Martın 19-da prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. Bəs 23 gün ərzində namizədlərin bərabər şəkildə kampaniya aparmaq imkanı varmı? Qanun buna şərait yaradırmı?
“YAP-la bizim gücümüz eyni ola bilməz”
“Bərabər səviyyədə təbliğat aparmaq imkanımız yoxdur. Birincisi, bizim maddi resurslarımız olduqca aşağıdır. Məsələn, Yeni Azərbaycan Partiyasının büdcəsi milyonlarla ölçülür, Demokrat Partiyasının büdcəsi, demək olar, yoxdur. Dövlət tərəfindən maliyyələşmirik, ianələr yoxdur, üzvlərimizin əksəriyyəti işsizdir və s.”, – Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu söyləyir.
Buna da bax: Azərbaycanda seçki təşviqatı başlayır
O, başqa amili önə çəkir. Cəlaloğlu deyir ki, namizədliyi iki gün öncə qeydə alınıb və o, təbliğat-təşviqat materiallarını yenicə sifariş verib: “Bizim materiallar nə zaman çap olunacaq, Allah bilir, ancaq hökumətin nümayəndəsi artıq öz təbliğatını aparır. Bir də, təcrübə də göstərir ki, hakimiyyətdə olan tərəf resurslarına görə hər zaman müxalifətdən qat-qat üstündür. Bu baxımdan, biz iqtidarla bərabər rəqabət apara bilmərik. Prezident özü də fəaliyyətini davam etdirir deyə daha çox təbliğat apara bilir. Tam, ideal bərabərlik şəraiti yoxdur”.
Buna da bax: Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu
Elə prezidentliyə namizəd Zahid Oruc da bəri başdan YAP-ın “güc”ünü etiraf edir: “Hər bir şəxs müəyyənləşdirdiyi seçki smetası çərçivəsində bölgələrə çıxa, canlı ünsiyyət yarada, gerçək mənzərəylə tanış ola bilər. Bu halda təbii ki, strukturlaşmış, böyük monolit gücə malik YAP-la bizim tədbirlərin gücü eyni ola bilməz”.
“Prezident sərəncamlar verməklə, görüşlər keçirməklə, açıqlamalar verməklə...”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Azərbaycanda prezident seçkiləri dövründə seçkiqabağı təşviqatda bərabərlik prinsipinin iki aspektdən pozulduğunu bildirir. Onun sözlərinə görə, buna qanunvericilik imkan yaradır.
“Birincisi, seçki qanunvericiliyi prezident səlahiyyətlərini icra edən şəxsə - dövlət başçısına əlindəki imkanlardan istifadə edərək müxtəlif məsələlərlə bağlı təşviqat aparmağa imkan yaradır. Konkret olaraq, Seçki Məcəlləsində təşviqat dövründə prezidentin səlahiyyətlərini məhdudlaşdıracaq qanunlar yoxdur. Prezident səlahiyyətlərini davam etdirdiyi dövrdə bir sıra sərəncamlar verməklə, görüşlər keçirməklə, açıqlamalar verməklə digər namizədlərlə müqayisədə daha üstün mövqeyə malik olur. Məsələn, həm özəl, həm də dövlət kanallarında efir vaxtının böyük hissəsi hazırda namizəd olan prezidentin görüntüləri ilə dolur, iqtidarın siyasəti tərənnüm edilir, müxalifyönlü siyasətçilərlə bağlı tənqid, təhqir kampaniyaları keçirilir”.
Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?
Anar Məmmədlinin qənaətincə, bu məsələlər Seçki Məcəlləsi ilə tənzimlənməliydi, ancaq əfsuslar olsun ki, adıçəkilən qanun bu baxımdan “universal standartlar”a cavab vermir. Hərçənd ekspert Seçki Məcəlləsində qoyulan qadağalara belə əməl edilmədiyini vurğulayır:
“Yerli icra qurumları əhalini seçki prosesinə, hakim komandanın namizədinin təbliğatına cəlb edir, ona səs verməyə çağırırlar. Bütün inzibati resurslardan istifadə etməklə hakim siyasi partiya və onun namizədi təbliğ edilir. Bu da Seçki Məcəlləsinə ziddir. Sosial mediada inzibati resurslardan istifadə qəti qadağan edilir. Ancaq buna əməl olunmur”.
Namizədlər bununla bağlı şikayət verə bilərlər. Anar Məmmədli aparıcı müxalifət qüvvələrinin seçkilərə qatıldığı dövrdə – 2003, 2013-cü il seçkilərində bu durumla bağlı şikayətlər verildiyini, ancaq şikayətlərin təmin edilmədiyini də yada salır. O, indiki opponentlərin YAP-ın namizədinin inzibati resurslardan istifadə etməsi ilə bağlı şikayət verəcəklərini gözləmir.
“Şikayət verə bilmirik, çünki...”
Namizəd Zahid Oruc düşünmür ki, namizədlərdən kiminsə MSK-ya hər hansı şikayəti daxil olsun.
Buna da bax: 'Hər seçkidə namizədliyini verən' Zahid Oruc
Prezidentliyə başqa namizəd Sərdar Cəlaloğlu deyir ki, indilik, əllərində inzibati resurslardan istifadəylə bağlı fakt yoxdur: “Gərək əldə fakt ola, polis, ordu, icra hakimiyyəti müdaxilə etsin şikayət verək...”
Ancaq Sərdar Cəlaloğlu da razılaşır ki, bəzi pozuntular qanundakı boşluqdan qaynaqlanır:
“Gərək qanunda açıq-aşkar yazılaydı ki, prezidentliyə namizəd olan dövlət başçısı səlahiyyətlərinin icrasını dayandırmalıdır. Bu da yoxdur. Prezident həm namizəd kimi çıxış edir, həm də prezident kimi fəaliyyət göstərir. Ona görə fərq qoya bilmirik ki, o bu resursdan namizəd kimi istifadə edir, ya fəaliyyətdə olan prezident kimi?”
Zahid Oruc prezidentin inzibati resurslardan istifadəsi haqda deyilənləri rədd edir:
“ABŞ-da Donald Trump-ın kampaniyası dövründə prezident Barack Obama digər namizəd - xanım Hillary Clinton-u bütün resurslarıyla, açıqlamalarıyla dəstəkləyirdi. O biri yandan Michelle Obama da dəstəyini verirdi. Niyə onda onlara irad tutulmurdu? Elə praktika tam oturuşmayıb ki, prezident tam vəzifədən getsin, bərabər vəziyyət yaransın, hamı sıfır səviyyədə hakimiyyət uğrunda mübarizə aparsın”.
“Yolu var”
Anar Məmmədli hesab edir ki, bu durumu aradan qaldırmağın yolları var. O, Azərbaycan kimi “sərt prezidentlik institutunun” formalaşdığı ölkələrin sayının az olduğunu bildirir. Mütəxəssis ABŞ, Fransa kimi ölkələrdə prezidentin verdiyi sərəncamların parlamentdə və ya Konqresdə ratifikasiya edildiyini yada salır:
“Bizdə parlamentarizm institutu, məhkəmə, az qala, iflic olub. Amma ABŞ, Fransada demokratik siyasi sistem formalaşdığından hüquqi sistem imkan verir ki, prezident səlahiyyətlərindən sui-istifadə etməsin, kampaniya aparmasın. Bundan başqa, seçki kampaniyası başlayanda inzibati resurslardan istifadəyə sərt nəzarət edilir”.
Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.
Buna da bax: Fəvvarələr meydanında 'Azad seçki' şüarı səsləndirilib [Video]
Bir sıra müxalif qüvvələr – Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.
Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib.