«10 saylı Binəqədi üçüncü seçki dairəsinin 35 saylı məntəqəsində qutunu götürüb qaçıblar, səsləri saymayıblar», – dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinə həmin dairədən namizədliyini vermiş Rəbiyyə Məmmədova deyir. Daha sonra gülə-gülə əlavə edir: «Bomba xəbərdir bu…».
R.Məmmədova seçki günü çox sayda qanun pozuntularına yol verildiyini iddia edir: «Karuseli müşahidə etdik, müşahidəçilərə, müstəqil jurnalistlərə qarşı təzyiqlər vardı, həmin ərazidə qeydiyyatı olmayan şəxslərin səs verməsinə imkan yaradılırdı. Məsələn, 2 saylı məntəqədə 129 nəfər seçici fəallığı müşahidə edilsə də, qutudan 400-dən çox bülleten çıxdı. 35 saylı məntəqədə qutunu götürüb aparıblar. Səslər sayılanda müşahidəçimi polis gücüylə zorla sürüyüb çölə çıxarıblar».
Seçkilər və Whatsapp-dakı valideyn qrupları
«Müəllimə Whatsapp qrupunda valideynlərə yazdı ki, dekabrın 23-də saat 3-də məktəbdə olun, əvvəlcə sizinlə «zavuç» Şəhla müəllimə danışacaq, sonra keçib səs verəcəksiz», – övladı Bakıdakı 257 saylı məktəbdə oxuyan gənc valideyn deyir. O, oğluna görə adının çəkilməsini istəmir.
«Müəllimə hamının getməsini istəyirdi. Hətta bəziləri özləri gəlməsələr də, ərlərini göndərmişdi. Qrupda yalnız bir valideyn etiraz etdi, dedi: «Bu, məcburi səsvermədir, amma müəllimə, sizə irad gəlməsin deyə, orda olacam». Müəllimə də kədər işarəti göndərdi, yəni «mən də məcburam»», – valideyn deyir.
Bələdiyyə seçkilərini izləyən müşahidəçilər bu dəfə valideynlərin az qala kütləvi şəkildə səsverməyə cəlb olunduğunu bildirirlər.
«Əvvəlki seçkilərdə müəllim və valideynlərin bu qədər kütləvi şəkildə cəlbini görmədim. Bu, yeni haldır», – Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bildirir.
«Klassik seçki»
O, bələdiyyə seçkilərinin «klassik Azərbaycan qaydaları» əsasında keçirildiyini, əvvəlki seçkilərdə necə saxtalaşdırma aparılmışdısa, bu dəfə də eyni qaydada səsvermə zamanı və səslər sayılanda saxtalaşdırıldığını, seçicilərin qrup halında məntəqələrə daşındığını, süni şəkildə seçici fəallığı yaradıldığını söyləyir.
Ancaq onun ilkin təəssüratı budur ki, budəfəki seçkilərdə seçki komissiyalarının üzvlərinin aqressiyası nisbətən azalıb, «Əfruzlar və ya başqaları jurnalistləri, müşahidəçiləri daha az provokasiyaya çəkirdilər».
2014-cü ilin bələdiyyə seçkiləri zamanı MeydanTV-nin əməkdaşı Cavid Abdullayev Yasamal rayonu 12 saylı seçki məntəqəsində seçicinin qutuya topa bülleten atdığını çəkmişdi. Seçki məntəqəsinin üzvü Əfruz Hacıyeva jurnalistin bununla bağlı sualına cavab verməyərək məntəqədən qovmuşdu. Bundan sonra Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə qanun pozuntusunu əsas gətirərək seçkilərin nəticələrini ləğv edib və məntəqə komissiyasının buraxılması qərarı çıxartsa da, Ə.Hacıyeva məhkəmədə iddia qaldırıb. 12 saylı məntəqənin üzvləri «Azadlıq» qəzeti və MeydanTV-ni məhkəməyə verdi, hər iki KİV-i onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham etdilər.
Seçki üzrə mütəxəssis Hafiz Həsənov da 2019-cu il seçkilərində yenə yerli hakimiyyət qüvvələrinin, polisin seçki prosesinə müdaxiləsini, müşahidəçilərin işini görməsinə imkan verilməməsini, siyahıların dəqiqləşdirilməsinin formal xarakter daşıdığını, Statistika Komitəsi ilə Mərkəzi Seçki Komissiyasının məlumatları arasında az qala yaranan iki milyonluq fərqə izah verilmədiyini qeyd edir.
«Əvvəlki pozuntuların təkrarıdır, eyni sistemlə idarə olunan, eyni pozuntuların baş verdiyi seçkilərdir. Buna görə də adamların seçkilərə inamı bir az da itir, seçki institutuna inamsızlıq artır», – o vurğulayır.
Mərkəzi Seçki Komissiyası isə öncədən seçkilərin şəffaf, azad keçiriləcəyini, ancaq qanun pozuntuları ilə bağlı müraciətlər olarsa, araşdırılacağını bəyan edib.
Gənclərin seçkisi «dönüş yaratdı»
B.Süleymanlı da, H.Həsənov da bir məqamın üzərində xüsusi dayanırlar. Bu da gənc fəalların seçkilərə qatılaraq ona həyəcan, yeni ab-hava gətirməsidir. B.Süleymanlı «Vəfa Nağı, Mehman Hüseynov, Rəbiyyə Məmmədova, Ayxan Mehdizadənin və başqa gənclərin seçkilərə qatılması dönüş yaratdı», - deyir.
«Neftçalada gənc xanıma səs vermək üçün seçicilərin məntəqələrə axışması müşahidə edildi. Bu da göstərdi ki, hər şey etimada bağlıdır. Azərbaycan vətəndaşı demokratiyaya hazırdır. Ancaq bu da sual yaradır ki, gənclər qalib də olsalar, bələdiyyə sədri seçilmək imkanları olacaqmı? Bələdiyyələrdə sədrdən başqa üzvlərin fəaliyyətinə təsir imkanı yoxdur», – bunu da H.Həsənov bildirir.
Namizəd R.Məmmədova isə deyir ki, özünü məğlub saymır, həmin ərazidə bütün namizədləri çölə çıxarmağa, seçicilərlə görüşlərə getməyə vadar edə bilib. O, indi də parlament seçkilərinə hazırlaşır.
Azərbaycanın müstəqillik dövründə keçirilən seçkilərdən heç biri Qərb müşahidəçiləri tərəfindən «azad və ədalətli» qiymətini almayıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri indiyədək parlament və prezident seçkilərinə dair hesabatlarında karusel metodundan istifadə, seçki günü topa bülletenlərin qutulara atılması hallarının şahidi olduqlarını bildirib, Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi yazıblar. Di gəl, seçki məmurları, digər rəsmilər bütün bu pozuntuların seçkilərin nəticələrinə təsir göstərmədiyini iddia ediblər.