər. Məqsəd İsmayılov deyir, kanalizasiya sisteminin qurulmasından ötrü yerli qurumlara etdikləri müraciətə cavab alıblar:

“Dövlət qurumları bildirirlər ki, “hələ pul köçməyib, əgər bu işi özünüz görmək istəyirsinizsə, buyurun, biz etiraz etmirik”. Bu küçənin kanalizasiya sistemini özümüz quracağıqsa, bəs Bakıətrafı qəsəbələrin su və kanalizasiya təminatı ilə bağlı verilən tapşırıqlar hara getdi? Dövlət proqramına daxil olan məsələləri niyə vətəndaşa yükləyirlər, bunu anlamırıq”.

“ÖZLƏRİ TƏLƏSİRLƏR”

Sabunçu rayon icra hakimiyyəti sakinlərlə razılaşmır. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, Əmir Bağırov küçəsində kanalizasiya sisteminin qurulması işlərinə 2017-ci ildə başlanacaq:

“Sakinlər özləri tələsirlər. Biz də onlara dəfələrlə bildirmişik ki, “Azərsu” kanalizasiya xəttini gələn il çəkəcək. Özləri təklif edirlər ki, “öz cibimizə çəkək””.

Ancaq qurumdan bildirilib ki, dövlətin sakinlərin vəsaitlərinə ehtiyacı yoxdur. Vaxtı çatanda həmin küçədə və ona qonşu küçələrdə kanalizasiya sistemi tam qurularaq istifadəyə veriləcək. Bundan ötrü sakinlər 1 il də gözləməlidilər.

XS
SM
MD
LG