Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:51

Neft qiymətlərinin düşməsi qarşısıalınmaz ola bilər (VIDEO)


Qlobal neft qiymətləri dünyanın iri neft ixracatçılarının hasilatın azaldılmasına dair saziş imzalamasına baxmayaraq aprelin 15-də də düşməkdə davam edib.

Bundan əvvəl dünyanın enerji gözətçisi – Beynəlxalq Enerji Agentliyi (BEA) hasilatın azaldılmasının neft qiymətlərinin düşməsinin qarşısını ala bilməyəcəyi barədə xəbərdarlıq etmişdi.

Guardian yazır ki, aprelin 15-də qlobal neftə tələbat son 25 ildə ən aşağı həddinə enib.

Brent markasından olan neftin qiyməti 5 faiz azalaraq bir barrel üçün 28 dollara düşüb.

ABŞ neftinin qiyməti isə son 18 ildə ən aşağı həddə azalıb. Hazırda 1 barrel Texas neftinin qiyməti 19.20 dollardır.

Neftin son 10 ildə əldə etdiyi qiymət artımı silinib

Bu da proqnozlaşdırılır ki, bu ay neftə tələbat günə 29 milyon barrel azalacaq. Bu, il ərzində və 1995-ci ildən bəri ən böyük azalmadır.

BEA bildirir ki, hətta ilin ikinci yarısında səfər məhdudiyyətlərinin yumşaldıla biləcəyi nəzərə alındıqda da, 2020-ci il üçün neftə olan tələbat 2019-cu illə müqayisədə günə 9.3 milyon barrel azalacaq.

Bu, neft qiymətinin son 10 ildə əldə etdiyi bütün artımın silinməsi deməkdir.

Neftə olan tələbatın çökməsinə görə dünya boyunca bütün neft anbarları ağzınadək doludur.

Təkcə ABŞ-da son həftə ərzində neft anbarlarındakı xammal 19 milyon barrel artıb.

Epidemiya+ucuz neft=iqtisadi böhran?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Neft sənayesi tarixində “ən qaranlıq il”

OPEC, onun müttəfiqləri və başqa G20 ölkələrinin bundan bir neçə gün əvvəl hasilatın azaldılmasına dair misilsiz razılaşma əldə etmələrinə baxmayaraq, neftin qiyməti düşməkdə davam edir.

Razılaşmaya görə tərəflər gələn aydan hasilatı ümumilikdə günə 20 milyon barrel azaltmalıdırlar.

BEA-nın hesabatında deyilir ki, hasilatın ixtisarına dair heç bir razılaşma koronavirus pandemiyasının qlobal tələbata vurduğu ziyanı aradan qaldıra bilməyəcək.

Bu xəbərdarlıqdan az əvvəl Beynəlxalq Valyuta Fondu öz proqnozlarını açıqlamış və bildirmişdi ki, dünyanı 1930-cu illərin Böyük böhranından daha dərin böhran gözləyir.

BEA-nın hesabatında qeyd olunur ki, 2020 dünya neft sənayesinin tarixində “ən qaranlıq il” kimi qalacaq.

Karbon qazı emissiyası 50 ildə rekord həcmdə azalacaq

Agentliyin təxminlərinə görə ikinci rübdə neftə tələbat günə 23 milyon barrel azalacaq və dekabr ayınadək gündəlik tələbat ötən ilin sonu ilə müqayisədə günə 2.7 milyon barrel az olacaq.

Guardian qəzetinin sifariş etdiyi məlumat təhlili göstərir ki, koronavirus pandemiyası böyük bir ehtimalla milyardlarla barrel neftin, trilyonlarla kubmetr qazın və milyonlarla ton kömürün bazarlara çıxa bilməməsinə səbəb olacaq və bu, mədən yanacağı sənayesindən 2.5 milyard ton karbon qazı emissiyasının azalması ilə nəticələnəcək.

Qəzet yazır ki, bu, karbon qazı emissiyasında son yarım əsrdə bir ilin ərzində ən böyük azalma təşkil edəcək.

BEA bildirir ki, OPEC və müttəfiqlərinin əldə etdiyi hasilatın azaldılması razılaşması neft qiymətlərinin bundan sonra da düşməsinin qarşısını almaya bilər.

XS
SM
MD
LG