Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:03

'Üzbəüz bina dağıldı, canımıza qorxu düşdü'


Dağılan tikili
Dağılan tikili

«Məskunlaşdığımız qəzalı binayla üzbəüz qonşu bina gözümüzün qarşısında dağıldı. O vaxtdan canımıza qorxu düşüb».

Salyanın Xələc kəndi ərazisində məskunlaşmış köçkünləri dilə gətirən yaşadıqları sosial problemlərdir. 1990-cı illərin əvvəlindən buradakı uşaq bağçasının köhnə binasına yığışan Füzuli köçkünləri hökumətdən yaşamağa yer, əkin sahəsi tələb edirlər.

«BU AİLƏLƏRİ UNUDUBLAR»

Bu barədə AzadlıqRadiosuna köçkün Balağa Cəfərov danışıb: «Bu binada yaşayan 5 ailə Azərbaycan vətəndaşı kimi yerli-dibli unudulub. Köhnə bina hər an uça bilər. Necə ki bu binayla eyni yaşda olan qarşıdakı bina uçdu... Gözümüzün qarşısında dağıldı. O vaxtdan canımıza qorxu düşüb. Qaldığımız bina da o şəkildə dağılsa, uşaqlı-böyüklü hamımız daş-kəsəyin altında qalacağıq».

Keçmiş uşaq bağşası.
Keçmiş uşaq bağşası.

Bu binada 1996-cı ilədək uşaq bağçası fəaliyyət göstərib. Qəzalı olduğundan həmin ildən bağçanın fəaliyyəti dayandırılıb. Köçkün deyir, hər gün bir daşı qopub düşən binada qaz yoxdur, işıq xətləri istifadə müddətini çoxdan başa vurub: «Ana qaz xətti yaxınlıqdan keçir. Ancaq deyirlər, «uşaq bağçasının binası olduğu üçün ora qaz çəkə bilmərik»».

QƏZALI BİNADIR, AMMA...

Köçkünlərin bir dərdi də işsizlikdir. Onlar hökumətdən əkinlə, heyvandarlıqla məşğul olmağa şərait yaradılmasını tələb etsələr də, müsbət cavab almayıblar.

Balağa Cəfərovun sözlərinə görə, qaldıqları şərait üzündən binadakı yaşlı insanlar və uşaqlar tez-tez xəstələnir. İşsiz ailə başçıları dava-dərman almaqdan ötrü hər dəfə borclanmalı olurlar.

Salyan rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, keçmiş uşaq bağçasının binası qəzalı tikililərin siyahısındadır. Bu barədə «Qaçqınkom» da məlumatlandırılıb.

Qaçqın və Köçkünlərlə İş üzrə Komitədənsə bildirilib ki, ailələrin köçürülməsi növbəli qaydada həyata keçirilir.

XS
SM
MD
LG