Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:26

Zənginlərin ‘Notr Dam səxavəti’ sarı jiletliləri qəzəbləndirib


Notr Dam yanğından sonra
Notr Dam yanğından sonra

Fransada milyarderlərin Notr Dam kilsəsinin bərpasına verdikləri iri məbləğli ianələrə görə onlara vergi güzəştləri ediləcəyinə dair xəbərlər Sarı Jilet hərəkatının fəallarını qəzəbləndirib.

Telegraph qəzetinin yazdığına görə “sarı jiletlilər” bildirirlər ki, milyardlarla avro Fransanın sosial problemlərinə xərclənməli idi.

Aprelin 17-də verilən xəbərlərə görə Parisdə “Anamız Məryəm” məbədinin bərpası üçün toplanan ianələrin ümumi məbləği 1 milyard avroya yaxınlaşıb.

İndi ianə verənlərin sırasına Chanel və Dior firmalarının sahibləri, habelə Disney və texnologiya nəhəngi Apple də qoşulub.

Lakin qəzetin yazdığına görə zənginlərin “Notr Dam səxavəti” Fransa Sarı Jilet hərəkatının fəallarını qəzəbləndirib.

Hərəkat bildirib ki, prezident Emmanuel Macron-un “zəngin dostları” bu səxavətlərinə görə vergi güzəştləri əldə edəcəklər.

Əksər Qərb ölkələrində olduğu kimi Fransada da ictimai işlərə və tarix-mədəniyyət abidələrinin bərpasına ianə verənlər üçün vergi güzəştləri nəzərdə tutulur.

Sarı jiletlilər bunu da deyirlər ki, varlı biznesmenlərin belə qəfil səxavəti Fransa hökumətinin ixtiyarında böyük pulların olduğunu göstərib.

Fransada mədəniyyət sahəsinə ianələr verən şirkətlərə vergidən 60 faizədək güzəşt edilir.

Parisdə Sarı Jilet hərəkatının divar rəsmlərindən biri
Parisdə Sarı Jilet hərəkatının divar rəsmlərindən biri

Sarı Jilet hərəkatının təsisçilərindən Ingrid Levavasseur deyib ki, “Notr Damın bərpasına bir gecədə bu qədər pul xərcləməyə hazır olan nəhəng korporasiyaların sosial səfalətə biganəliyi sosial mediada hiddət yaradıb”.

Sarı Jilet hərəkatı bunu da bildirib ki, Notr Dam fəlakətinə baxmayaraq bu şənbə günü Macron-a qarşı daha böyük nümayiş keçirəcək.

Bundan əvvəlki etirazlar Fransa şəhərlərinin küçələrində zorakılıq və polislə toqquşmalara səbəb olub.

Bu tənqidlərdən heyrətlənən Kering lüks mallar şirkətinin rəhbəri, milyarder Francois-Henri Pinault bəyan edib ki, o, onun şirkətinə çatacaq vergi güzəştindən imtina edəcək:

"Doğrudur Notr Dama ianələrə heç bir vergi qoyulmayacaq, lakin Pinault ailəsi bu yükün vergi ödəyənlərin çiyinlərinə düşməsinə yol verə bilməz”.

Hökumət bəyan edib ki, ianələr üçün nəzərdə tutulmuş 60 faiz qaydası dəyişdirilməyəcək, lakin Notr Damın bərpasına fərdlər tərəfindən edilmiş ianələrə görə vergi güzəşti 75 faizə qaldırılacaq.

Fransa prezidenti demişdi ki, “bu yanğın siyasət yox, milli birliyin nümayişi üçün imkandır”.

XS
SM
MD
LG