Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:25

Əliyevin keçmiş kürəkəninin lüks mənzilli yarımada planına yaşıl işıq


Emin Ağalarov Xəzərdə rəsmi mövcud olmayan yarımadaya necə sahibləndi? ARAŞDIRMA
Gözlə

No media source currently available

0:00 0:09:03 0:00

Emin Ağalarov Xəzərdə rəsmi mövcud olmayan yarımadaya necə sahibləndi? ARAŞDIRMA

Azərbaycanda süni torpaqların yaradılmasına dair parlamentin qəbul etdiyi və prezident İlham Əliyevin iyunda təsdiqlədiyi yeni qanun dövlət başçısının keçmiş kürəkəninin lüks mənzillər satmaq planını gerçəkləşdirməyə yaşıl işıq sayılır.

Rusiyalı oliqarx Araz Ağalarovun oğlu və İlham Əliyevin qızı Leyla Əliyevanın keçmiş əri Emin Ağalarov qanundakı boşluqdan Xəzər dənizində süni yarımada tikmək üçün yararlanıb. Hovuzlarla əhatəli kruiz gəmisi biçimindəki bu layihə Bakıdan 30 dəqiqəlik məsafədə yerləşən "Sea Breeze" kurortunun bir bölümüdür.

Bu il parlament Ağalarovun həmin mənzilləri qanuni qeydiyyatdan keçirməsinə imkan verən qanun layihəsini müzakirə edib. Sözügedən mənzillər özəlliklə Rusiya bazarında təklif olunur.

"Sea Breeze"ə icazə verilib?

"Google Earth" və "Planet Labs"dən götürülən peyk görüntülərinə əsasən AzadlıqRadiosu araşdırıb ki, Xəzər dənizindəki yeni süni yarımadanın salınmasına 2023-cü ilin yayından başlanıb. Hazırda yarımadada tikinti işləri davam edir. Ağalarov ötən il mayın 30-da Rusiyanın TASS xəbər agentliyinə bu layihənin 200-250 milyon dollara başa gəldiyini deyib. "İcazəsini alsam, dərhal onun üzərində işləməyə başlayacağam", - o vurğulayıb.

"Planet Labs"dən götürülən 2023-cü ilin oktyabrına aid görüntülər artıq süni yarımadakı tikinti işlərinin getdiyini göstərir. Bu il aprelin 17-nə aid görüntülərdənsə yarımadanın yekun şəklini aldığını görmək olur.

Prezident Əliyevin imzası ilə təsdiq edilən yeni "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanuna görə, orada süni torpaq sahəsi yaratmaq üçün ətraf mühitə təsirlə bağlı ekoloji qiymətləndirmə sənədini Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsdiqləməlidir. AzadlıqRadiosunun sorğusuna nazirlikdən bildirilib ki, indiyədək süni yarımada yaratmış hansısa şirkətdən bu sənəd qəbul edilməyib və təsdiqlənməyib. O cümlədən, Ağalarovdan və ya onun şirkətindən.

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatlar yeni qanunun "Dream Liner" yarımadasına təsiri haqda AzadlıqRadiosunun suallarına cavab verməkdən boyun qaçırıblar.

Bir ay əvvələdək Azərbaycan qanunvericiliyində Ağalarovun gördüyü işlərə konkret olaraq hansı qurumun məsuliyyət daşıdığı göstərilməmişdi. Çünki o, tikintini su fonduna aid sahədə - Xəzərin içində aparıb və əvvəlki qanunvericilik dövlət orqanlarına yalnız torpaq sahəsi üzərində nəzarət hüququ verir.

2023-cü ilin yayından salınan süni "Caspian Dream Liner" yarımadasına aid hər hansı bir tikilinin adı Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin "Sea Breeze"ə verdiyi tikinti icazələri arasında qeyd edilməyib. Komitə onlara şirkət haqqında ünvanladığımız sorğunu qəbul etsə də, cavablamayıb. Bakı şəhər İcra Hakimiyyəti də tikinti işləri ilə bağlı sorğuya material yayıma gedənədək cavab verməyib. Azərbaycanın dövlət qurumlarına yaxın, məlumatlı bir mənbə AzadlıqRadiosuna bildirib ki, "Sea Breeze"ə belə bir icazə verilməyib, ancaq bu hal "istisna" ola bilər. Mənbə bundan artıq detal verməyib.

Ötən ilin son günündə təqdim olunmuş və 2040-cı ilədək nəzərdə tutulan tikinti işlərini əks etdirən Bakının Baş Planında da süni yarımada yoxdur. Halbuki, sənədin açıqlandığı zamanadək Ağalarovun süni yarımadası artıq tikilməkdə idi. "Sea Breeze"ə məxsus yarımadanın ətraf əraziləri isə turizm və iri ticarət məkanı kimi göstərilib.

"Caspian Dream Liner" süni yarımadasının inşası
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

Xəzər xəyalpərəstləri

Süni yarımada yaradıldıqdan təqribən bir il sonra Milli Məclis bu ilin aprelində "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanunu müzakirəyə çıxarıb. Təqribən bir ay içində üç oxunuşdan sürətlə keçərək qanun qəbul edilib. Bu qanun qəbul olunduğu gün AzadlıqRadiosu deputatlara elə parlamentin önündə suallar verib.

"Əlbəttə, hər şey qanuna istinad olunaraq edilsə, yaxşı olardı. Amma buna da şükür. Biz qanunvericilik bazası yaratdıq ki, yaranması qanunsuz olmasın", - deputat Tahir Kərimli deyib və əlavə edib ki, yeni qanun süni torpaqların mülkiyyətini onları yaradanlara vermir: "O, (Ağalarov) torpağı sadəcə icarəyə götürüb".

Milli Məclis həmin qanun layihəsini mayın 7-də qəbul edib. Hökumət rəsmiləri bu addımın investorları cəlb etmək baxımından zəruri olduğunu bildirir. Dövlət Şəhərsalma və Memarlıq Komitəsi İşlər İdarəsinin müdiri Rəşad İsmayılov deyir ki, investorları cəlb etmək məqsədilə Azərbaycan Xəzər dənizi sahillərində süni torpaqlar yaratmağı planlaşdırır.

Emin Ağalarov Bakıdakı "Sea Breeze Resort"da "Jara" musiqi festivalının açılışında
Emin Ağalarov Bakıdakı "Sea Breeze Resort"da "Jara" musiqi festivalının açılışında

Bəzi deputatlar süni yaradılmış torpaqların dövlət mülkiyyətində qalacağını, şirkətlərə sadəcə icarəyə verilə biləcəyini vurğulasalar da, qanun, Ağalarov da daxil, sərmayəçilərə tikintinin bitməsindən sonra icarə haqqı ödəməmək imtiyazı verir.

"Caspian Dream Liner" ("Xəzər xəyalpərəstləri" anlamına yaxındır – red.) adını daşıyan binanın 2027-ci ilədək tikilməsi planlaşdırılır. Yaxınlıqdakı istirahət mərkəzlərinin icarə reklamlarına əsaslanaraq güman etmək olar ki, bu layihənin icarə haqqından azadolma Ağalarova illik təxminən 12 min dollar qazandıracaq.

"İnvestor pulunun qədrini bilir. O, təkcə vergi güzəştlərinə görə yatırım etməz", - deyən iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda biznes işlərinin əksəriyyəti iri məmurlara, vəzifədə olan şəxslərə bağlıdır.

"Həmin o biznes sahələri də bu güzəştlərdən daha rahat istifadə edirlər, çünki onların başqa problemləri yoxdur. Güvən, hüquq, qorunması ilə bağlı problemləri yoxdur. Ona görə onlar bu tipli güzəştlərdən daha rahat və tez istifadə edirlər", - Cəfərli bildirib.

Prezident Administrasiyasından AzadlıqRadiosunun suallarına cavab gəlməyib. Ağalarov, onun sahib olduğu "Sea Breeze" də araşdırmada ortaya çıxan sualları cavablamayıblar.

"Sea Breeze"i kimlər reklam edir?

AzadlıqRadiosu Ağalarovun yaxın çevrəsinə aid şəxslərin sosial media hesablarında 2023-cü ilin iyununa, süni yarımadanın qanunundan əvvəl salındığı ərəfələrə aid fotoları üzə çıxarıb. Fotolarda Azərbaycan prezidenti İlham Əliyev, Birinci xanım və Ağalarov "Sea Breeze" kurortunda görüntüləniblər. Bu görüş barədə məlumat İ.Əliyevin rəsmi səhifəsində yer almayıb.

"Sea Breeze Caspian Dream Liner" mənzillərinin reklamlarını Azərbaycanın Birinci xanımının bacısı Nərgiz Paşayevaya məxsus "Nargis Magazine" dərgisinin Instagram səhifəsində də görmək olar.

"Sea Breeze"in nümayəndələri Rusiyada müxtəlif tədbirlərə qatılaraq daşınmaz əmlak layihələrinə yatırım imkanlarından danışıblar. Bu cür tədbirlərdən biri aprelin 20 və 21-də "Odlar yurduna niyə və necə köçməli" adı ilə keçirilib. Ötən ilin martında E.Ağalarov Bakıda "Sea Breeze"in perspektivlərinə həsr olunan investisiya forumunda Rusiya, Türkiyə, BƏƏ, İsrail və s. ölkələrdən gələn 250 qonağın qarşısında çıxış edib. TASS Ağalarova istinadla layihənin dəyərinin qarşıdakı illərdə 1 milyard dollara çata biləcəyini bildirir.

"Sea Breeze"in saytında göstərilir ki, şirkət nümayəndəsi bu il aprelin 26-da "Rosbank"ın Moskva filialında təqdimat keçirib. "Rosbank" Rusiyanın ən zəngin adamlarından biri sayılan Vladimir Potaninə məxsusdur. Potanin Kremlin əsas dəstəkçilərindən sayıldığından adı ABŞ və Britaniyanın sanksiya siyahılarına daxil edilib.

"Forbes" 2022-ci il üzrə hesabatında Azərbaycanı rusiyalı investorlar arasında populyar məkan kimi göstərir və rusiyalı daşınmaz əmlak alıcılarının ayrıca hədəf auditoriyası olduğunu bildirir.

İnsan Haqları üzrə hüquqşünas Əsabəli Mustafayev süni torpaq sahələri haqqında qanunu şərh edərkən AzadlıqRadiosuna bildirib ki, Ağalarova məxsus yarımada qanundan əvvəl salındığı üçün ortaya sual çıxır - dövlət Ağalarovdan layihənin sənədlərini yeniləməyi tələb edəcəkmi?

"Onlar [Ağalarovdan] icazə sənədlərini təqdim etməsini istəyəcəklərmi? Mənim ehtimalım budur ki, bu, baş verməyəcək. O, bu mərhələni çox əvvəl keçib. Odur ki, mən deyə bilmərəm ki, o, həmin yarımadada tikilən mülkiyyətini necə qanuniləşdirəcək? Çünki bu məsələ qanunda yoxdur, nə də belə bir təcrübə məlumdur", - o deyib.

"Caspian Dream Liner" layihəsinin daxil olduğu "Sea Breeze" kurortunun ərazisinin adı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı verilən qərarında da keçir. Məhkəmə 2021-ci il fevralın 18-də Azərbaycan hökumətinin bağları qanunsuz olaraq prezident İlham Əliyevin ozamankı qohumlarına satılan 18 nəfərə 284 min 690 dollar məbləğində təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Bu haqda ilk dəfə OCCRP məlumat vermişdi. Həmin torpaq 2007-ci ildə Nardaran bələdiyyəsinə icarəyə verilmiş, o da öz növbəsində onu Rusiyanın "Crocus Group" şirkətinə satmışdı. Tezliklə həmin məkanda "Sea Breeze" tikilmişdi.

Ağalarov və "Sea Breeze Resort" AzadlıqRadiosunun məsələnin şərh edilməsi üçün müraciətinə cavab verməyiblər. "Agalarov Development" şirkətindən yalnız "çox sayda layihələrə görə" hazırda sorğunu cavablandıra bilməyəcəklərini deyiblər.

'Xəzər adaları'nın bugünkü halı: 'Ağlı başında olan ora sərmayə qoymaz'
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Ağalarovdan əvvəl Xəzərdə süni ada yaratmağa bir cəhd olub. Naxçıvanlı işadamı İbrahim İbrahimov (Nehrəmli) 2011-ci ildə "Xəzər adaları"nın inşasına başlamışdı. Dörd il keçməmiş, 2015-ci ildə sahibinin Beynəlxalq Banka 57 milyon dollar borcu iddiası ilə süni adaların tikintisi dayandırılmış, İbrahimov hüquq-mühafizə orqanlarında sorğu-sual edilmişdi. Sonralar o, mətbuata borcunu dövlətə ödədiyini bildirib. İ.İbrahimov da, E.Ağalarov kimi, layihəsini qanun olmadan başladıb və onun da, Ağalarov kimi, Xəzərdə tikintiyə icazə verən əsas sənədi - Ekologiya Nazirliyinin təsdiqlədiyi ekoloji qiymətləndirməsi olmayıb. İ.İbrahimovun həmin layihəsində artıq uzun zamandır ki, iş getmir. Bunun əksinə olaraq, Ağalarovun "Caspian Dream Liner" layihəsindəki binalarının inşası isə davam edir. Milli Məclisin qəbul etdiyi yeni qanuna görə, süni yaradılmış torpağın üzərində obyektlərin tikintisi altı il ərzində başa çatdırılmazsa, icarə hüququ itirilir və rəsmi Bakı bu süni torpağı başqa investorlara təklif etmək imkanı qazanır.

XS
SM
MD
LG