“Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar, toplumun razılığını ifadə edə bilməz”
“Cəmiyyətdə heç bir müzakirələr aparılmadan konstitusiyaya təklif edilmiş dəyişikliklərin total saxtakarlıq yolu ilə xalqa sırınmasına qəti etirazımızı bildiririk. Bu dəyişikliklər ölkəmizin qarşısında duran fundamental problemləri həll etməkdənsə, vətəndaş qarşıdurmasını və ziddiyyətləri daha da dərinləşdirməyə xidmət edir”.
REAL Hərəkatının sentyabrın 26-da keçirilmiş referendumun nəticələri ilə bağlı bəyanatında belə deyilir.
Buna da bax: Təşviqat qrupları pulsuz efir istəmir
REAL referendumu ölkədə cümhuriyyət dəyərlərinin sarsıdılması yolunda atılmış növbəti addım sayır.
“Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar, toplumun razılığını ifadə edə bilməz. Belə qaydaların yazıdan o yana keçə bilmədiyini aydın göstərən tarixi örnəklər çoxdur. Hər dəfə də vəziyyətin gərginləşməsinə görə, məsuliyyət məhz, hakimiyyətin üzərində olur”, bəyanatda bildirilir.
REAL bəyan edir ki, konstitusiyaya edilmiş son dəyişikliklər ölkədə vətəndaşla dövlət arasında olan məsafəni daha da böyüdüb. Hakimiyyətin məsuliyyətsizliyini artırıb, xalqın hakmiyyətdə təmsilçiliyinə əlavə əngəllər yaradıb.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib.
Buna da bax: Anar Məmmədli: 'Seçki ənənəvi qanun pozuntuları ilə keçib'
Orada, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.
Üstəlik, əgər torpaqlardan səmərəli istifadə edilməsə, torpaq üzərində mülkiyyət hüququ alına bilər.
Mərkəzi Seçki Komissiyası bildirir ki, xalqın böyük əksəriyyəti bu dəyişikliklərə səsə verib.