Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Ekspert: ‘Təşviqat qiymətlərinə yenidən baxılmalıdır’


İTV-də referendum debatları. 21Fev2009
İTV-də referendum debatları. 21Fev2009

Martın 19-dan növbədənkənar prezident seçkisinin təşviqat kampaniyası start götürür.

Artıq, təşviqat məqsədi ilə ayrılan qapalı və açıq yerlərin siyahısı açıqlanıb. Üstəlik, ödənişli və ödənişsiz təşviqat aparacaq kütləvi informasiya vasitələri də bəllidir.

Ödənişsiz efiri yalnız İctimai Televiziya təklif edir. Ödənişli efiri isə həm bu, həm də daha iki televiziya verməlidir. Lakin qiymətlər əksər namizədlərin ürəyincə deyil.

Elə televiziya var ki, axşam saatlarında bir dəqiqəlik efir 6 min manata təklif edilir. Bəzi namizədlər ödənişli efir vaxtından istifadə etməyəcəklərini açıqlayıblar.

Buna da bax: Azərbaycanda seçki təşviqatı başlayır

“Televiziyalar qiymətləri yüksək götürməklə...”

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov televiziyaların ödənişli efir vaxtından ötrü elan etdiyi rəqəmlərin Azərbaycan reallığına uyğun olmadığını hesab edir:

Hafiz Həsənov
Hafiz Həsənov

“Məncə, böyük məbləğdir və namizədlər arasında qeyri-bərabər vəziyyət yaradacaq. Güman edirəm ki, televiziyalar qiymətləri yüksək götürməklə müraciət edənlərin az olmasını istəyir. Ona görə qiymətlərə yenidən baxılmalıdır. Nəticədə prosesin səssiz formada keçməsinə nail olacaqlar”.

“Əgər namizədlər etiraz etmirsə, deməli…”

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə ödənişli efir vaxtının qiyməti barədə münasibət bildirməyə tələsmir:

“Bu barədə namizədlər mövqelərini ifadə etməlidir, mən efir vaxtından istifadə etmədiyim üçün qiymət verə bilmərəm. Əgər onlar etiraz, yaxud şikayət etmirlərsə, deməli, normal qiymətləndirirlər”.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

“Təşviqat yerləri tələblərə cavab vermir”

Hafiz Həsənov deyib ki, yerli icra hakimiyyətlərinin təşviqatdan ötrü ayırdıqları yerlər də tam münasib deyil:

Buna da bax: Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

“Yerli icra hakimiyyətlərinin seçki təbliğatı üçün ayırdığı yerlər zəruri tələblərə cavab vermir. Hər halda 19 martdan sonrakı gedişatı gözləmək lazımdır. Əgər, ayrılacaq yerlər əvvəlki kimi saxlanılacaqsa, münasibətim mənfi qalacaq. Çünki həmin məkanlar seçki təşviqatının kütləviliyinə və demokratikliyinə təminat verməlidir. İkinci, namizədlərin təşviqat plakatları üçün ayrılmış yerlər yaxşı olmayan praktika yaradıb. Üçüncü, inzibati resurslardan istifadə imkanları qeyri-bərabərlik yaratmayacaqmı? Bu məsələ son seçkilərdə beynəlxalq müşahidə missiyasının əsas tənqid hədəfi olub. Seçki ərəfəsi mühit, hələ ki, ölkədə beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə imkan vermir”.

“Heç bir şikayət yoxdur”

Ancaq Məhərrəm Zülfüqarlı indiki dövrə qədər olan seçki mühitini sabit və qarşıdurmasız hesab edib:

“Mən 20 rayonda seminarlarda olmuşam. Martın 16-da Qubada ATƏT Müşahidə Missiyasının 30 nəfərdən ibarət nümayəndə heyətini gördük. Hələ ki, proses sabitdir, heç bir şikayət yoxdur”.

Növbədənkənar prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb.

Buna da bax: Müxalifət Bakıda mitinq keçirdi [yekun video]

Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu"dan Razi Nurullayevdir.

Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Ümumilikdə 15-ə yaxın şəxs namizədliyini irəli sürmüşdü.

Buna da bax: Rusiyada prezident seçkisidir [video]

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib.

XS
SM
MD
LG