Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:00

Saleh Rüstəmovun və qohumlarının əmlakı müsadirə olunub


S.Rüstəmov
S.Rüstəmov

AXCP-yə və partiyanın sədri Əli Kərimliyə pul göndərməkdə suçlanaraq 7 il 3 ay azadlıqdan məhrum edilən Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmovun özü ilə yanaşı, qohumları da cəzalandırılıb.

S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli və daha üç nəfər AXCP funksioneri haqqında fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılsa da, onun mətni tam elan olunmamışdı. İndi məlum olur ki, Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmdə S.Rüstəmlinin qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunması da yer alıb.

AzadlıqRadiosu müsadirə olunan əmlakların siyahısını təqdim edir:

- Bakı şəhəri, Z.Xəlilov küçəsi 125 ünvanındakı 39 saylı mənzil,

- S.Rüstəmovun qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmovanın adına - Gədəbəy şəhəri, 7C ünvanında ikimərtəbəli qeyri-yaşayış sahəsi,

- Gədəbəy-Novosaratovka şosesinin kənarında 0.5 ha torpaq sahəsi,

- S.Rüstəmovun qardaşı Valeh Rüstəmovun adına - Gədəbəy şəhəri, 0.5 ha torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsi,

- Gədəbəy şəhəri, S.Vurğun küçəsi, «Köhnə bazar» adlanan ərazidə 70 kvadratmetrlik qeyri-yaşayış sahəsi,

- Gədəbəy şəhəri, Nizami küçəsi 71 ünvanında fərdi yaşayış evi,

- Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində 0.6 ha torpaq sahəsi,

- Gədəbəy şəhərində 0.5 ha torpaq sahəsi,

- S.Rüstəmovun qardaşının həyat yoldaşı Rüxsarə Rüstəmovanın adına -Gədəbəy rayonu, Qumlu massivində 0.1 ha torpaq sahəsi,

- Gədəbəy şəhərində 0.2454 ha həyətyanı torpaq sahəsi,

- S.Rüstəmovun bacısı Yeganə Rüstəmovanın adına - Abşeron rayonu, Novxanı kəndində 0.1 ha, Qobu qəsəbəsində 0.08 ha torpaq sahələri,

- S.Rüstəmovun qardaşı Taleh Rüstəmova məxsus - Gədəbəy şəhəri, M.Quliyev 7 ünvanında fərdi yaşayış evi,

- Bakı şəhəri, Zərdabi prospekti, ev 7, mənzil 13,

- Bakı şəhəri, Xətai rayonu, Vunq Tay küçəsi 11a, mənzil 22.

S.Rüstəmovun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, müsadirə olunan əmlaklar uzun illər öncə alınıb, S.Rüstəmova da heç bir aidiyyəti yoxdur: «Hətta Gədəbəydə atamızdan qalan evi də müsadirə ediblər, belə qansızlıq olar?».

Xatırlatma

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsiri Vidadi Rüstəmli məhkəmə zalından azadlığa buraxılıb. Onların hər ikisinə 3 il sınaq müddəti olmaqla, 6 il 8 ay şərti cəza verilib.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov 4 il, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov isə 3 il həbsə məhkum edilib.

AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Rəsmi açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək «qurama iş» adlandırıb. O bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG