Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Bu il Rusiyada yayılmış saxta xəbərlər


Saxta xəbərlər
Saxta xəbərlər

2017-ci ildə saxta xəbərlər (fake news) və onun müzakirəsi çiçəklənib. Hətta məşhur «Collins» lüğəti bu termini «ilin sözü» adlandırıb.

«Collins» lüğətində tərifi «xəbər kimi qələmə verilən, yanlış, çox zaman sensasiyalı informasiya» olan saxta xəbərlər bu il Rusiya mediası və siyasi landşaftında at oynadıb. Qərbin Rusiyanı «dağıtmaq» ssenarisindən tutmuş, Yeni ildə Nyu-Yorkda yerləşən bir restoranın Putin-ə nəhəng hamburqer hədiyyə etməsinə qədər, yalan dolu bu məlumatları ciddi qəbul edən media qurumları, ictimai fiqurlar və auditoriya var.

AzadlıqRadiosu (RFE/RL) və jurnalist Carl Schreck 2017-ci ildə Rusiyada əks-səda vermiş saxta və şübhəli xəbərlərə nəzər salıb.

«Rusiyanı dağıtmaq»

Avqustda zahirən Britaniyanın «The Guardian» qəzetinə çox bənzəyən bir sayt Britaniya kəşfiyyatının keçmiş rəhbərinin Qərbin guya Rusiyanı dağıtmaq planından danışması haqda saxta yazı dərc etmişdi.

Saxta müsahibədə John Scarlett qırıq ingiliscə ABŞ və Britaniyanın guya Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili və Ukrayna və Rusiya arasındakı «saxta» münaqişədən Rusiyanı dağıtmaq üçün istifadə etdiklərini deyirdi.

«Etiraf etməliyəm ki, son bir neçə ildə ABŞ və Britaniyanın ən strateji planları olan Gürcüstan və Krım müharibələri iflasa uğrayıb», – guya Scarlett deyir.

Ancaq bu cəhd dərhal bir neçə sayt, o cümlədən «BuzzFeed» tərəfindən ifşa edilmiş, «The Guardian»ın özü onu «özünü The Guardian kimi qələmə verən, saxta sayda dərc edilmiş saxta xəbər» adlandırmışdı.

Buna baxmayaraq, Rusiyanın bir neçə media qurumu, o cümlədən REN TV milli televiziya şəbəkəsi bu xəbəri yaymağa davam edib. Xəbərin ifşasının üstündən xeyli keçmiş Rusiyanın tanınmış televiziya siması Vladimir Solovyov öz tok-şousunda bu saxta xəbərə həqiqət donu geydirməyə çalışıb. «Bəziləri onun doğru, bəziləri yanlış olduğunu deyirlər», – o deyib.

Svetlana Alexievich
Svetlana Alexievich

Nobel mükafatı laureatı Alexievich «vəfat edib»

Mayda özünü Fransanın mədəniyyət naziri Françoise Nyssen-in hesabı kimi qələmə verən bir Twitter hesabı tanınmış Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Alexievich-in öldüyünü yazmışdı. Nyssen əvvəllər atasının yaratdığı «Actes Sud» nəşriyyatına rəhbərlik edib. Bu nəşriyyatsa Alexievich-in əsərlərini fransız dilində çap edib. Nyssen-in adından istifadə, sadəcə, saxta iddiaya həqiqət donu geydirmək məqsədi daşıyırdı.

Rusiyanın çoxsaylı nəşri, o cümlədən gündəlik «Rossiyskaya Gazeta» və «RIA Novosti» dövlət xəbər agentliyi, hətta RFE/RL və «Amerikanın Səsi»nin birgə layihəsi olan CurrentTime.TV, Fransanın «Le Figaro», Portuqaliyanın populyar «Diario de Noticias» qəzetləri «xəbər»i yaymağa başlayıblar.

Əslində isə 69 yaşlı Alexievich sağdır. O, AzadlıqRadiosunun Belarus xidmətinə Seuldan verdiyi müsahibəsində belə deyib: «Kimsə səbirsizdir».

Tvitin yayılmasından az sonra daha öncə məşhur yazıçıların saxta müsahibələrini dərc etmiş italiyalı jurnalist Tommaso Debenedetti bu saxta xəbərə görə məsuliyyəti öz üzərinə götürüb.

«Buk»
«Buk»

MH17-yə dair daha bir saxta xəbər

Oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyinin rəsmi televiziyası guya Ukrayna hava qüvvələrindən qaçmış bir nəfərin iddialarını yayıb. Adının Yury Baturin olduğu deyilən həmin şəxs guya Ukrayna hava qüvvələrinin «Buk» raket sistemini 2014-cü ilin iyulunda Malayziya Hava Yollarının MH17 reysinin vurulmasından az öncə həmin əraziyə yaxınlaşdırdığını deyir. «Zvezda» televiziyasının yaydığı bu «xəbər»in məqsədi təyyarənin Ukrayna ordusu tərəfindən vurulması təəssüratı yaratmaq idi.

Rusiya hökuməti və ona yaxın mətbuat bu vaxtadək təyyarənin vurulmasına dair müxtəlif saxta versiyalar irəli sürüblər. Hətta Ukraynanın onu qırıcı təyyarə ilə vurduğunu da yazıblar. Ancaq beynəlxalq araşdırma təyyarənin Rusiya istehsalı olan «Buk» raket sisteminin köməyi ilə Kremlin dəstəklədiyi separatçıların nəzarətində olan ərazidən vurulduğu qənaətinə gəlib. Müstəntiqlər deyirlər ki, «Buk» sistemi Rusiyadan gətirilib, cinayətdən az sonra yenidən gizlincə Rusiyaya aparılıb. Tənqidçilər belə xəbərləri Rusiyanın izi itirmək, günahı özündən və dəstəklədiyi separatçılardan uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirirlər.

Qeyd edək ki, Rusiyanın bir neçə media qurumunun xəbəri yaymasından sonra «Zvezda» kanalı hər hansı bir səbəb göstərmədən onu öz saytından yığışdırıb.

Saxta xəbərlər arasında ABŞ-ın guya Suriyada «İslam Dövləti» silahlı qruplaşmasına yardım etməsinin «danılmaz sübutu» olan görüntülərin yayılması (az sonra həmin görüntülərin hələ 2015-ci ildə çıxmış «Gunship Simulator: Special Ops Squadron» adlı videooyundan götürüldüyü üzə çıxıb), Bin Laden-in Ağ Evə gələrək Hillary Clinton-un əlini sıxması kimi yalanlar da var. Sonuncu «xəbər» nəinki ayrı-ayrı media qurumları, Rusiya XİN-in mətbuat katibi Maria Zakharova tərəfindən də dəstəklənib.

«Bin Laden-in Ağ Evdə qarşılandığını göstərən o fantastik... şəkilləri xatırlayın», - Zakharova deyib. Hərçənd, sonradan o, Bin Laden-in şəxsən Ağ Evə gəldiyini demədiyini iddia edib.

Sözügedən saxta fotoda isə Bin Laden-in başı musiqiçi Shubhashish Mukherjee-nin bədəninə «yapışdırılıb».

XS
SM
MD
LG