Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:52

Saleh Rüstəmovun qohumu: 'Bir nəslin repressiyası...'


Saleh Rüstəmov
Saleh Rüstəmov

Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmovun qardaşları - Taleh və Valeh Rüstəmovların ölkədən çıxışına qadağa qoyulub. Bu barədə AzadlıqRadiosuna Taleh Rüstəmovun oğlu Sayğın Rüstəmov məlumat verib. Saleh Rüstəmov AXCP-yə maliyyə yardımında suçlanıb 7 il 3 ay həbs cəzasına məhkum edilib.

Sayğın Rüstəmov deyir ki, 2018-ci ilin mayında əmisi həbs olunandan dərhal sonra atasına və digər əmisinə də təzyiqlər başlayıb. Onun sözlərinə görə, təxminən 15 il öncə qapanmış vergi problemini təzələyiblər: «Atamla Valeh əmim qardaş olmaqla, həm də şərikdirlər. Hələ biz uşaq olandan onlar birgə işə başlayıb, birlikdə də inkişaf etdiriblər. Onlar un və un məmulatlarının satışıyla məşğul olublar. 15 il əvvəl baş vermiş vergi mübahisəsini təzələyib, onun əsasında hər ikisinin ölkədən çıxışına qadağa qoyulub».

S.Rüstəmov bildirir ki, əmisinin üzərindəki vergi borcu, onun faizi daha çox olub. Ancaq o, borc tapıb, həmin məbləği tam ödəyib. Buna baxmayaraq, ölkədən çıxışına olan məhdudiyyət aradan qaldırılmayıb. T.Rüstəmov isə hələ ödəməyib. Sayğın deyir ki, atası borc götürmək istəmir, o vəsaiti hissə-hissə ödəmək niyyətindədir: «Onsuz da atam deyir ki, Saleh əmim həbsdən çıxana qədər heç yerə getməyəcək. Onun üçün sovqat aparır, onunla görüşür».

S.Rüstəmov vergi probleminin necə yaranmasından da danışıb: «O zaman un satışıyla əlaqədar qanunvericiliyə dəyişiklik edilib. Atamgilin yeni qaydadan xəbəri olmayıb. Vergi yoxlamasında buna görə nöqsan tapılıb. Müsadirə qərarı verib, iş yerindən müəyyən avadanlıqları götürüblər. Bununla da məsələ bağlanıb. Əmimin həbsindən sonra qardaşlarını da cəzalandırmaq üçün bu işi açdılar».

Həm öz valideynləri, həm də digər əmiləri, bibiləri, onların övladlarının əmlaklarının da müsadirə edildiyini yada salan S.Rüstəmov baş verənləri «bir nəslin repressiyası» adlandırır. Deyir ki, bütün bunlar barədə beynəlxalq insan haqları təşkilatlarına, xarici ölkə səfirliklərinə məlumat veriblər.

Rəsmilər isə ölkədə kimsənin yaxın qohumuna görə, yaxud siyasi motivlərlə cəzalandırılmadığını, hər kəsin qanun qarşısında bərabər olduğunu bildirir.

Xatırlatma

Saleh Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Onların hər ikisindən AXCP-yə maliyyə yardımı barədə ifadələr alındıqdan sonra mayın 25-də partiyanın üç funksioneri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov saxlanıb.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar CM-in 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, «qurama iş» adlandırıb. O bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG