“Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 10 illik prezidentliyi dövründə dəfələrlə dövlət hesabına və hökumət təyyarəsi ilə Almaniyanın məşhur Baden-Baden kurortuna səfər edib”.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, belə bir iddia ilə FIP.am jurnalist təhqiqatı saytı çıxış edib.
Faktların yoxlanması üzrə araşdırma platformasının iddiasına görə Sarkisyan bu kurort şəhərində 10 ildə 16 dəfə olub.
Saytın yazdığına görə, bu səfərlərdən biri də 2016-cı ilin dördgünlük müharibəsindən dərhal sonra yer alıb.
Təhqiqatçıların iddiasına görə Sarkisyan həmin ilin 6-7 aprelində Almaniyaya rəsmi səfərindən də Baden-Badenə baş çəkmək üçün istifadə edib.
Lakin bu təhqiqatın hesabatı dərc olunandan bir neçə saat sonra Sarkisyanın vəkili Amram Makinyan Facebook səhifəsində yazıb ki, keçmiş prezidentin Berlinə rəsmi səfərdən əvvəl Baden-Badenə getməsi barədə iddia tam dezinformasiyadır.
Məlumatları mülki aviasiya komitəsi təqdim edib
FIP.am saytı yazır ki, uçuşlar barədə məlumatları mülki aviasiya komitəsi təqdim edib.
Bu məlumatlarda prezident aparatının sorğusu ilə 2008-ci ilin 1 yanvarından 2018-ci ilin 1 yanvarınadək yerinə yetirilən uçuşların siyahısı var.
Siyahıda habelə Baden-Badenə uçuşların vaxtları göstərilib.
Vəkil Makinyan iddia edib ki, mülki aviasiya komitəsindən verilmiş məlumatlar ya qərəz, ya da yanlışlıq ucbatından təhrif olunub.
Makinyan habelə adı çəkilən rəsmi səfərin proqramını dərc edib.
Azatutyun yazır: Maraqlıdır ki, Makinyan yalnız Almaniyaya 2016-cı il müharibəsindən sonra edilən rəsmi səfərə toxunur və adı çəkilən başqa reyslər barədə susur.
Kazinonun “heç yanından da keçmədiyini” deyir
Serj Sarkisyanın prezidentliyi dövründə müxalifət dairələri onun tez-tez Baden-Badenə gedib orada kazinoya baş çəkməsini iddia edirdilər.
FIP.am saytının təhqiqatında iştirak etmiş jurnalist Anya Qriqoryanın sözlərinə görə araşdırma elə bu iddialarla bağlı aparılıb.
Jurnalist bildirib ki, Sarkisyanın Baden-Badenə səfərlərindən heç biri rəsmi olmayıb. Keçmiş prezident kurort şəhərinə adətən məzuniyyətləri vaxtı gedirmiş.
Qriqoryan deyib ki, Sarkisyan bəzi rəsmi səfərlərindən də Baden-Badendə olmaq üçün istifadə edib.
Bir neçə həftə bundan əvvəl hakim “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Xaçatur Sukiasyan iddia etmişdi ki, Serj Sarkisyan “kazinoda 100 milyon dollardan çox pul uduzub və pulu borcu ödəmək üçün torbalarla daşıyırmışlar”.
Serj Sarksiyanın vəkili Amram Makinyan həmin deputata qarşı məhkəmə iddiası qaldıraraq onun təkzib verməsini tələb edib.
Birinci instansiya məhkəməsinin bu iddianı baxış üçün qəbul etdiyi xəbər verilir.
Sarkisyanın özü 20 iyun seçkisi kampaniyasında Baden-Badenə səfərlərini təsdiqləsə də, deyirdi ki, “kazinonun heç yanından da keçməyib”.