Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Seçkiyə getməyənlərin seçki hazırlığı...


Prezident seçkiləri. 2013
Prezident seçkiləri. 2013

Müxalifət aprel seçkilərini boykot qərarı verib. Ancaq özlərinin söylədiyi kimi, evdə oturaraq seçkiləri izləməyəcəklər, seçkiləri «aktiv» şəkildə boykot edəcəklər.

«Müxalifətin seçkiləri aktiv şəkildə boykot etməsi saxtakarlıqların ifşası, hakimiyyətin seçki məzhəkəsinin, oyunlarının açılması deməkdir», – Milli Şuranın sədri Cəmil Həsənli qərarlarını belə izah edir. O bu istiqamətdə qanunvericiliyin və Konstitusiyanın yol verdiyi imkanlar çərçivəsində mübarizə aparacaqlarını, seçkilərdən öncə və sonra kütləvi aksiyaların keçiriləcəyini qeyd edir.

Müsavat Partiyası başqanı Arif Hacılı da «saxta» seçki prosesinə müqavimət göstərmək yönündə qərar qəbul etdiklərini söyləyir. O, həm hüquqi, həm də siyasi müstəvidə seçki prosesi barədə Azərbaycandakı və beynəlxalq ictimaiyyəti məlumatlandıracaqlarını, bu məqsədlə məlumatlar toplamaq niyyətində olduqlarını deyir. Bundan başqa, Müsavat Partiyası da kütləvi aksiyalar planlaşdırır. Ancaq bu yöndə məsləhətləşmələr hələlik davam edir.

N.Cəfərli
N.Cəfərli

Seçkiləri boykot edən siyasi qüvvələrdən daha biri REAL da müzakirələr aparmaqdadır. Təşkilatın icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, «evdə oturub seçkilərə qarışmamaq doğru deyil». Onlar da Bakıda və bölgələrdə bir neçə seçki dairəsində müşahidə təşkil etməyi planlaşdırırlar və hazırda resurslarını hesablayırlar.

«Çalışacağıq əlimizdə seçki prosesinin gedişi, səsvermə günü baş verən qanun pozuntuları ilə bağlı faktlar olsun ki, sonradan hər hansı sənədlə çıxış edə bilək», - N.Cəfərli bildirir.

Ancaq REAL kütləvi aksiya planlaşdırmır, çünki bunun effekt verəcəyinə inanmır.

«Etiraz aksiyaları belə görüntü yaradacaq ki, seçki prosesi demokratik keçir, sərbəst toplaşmaq azadlığı təmin edilir. Ola bilsin, biz müəyyən çarxlar hazırlayaq, orda seçkilərin niyə önə keçirilməsinin səbəblərini, bu seçkilərin Azərbaycan əhalisinin siyasi mövqeyini əhatə etmədiyini izah edək. Müzakirələr də təşkil etməyi düşünürük, bunu sosial şəbəkələr vasitəsilə yayacağıq», – söyləyən N.Cəfərli bunun böyük effekt verməyəcəyini etiraf etsə də, əllərindən gələni əsirgəməyəcəklərini qeyd edir.

İlham Əliyev, Məzahir Pənahov və Əfruz xalanın seçkisi

Son illər bir çox müxalifət partiyaları qərargahlarından məhrum ediliblər, üzvlərindən həbs edilənlər, düşərgədən qopanlar da az deyil. Üstəlik, siyasi partiyalar müxtəlif səbəblərdən maliyyə qaynaqlarını da itiriblər. Bu durumda seçkiləri aktiv boykot etmək mümkün olacaqmı?

C.Həsənli
C.Həsənli

C.Həsənlinin sözlərinə görə, praktika göstərir ki, səsvermə günü bütün seçki məntəqələrində müşahidə aparmağa ehtiyac yoxdur, onlardan cəmi 30-35 faizində ciddi şəkildə müşahidə aparılması seçkilər haqda ümumi rəyi formalaşdırır.

«Bir də, indiki seçki siyasəti İlham Əliyev, Məzahir Pənahov və Əfruz xaladan (Yasamal rayon 12 saylı seçki məntəqəsinin üzvü Əfruz Hacıyeva nəzərdə tutulur. 2014-cü ilin bələdiyyə seçkiləri zamanı MeydanTV-nin əməkdaşı Cavid Abdullayev Yasamal rayon 12 saylı seçki məntəqəsində seçicinin qutuya topa bülleten atdığını çəkmişdi. Əfruz Hacıyeva jurnalistin bununla bağlı sualına cavab verməyərək məntəqədən qovmuşdu. Bundan sonra Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə qanun pozuntusunu əsas gətirərək seçkilərin nəticələrini ləğv edib və məntəqə komissiyasının buraxılması qərarı çıxartsa da, Ə.Hacıyeva məhkəmədə iddia qaldırıb. 12 saylı məntəqənin üzvləri «Azadlıq» qəzeti və MeydanTV-ni məhkəməyə verdi, hər iki KİV-i onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham etdilər – red.) ibarətdir. Azərbaycan hakimiyyətinin seçki saxtakarlıqları göz qabağındadır. Ötən seçkilərdə ATƏT səsvermənin 58 faiz saxtalaşadırılması haqda rəy vermişdi», – Milli Şura sədri bildirir.

Müsavat Partiyası başqanı A.Hacılı deyir ki, resurslar məhdudlaşdırılsa da, onların ölkə ərazisində ümumi müşahidəni təşkil etmək, etiraz aksiyaları keçirmək, seçki saxtakarlıqları ilə bağlı hüquqi müstəvidə mübarizə aparmaq üçün yetərincə potensialı var: «Partiyada minlərlə seçki mütəxəssisi var ki, bu məsələləri həll etməyə qadirdirlər».

A.Hacılı
A.Hacılı

C.Həsənli də, A.Hacılı da bu fikirdədirlər ki, seçkilərin «qeyri-legitimliyi» elə indi də şübhə doğurmur. Əvvəla «saxta referendum» nəticəsində seçkilər növbədənkənar keçirilir, bundan başqa beynəlxalq müşahidənin təşkilinə əngəllər yaradılıb, seçki siyahıları dəqiqləşdirilməyib, seçki komissiyaları hakimiyyət nəzarətindədir, bərabərhüquqlu rəqabət şəraiti yoxdur, ifadə və sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. A.Hacılının fikrincə, bu durumda keçirilən seçkiləri demokratik və ədalətli seçkilər adlandırmaq mümkün deyil.

«Bütün hallarda, bu seçkilərin sonunu gözləmək lazım deyil. Digər seçkilərdən fərqli olaraq, bu seçki sonuna görə deyil, başlanğıcına görə qeyri-legitimdir. Fevralın 5-dən bəri başa verənlər bu seçkini qeyri-legitim vəziyyətə salıb. Bu seçkidə problem onda deyil ki, kimsə gəlib qutuya 20-30 bülleten atacaq. Problem ondadır ki, seçki mühiti olmadan İlham Əliyev hakimiyyətin, dövlətin verdiyi imkanlardan öz maraqları naminə istifadə etdiyinə, azad mətbuatı boğduğuna, siyasi məhbuslar arasında potensial namizədlər olduğuna və ölkədə 2013-cü il prezident seçkilərini saxtakarlıqla keçirmiş komissiyalara 2018-ci il seçkilərini yenidən etibar etdiyinə görə bu seçkilər qeyri-legitim vəziyyətə düşüb. Ona görə də müşahidənin olub-olmaması, rəy verilib-verilməməsinə ehtiyac yoxdur», – C.Həsənli söyləyir.

Ş.Hacıyev
Ş.Hacıyev

«Mühüm olan nekroloqu korlamamaqdır»

«Rusiyalı jurnalist Viktor Şenderoviçin gözəl sözü var – «biz indi elə bir yaşdayıq ki, mühüm olan nekroluqumuzu korlamamaqdır». Bax, indi müxalifət də həmin vəziyyətdədir», – siyasi şərhçi Şahin Hacıyev müxalifətin boykot qərarından danışarkən deyir: «Onların mövqeyi budur ki, mənəvi baxımdan zərbə olacaq addım atmasınlar. Çünki yanlış bir addım mənəviyyat məsələsini sual altına qoyur. Mən bunu tənqid üçün demirəm. Onların, əslində, böyük seçimləri də yoxdur - ya gərək bu oyuna qoşulub gedəsən, ya da oyuna qoşulmayasan. Onlar da ikinci yolu seçiblər və məncə, düz ediblər».

Siyasi şərhçi deyir ki, müxalif düşərgə əli-qol bağlı otura da bilməz: «Burda söhbət ondan gedir ki, mən deyirəm: «Filankəs pis adamdır», sən də deyirsən: «Elə deyil». Bunu təsdiq etmək üçün sən məcbursan sübut toplamağa. Bir də var heç nə etməyəsən. Ona görə müxalifətin seçkiləri müşahidə etməsi doğru qərardır».

Milli Şura, REAL, Müsavat, NİDA Vətəndaş Hərəkatı və bir neçə siyasi qurumlar oktyabrdan aprelin 11-nə keçirilən seçkiləri boykot edib, seçkilərin nəticələrini tanımayacaqlarını bəyan ediblər. Hakimiyyət təmsilçiləri seçkinin vaxtının önə çəkilməsinin bu il ölkədə planlaşdırılan beynəlxalq tədbirlərlə izah ediblər.

İ.Əliyev səs verir. 2013
İ.Əliyev səs verir. 2013

Deputat: «Müxalifət bunu bacarsaydı edərdi»

Deputat Rövşən Rzayev müxalifətin ölkədə demokratik seçki mühitinin olmaması barədə tənqidləri ilə razılaşmır. Onun boykot qərarını isə ədalətli seçkilərin keçirilməməsi barədə bəhanələrlə bağlamır, əksinə, düşünür ki, müxalifətin mübarizə aparmaq imkanı olsaydı, bunu edərdi.

«Müxalifətin xalq arasında dəstəyi olsaydı, seçkilərə qoşulardı. Ancaq belə dəstək yoxdur. Müxalifət uzun illərdir bu imkandan məhrumdur və əlindən heç nə gəlmir. Siyasi mübarizə aparmaqdan ötrü bunu bacarmaq lazımdır. Mən iqtidar adamıyam, əliyevçiyəm və buna görə istəmərəm ki, müxalifət bir daha xalqı aldatsın. O müxalifət xalq qarşısında cavabdehdir. O itkilərə görə cavabdehdir. Bu gün danışdıqlarının da əsası yoxdur», – deyərək deputat fikrini yekunlaşdırır.

Azərbaycan rəsmiləri də, adətən, beynəlxalq qurumların və müxalifətin bu yöndəki tənqidlərini rədd edir, ölkədə normal seçki keçirilməsi üçün hər cür şəraitin mövcud olduğunu bildirirlər.

XS
SM
MD
LG