Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:16

Çingiz Abdullayev: 'Tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb'


Çingiz Abdullayev
Çingiz Abdullayev

Fevralın 9-da yaradıcı qurumların başçıları və üzvləri bəyanatla çıxış edərək prezident seçkisində indiki dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər. Onların arasında Anar, Fərhad Xəlilov, Fərhad Bədəlbəyli, Şəfiqə Məmmədova, Çingiz Abdullayev, Amaliya Pənahova, Afaq Bəşirqızı, Azərpaşa Nemətov və başqaları da var.

Bəyanat sosial şəbəkələrdə kəskin tənqid edilib, hətta bununla seçki qanunvericiliyinin pozulduğu bildirilib.

AzadlıqRadiosu yazıçı Çingiz Abdullayevlə danışıb. Amma bir qədər əsəbi olan yazıçı bütün sualları cavablandırmayıb və söhbəti yarıda kəsib. Onunla söhbəti təqdim edirik.

- Çingiz müəllim, iki sualımız vardı. Əvvəla, niyə İlham Əliyevə dəstək vermək istədiniz? İkincisi, yaradıcı qurumların adından verilən dəstək bəyanatı tənqid olunur. Bu tənqidlər haqda nə düşünürsünüz?

- Birincisi, mən onu 30 ildən çoxdur tanıyıram. İkincisi də, mən üç dəfə onun vəkili olmuşam. Bəs mən kimin tərəfində olmalıyam? Məni qınayanlar başa düşmürlər ki, üç dəfə seçkilərdə onun vəkili olmuşam. O dəfələrlə deyib ki, mənim kitablarımı bəyənib, oxuyub. Bundan başqa, mən fikirləşirəm ki, doğrudan da, bu namizədlərin arasında ən yaxşısı budur. Ona görə də mən ona səs verməyə çağırmışam, vəssalam.

- Amma təşviqat kampaniyası başlamadan bu cür müraciətin edilməsinin qanun pozuntusu olduğu deyilir. Siz bunu bilirdinizmi?

- Mən özüm hüquqşünasam. Burda qanun pozuntusu yoxdur. Bu olar, mən öz mövqeyimi deyirəm. Mən demirəm ki, mütləq gedin ona səs verin. Mən fikirləşib deyirəm ki, bunu seçin. Mən istənilən vaxt bu fikri deyə bilərəm, seçkidən qabaq da, seçkidən sonra da. Bu mənim ixtiyarımdır. Öz mövqeyimi deyirəm. Düz demirlər.

- Bir qrup ziyalı adından kütləvi çağırış edilir, sizcə, bu...

- Seçki kampaniyası olsa, o müddətdə çağırsalar... Orda ziyalılar yığışmışdılar. Öz mövqelərini çatdırırdılar. Amma təəssüflər olsun ki, bəzi jurnalistlər tarixi bilmirlər, görünür, bu bizim də nöqsanımızdır. 1993-cü ildə səkkiz adam ovaxtkı prezident Əbülfəz Elçibəyin yanına, onun evinə getmişdilər. Həmin adamlar qəti şəkildə narazılıqlarını çatdırdılar. Rəhmətliklər Tofiq Quliyev, Vasif Adıgözəlov, Maqsud İbrahimbəyov və indi yaşayan Anar, Fərhad Xəlilov, Fərhad Bədəlbəyli, Rüstəm İbrahimbəyov və Çingiz Abdullayev – səkkiz adam gedib orda bütün narazılıqlarımızı dedik. 18 məsələ idi. O da yazırdı. Yəni biz ziyalılar hakimiyyəti həmişə dəstəkləmirik. Biz nədənsə razı deyiliksə, sözümüzü deyirik. Hələliksə, axmaq jurnalistlər bunu başa düşmürlər. Çox sağ olun suallarınıza görə.

- 1993-cü ildə getmişdiniz? Bəs indiki prezidentlə görüşə...

- Heyf ki, o, çox şey edə bilmirdi, baxmayaraq ki, dövlətin rəhbəri idi. Bəzi şeyləri çalışırdı etsin, bəzilərini edə bilmirdi. Açığı, Elçibəyə baxanda mənim ürəyim ağrıyırdı, axı, bu ölkənin başçısıdır, amma çox şeyi edə bilmirdi. Bunu bilməyən adamlar indi yığışıb deyirlər ki... Heyf, bəzi axmaq adamlar başa düşmürlər ki, ziyalılar hər zaman sözlərini deyirlər və heç kəsdən də qorxmurlar. Orda yığışan, oturan adamlar razı olmasaydılar, ömründə o sözü deməzdilər. Mən onların hamısını yaxşı tanıyıram. Ona görə Azərbaycan xalqına, onun ziyalılarına bir az hörmətlə yanaşın. Bu, onun ziyalılarıdır. Bir az hörmət. Siz də hörmətsiz edib indi bu sualları mənə verirsiniz. O haqda yazan jurnalistlər də hörmətsizlik edirlər. Bu necə xalqdır, əgər onun ziyalıları... Mən o söyüşləri demək istəmirəm. Orda söyüşlər olub. Utanmırsız bunu deyirsiniz? Özünüzdən utanmırsınız? Hər şey keçib gedəcək, amma tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb. Görünür, utanmırlar.

- Çingiz müəllim...

- Mən heç vaxt öz mövqeyimi dəyişməmişəm, dəyişən də deyiləm. Heyf oradakı çıxışıma qulaq asmamısınız. Mən orda demişəm ki, Kommunist Partiyasının vaxtında partokrat, Xalq Cəbhəsi vaxtında cəbhəçi, indi də Yeni Azərbaycan Partiyasının vaxtında yeni azərbaycançı olanlar, xahiş edirəm, mövqeyiniz bir olsun. Mən mövqeyimi dəyişməmişəm. Ona görə necə ki İlham Əliyevin üç dəfə vəkili olub dəstəkləmişəm, yenə də dəstəkləyirəm. Çox sağ olun.

- İlham Əliyev dəstəkləyirsiniz, amma xalqı...

- Çox sağ olun...

XS
SM
MD
LG