Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:59

Səməd Seyidov: ‘Mehman Əliyevin taleyi sıravi insan taleyi deyil’


Səməd Seyidov
Səməd Seyidov

“Qarşıdan “Şərq tərəfdaşlığı” ilə bağlı noyabr sammiti gəlir. Bu ərəfədə erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr bütün vasitələrdən istifadə edib təzyiq göstərəcəklər ki, bizi bu “Şərq Tərəfdaşlığı” proqramından uzaqlaşdırsınlar, ölkəyə sanksiyalar tətbiq etsinlər, Azərbaycan Avropa istiqamətində getməsin. Ona görə ki, burda TAP var, TANAP var, Azərbaycanın Avropaya alternativ enerji gətirməsi var...”, – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov son günlərin hadisələri ilə bağlı AzadlıqRadiosu-nun suallarını cavablandırarkən belə deyib.

Buna da bax:​ Mehman Əliyevin məhkəməsi sentyabrın 11-nə qaldı

– Səməd müəllim, ABŞ senatoru Richard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edib. O, “Turan”ın direktorunun həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinin Birləşmiş Ştatlara girişinin qadağan olunmasını istəyir. Artıq bu sənəd komitədən keçib, səsverməyə çıxarılması gözlənir. Sizcə, sənəd qəbul oluna bilərmi və bu halda Azərbaycanın imicinə hansı təsiri göstərə bilər?

Richard Durbin
Richard Durbin

– Çox təəssüflər olsun ki, birinci dəfə deyil Birləşmiş Ştatlarda senatorlar, konqresmenlər tərəfindən bu cür sanksiyalarla bağlı təkliflər, qanun layihələri gəlir. Bunlar hamısı Azərbaycanın müstəqil siyasətinə təzyiq vasitəsidir. Heç kimə sirr deyil ki, Azərbaycan müstəqil siyasət aparır, bəzi dairələr, ölkələr bundan özlərini bir o qədər də rahat hiss etmirlər. Mehman Əliyevlə bağlı düzəlişin təqdim olunması da qəribə görünür. Hələlik, onunla bağlı qərar verilməyib, istintaq gedir. Burda vergiylə bağlı məsələlər var, o biri yandan Azərbaycanda ictimai xadimlər, mədəniyyət xadimləri Mehman Əliyevlə bağlı müraciət ediblər. Yəni hələ proses gedir, yekun yoxdur. Qanun pozuntusu var və bu hadisəni tez-tələsik sanksiyalar səviyyəsinə qaldırmaq bunu alətə çevirməkdir. Dəfələrlə bunu görmüşük ki, hansısa məsələdən istifadə edib Azərbaycana təzyiq göstərmək istəyirlər. Mən özüm indi yoldayam, Avropa Şurası Parlament Assambleyasından qayıdıram. AŞPA-nın Monitorinq Komitəsinin iclasında deputatların bir qismi çıxışlarında belə deyirdilər: “Biz bu məsələni təcili gündəliyə və ya sənədə daxil etməliyik ki, sabah jurnalistlər bizi Azərbaycanla hansısa formada əlaqədə olmaqda ittiham etməsinlər. Ona görə, düzdür, əyridir, həqiqətdir, həqiqətə uyğun deyil, proses qurtarıb və ya gedir, bu, bizi maraqlandırmır. Bizi maraqlandıran odur ki, biz Azərbaycanla bağlı o bəndi salaq ki, həm özümüzə xal qazanaq, həm də kimsə bizi ittiham etməsin, özümüzü sığortalayaq”. Açıq şəkildə söhbət belə gedirdi, mən sizə tam səmimi deyirəm. Bu səviyyədə söhbət gedirsə, biz hansı münasibətlərdən danışa bilərik. Əminəm ki, o amerikalı senator da özünə xal qazanmaq, Azərbaycana təzyiq göstərmək üçün bu addımı atıb. O ki qaldı prosesin özünə, hesab edirəm ki, istintaq obyektiv gedəcək və həqiqət öz yerini tapacaq.

Buna da bax:​ AB Mehman Əliyevin həbsindən narahat olduğunu bildirib

– Mehman Əliyevlə bağlı təkcə ABŞ senatoru addım atmağı lazım bilməyib, bir çox ölkələr, beynəlxalq qurumlar onun həbsindən narahatlıq keçirdiklərini ifadə ediblər, Bakını onu sərbəst buraxmağa çağırıblar. Belə çıxır ki, “Turan”ın rəhbərinin vergidən yayınmasına çoxları şübhəylə yanaşır. Hətta yerli ziyalılar belə onun müdafiəsinə durdular.

– Mən prosesin gedişinə müdaxilə etmək istəmirəm. Araşdırmalar gedir. Mənə ən çox təsir edən odur ki, bəzi jurnalistlər, deputatlar, dairələr, rəsmi nümayəndələr tez-tələsik bu məsələdən istifadə edərək iki məqsədə nail olmağa çalışırlar. Birincisi, Azərbaycana təzyiq göstərmək (əllərinə gözəl fürsət düşüb), ikincisi, Azərbaycanın vasitəsilə xal qazanaraq özlərini sığortalayıb əsl demokrat kimi davranmaq. Mən sizə konkret misal gətirdim ki, dünən – sentyabrın 7-də Monitorinq Komitəsinin iclasında deputatlardan biri nə deyib. Deməli, bunları nə Mehman Əliyev maraqlandırır, nə də Azərbaycan. Bunları maraqlandıran xal qazanmaq, özlərini sığortalamaqdır. Bu kimi deputatlardan da istifadə edib Azərbaycana təzyiq göstərəcəklər.

Buna da bax: AYİB prezidenti Suma Chakrabarti İlham Əliyevə nə dedi?

– Təzyiq göstərməkdə məqsəd nədir?

– Deyim sizə, qarşıdan “Şərq tərəfdaşlığı” ilə bağlı noyabr sammiti gəlir. Bu ərəfədə erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr bütün vasitələrdən istifadə edib təzyiq göstərəcəklər ki, bizi bu “Şərq Tərəfdaşlığı” proqramından uzaqlaşdırsınlar, ölkəyə sanksiyalar tətbiq etsinlər, Azərbaycan Avropa istiqamətində getməsin. Ona görə ki, burda TAP var, TANAP var, Azərbaycanın Avropaya alternativ enerji gətirməsi var. Yəni bu, hansısa sıravi insan taleyi deyil. İnsan taleyinə qalanda heç kim istəməz ki, kimisə həbs etsinlər. Allah hamının qapısını açsın. Söhbət ondan gedir ki, dərhal bu məsələlərdən istifadə edərək Azərbaycanla bağlı məkrli niyyətlərini həyata keçirmək istəyən dairələr, qüvvələr aktivləşir. Siz də bu aktivliyi görürsünüz, Fransadır, Almaniyadır, Böyük Britaniyadır, ABŞ-dır... Yalnız tənbəllər bu haqda danışmır, məqalə yazmır. O cümlədən maşallah siz AzadlıqRadiosu olaraq gündə 60-70 faiz materiallarınızı buna həsr edirsiniz.

Səməd Seyidov: "Mehman Əliyevlə bağlı düzəlişin təqdim olunması da qəribə görünür"
Gözlə

No media source currently available

0:00 0:15:18 0:00
Direct-ə keçid

– Səməd müəllim, siz bu həbslərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunduğunu söyləyirsiniz. Amma Azərbaycanda bəzən belə fikirlər də səslənir ki, siyasi hakimiyyət bu cür nüfuzlu şəxsləri həbs etməklə beynəlxalq qurumlarla, Qərblə bazarlığa getmək, gələcəkdə Mehman Əliyevi sərbəst buraxmaqla həmin dairələrin bəzi önəmli, xüsusən də insan haqları, siyasi məsələlərdə güzəştə getməsinə nail olmaq niyyətindədir.

– Tez-tez deyirlər ki, Azərbaycan “kürü diplomatiyası”ndan istifadə edərək Avropa Şurasını, Avropa Parlamentini, dünyanı ələ alıb. Biz ki belə qabiliyyətliyik, hamını ələ almışıq, onda bütün dünya mediası niyə bizdən yazır? Avropa Şurasını ələ almışıqsa, niyə oktyabrda Avropa Şurasında Azərbaycanla bağlı iki məruzə müzakirəyə çıxarılacaq? Özü də məruzələrin ikisi də tənqidi xarakter daşıyır. O zaman niyə bu cür tənqidi məruzələr ortaya çıxır? Məndə sual yaranır, Ermənistanda və ya başqa postsovet ölkələrində vəziyyət heç də yaxşı olmadığı halda niyə onlarla bağlı Avropa Şurasında “bəh-bəh” deyilir, Azərbaycan isə tənqid atəşinə tutulur? Axı, Azərbaycan hamını ələ alıbsa, niyə tənqid atəşinə tutulur? Məntiqlə düz gəlmir. Bu, sadəcə, Azərbaycana geosiyasi təzyiqlərin cizgiləridir. O ki qaldı insan azadlığına, demokratik dəyərlərə, Azərbaycan bu istiqamətdə Avropa Şurası, Avropa Parlamenti ilə əməkdaşlıq edir. Problem yarandıqda biz bunun müzakirəsindən qaçmamışıq. Misal üçün, bir neçə gün sonra Avropa Şurasının məruzəçiləri Azərbaycana gələcəklər. Biz deyə bilərdik: “Heç gəlməyin”. Soruşun ki, nəyə görə razılıq verdik? Ona görə ki, faktiki dünən – sentyabrın 7-də Monitorinq Komitəsinin iclasında onların hazırladığı məruzə layihəsi səsə qoyulub təsdiqləndi. Təsdiqləndikdən sonra bu, birbaşa AŞPA-nın müzakirəsinə çıxır. Bu halda məruzəçilərin gəlişinə ehtiyac da yoxdur.

Buna da bax:​ ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiyalar təklifi verildi

– O zaman niyə gəlişlərinə razılıq verdiniz?

– Bu məruzəni Azərbaycanda rəsmilərlə müzakirə etməyə, dialoq əsasında konstruktiv irəliləyiş görməyə gəlirlər. Biz də bunu faktiki qəbul edirik. Baxmayaraq ki, məruzə çox tənqidi məqamları ehtiva edir, biz deyirik: “Gəlin, bir də oturaq söhbət edək, görək harda düzdür, harda əyridir, nəyi düzəltmək mümkündür?” Biz konstruktiv dialoqdan əl çəkmirik. Baxmayaraq ki, sənəddə tənqid, hətta bəzi məqamda təhqir və təzyiq də əksini tapır.

– Yeri gəlmişkən, Monitorinq Komitəsindəki müzakirələri necə dəyərləndirirsiniz?

– Çox ciddi, tənqidi müzakirələr getdi. Çox məqamlarla biz razı deyilik. Yalnız tənqid var.

– Hansı məqamlarla razı deyilsiniz?

– Çox şeylərlə. Məsələn, Azərbaycanda gedən proseslər məruzəçiləri... Məruzə artıq açıqdır, baxa bilərsiniz. Ancaq dialoq naminə, əməkdaşlıq naminə gələn həftə bir neçə gün oturub məruzəçilərlə söhbət edəcəyik, müzakirə aparacağıq və lazım olan rəsmilər onlarla görüşəcək.

Buna da bax:​ Mehman Əliyevə təcridxanada yeni qadağalar qoyulub

– Səməd müəllim, son iki sual. Azərbaycanla bağlı məruzənin tənqidi tonda olduğunu deyirsiniz, bu arada beynəlxalq qurumlarda və xarici mediada da ölkə haqda tənqidi fikirlərin sayı artmağa başlayıb. Sizcə, Azərbaycanın siyasi hakimiyyəti insan haqlarını məhdudlaşdırmaqla, son zamanlar siyasi fəalların həbsiylə və başqa bir sıra addımlarla özü buna rəvac vermirmi?

– Hansı hökumət elə addım atar ki, ona qarşı sanksiyalar tətbiq olunsun? Kimdən gəlir bu ideya? Öz-özümə problem yaradım ki, hansısa ölkələr, təşkilatlar sanksiya tətbiq etsin? Bu, əsla reallığa uyğun deyil. Azərbaycan çəkisinə, roluna, önəminə görə, ölkələr arasında əlaqələndirici qüvvə olduğuna görə, ona geosiyasi baxımdan təzyiq göstərirlər. Bu, birinci hal deyil ki, insan haqlarından istifadə edib ölkələrə təzyiq göstərirlər. Ancaq biz bunu başa düşürük, əməkdaşlıq da edirik. Təəssüf ki, son bir həftədə dünya mediasında Azərbaycana qarşı başlanan dalğa ardıcıllıqla təşkil olunmuş, çox böyük, xüsusi qüvvələr tərəfindən dəstəyə malik kampaniyaya çevrildi. Dünyanın ən aparıcı qurumları bu məsələləri gündəmə gətirirlər, müzakirə edirlər, elə bil, dünyada başqa problem yoxdur, elə bil, dünya Azərbaycanla birbaşa bağlıdır.

Buna da bax:​ Ombudsman nümayəndələri təcridxanada olublar

– Yəqin siz dünya mediasında gedən müzakirələrdən danışanda jurnalist qurumunun apardığı araşdırmanı “Azərbaycan pulyuyan maşını” da nəzərdə tutursunuz? Sizcə, bu araşdırmada deyilənlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdırmı?

– Jurnalist mütləq araşdırma aparmalıdır. Ancaq araşdırma nəticəsində həqiqət üzə çıxarılırsa, onun əhəmiyyəti, çəkisi dəfələrlə artır. O araşdırmaya diqqətlə baxdım. Bugünkü Avropada, ABŞ-da, bugünkü maliyyə sistemində o qədər qaranlıqlar var ki, (özü də o qaranlıqları heç də Azərbaycan, yeni maliyyə sistemlərinə qovuşan ölkələr yaratmır, elə oturuşmuş demokratiyaların özləri bu maliyyə sistemin müəllifidirlər) hansını götürüb araşdırsanız, bu təqdim olunan faktlardan bəlkə də on qat çoxu ortaya çıxar. Məsələn, İsveçrədə bank açılışı zamanı hansı məsələlər ortaya çıxdı, ABŞ-da, yaxud Almaniyada bu yaxında banklarla bağlı çıxan məsələlər var. Ona görə də maliyyə transaksiyalarını çirki pulların yuyulması kimi, cinayət kimi təqdim etmək çox tezdir. Mən əminəm ki, sənədlər və təqdim olunan məsələlər tək Azərbaycanda yox, başqa ölkələrdə də, başqa qurumlarda da ciddi araşdırılacaq. Bu zaman çox şey aydınlaşdırılacaq, hər şey başqa formada üzə çıxacaq. Bu sənədlərin əksəriyyəti də təzyiq vasitəsi və Azərbaycanın mənfi imicinin yaranmasına xidmət edir.

XS
SM
MD
LG