Sosial şəbəkələr prezident seçkisinə maneə törədirmi?
Mərkəzi Seçki Komissiyanın sədri Məzahir Pənahov fevralın 6-da deyib ki, təşviqat prosesinin tənzimlənməsində sosial şəbəkələr problemlər yaradır.
O bildirib ki, sosial şəbəkələr idarəolunmaz amilə çevrilib, bu isə MSK üçün pis vəziyyət yarada bilər:
“Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq".
Buna da bax: Seçki təqvim planı: Namizəd 2 həftəyə 60 dairədən 40 min imza toplamalıdır... [video]
Seçki elə bir vaxtda keçirilir ki, Azərbaycanda “Meydan TV”, “Azadlıq” qəzeti və AzadlıqRadiosu-nun saytları bloklanıb. Hökumət, keçən il bu tənqidi materiallar yayan media qurumlarının fəaliyyətini qadağan edib.
Sərhədsiz Reportyorlar Təşkilatının keçən ilki sıralamasına görə, Azərbaycan, Avropada medianın durumu ən pis olan ölkədir.
Bununla belə, bəzi müxalifət liderləri sosial şəbəkələrdə aktivdirlər. Məsələn, AXCP sədri Əli Kərimlinin “Facebook” səhifəsini 215 minə qədər izləyici bəyənib. Prezident İlham Əliyevin “Facebook” izləyiciləri 540 minə yaxındır. AXCP sədri Əli Kərimli bu səhifədən canlı yayımlar edir. Onun, növbədənkənar prezident seçkisi elan olunması ilə bağlı “Facebook”da yaydığı çıxışına son iki gündə 61 min baxış olub:
AXCP-nin daxil olduğu Milli Şura, seçkini boykot edib, dinc nümayişlər keçirməyə qərar verib.
Buna da bax: 'Hamı mebel seçkisinə: Bizim namizəd - 'Kseniya' yastığıdır'
Başqa bir müxalifət partiyası – “Müsavat” keçmiş başqanı İsa Qəmbəri İlham Əliyevlə yarışa göndərməyə qərar vermişdi, amma seçkinin vaxtı qəfil dəyişəndən sonra, partiya hələ ki, seçkidə iştirak edib-etməməyi müzakirə edir.
Müsavat Partiyasının Divan üzvü Elman Fəttah deyir ki, MSK sədri Məzahir Pənahov ona görə sosial şəbəkədən narahatdır ki, hökumət ənənəvi mediada öz ünvanına tənqidləri məhdudlaşdırıb, amma sosial şəbəkə onun nəzarətindən kənarda qalıb:
“Yalnız sosial media var ki, burda fikri ifadə etmək üçün müəyyən imkanlar qalıb. Bu təklif elə belə meydana gəlməyib, bu, hökumətin iradəsidir. Sırf seçki prosesində bu ifadə vasitəsini ləğv etməyə çalışacaqlar”.
Buna da bax: Ərəstun Oruclu: 'Mehriban Əliyevadan çəkinirlərsə… əsasları var'
Elman Fəttah deyir ki, partiya seçki dönəmində ölkə daxilində “Facebook”a girişin məhdudlaşdırılacağını gözləyir. “Bu halda, müxalifətin və tənqidçilərin xalqa yeganə çatım imkanının da qarşısı alınacaq”, – deyə Müsavat başqanının müavini bildirir. Qanun, seçki kampaniyası dövründə "Facebook" və başqa sosial şəbəkələrdə nələri etməyi məhdudlaşdırır?
MSK sədri Məzahir Pənahov deyib ki, sosial şəbəkələr təşviqat prosesinin tənzimlənməsində problemlər yaradır.
Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]
“KİV haqqında qanun”la, Azərbaycanda internet, o cümlədən sosial şəbəkələr kütləvi informasiya vasitəsi sayılır.
Media üzrə hüquqşünas Xalid Ağaliyev deyir ki, seçki qanunvericiliyinə görə, dövlətin öhdəliyi var ki 23 günlük təşviqat müddətində, büdcədən maliyyələşən media, namizədlərə bərabər imkanlar yaratsın. Qalan müddətdə isə namizədin büdcədən maliyyələşməyən mediada, o cümlədən sosial mediada öz platformasını müdafiə etməsi üçün hansısa məhdudiyyət yoxdur, seçkidə namizədlərin biri-birini tənqid etməsi hansısa qanun pozuntusu deyil.
Xalid Ağalıyev deyir ki, hakimiyyətin ölkə daxilində "Facebook"a girişi məhdudlaşdırılması mümkündür:
Buna da bax: Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'
“Qanunvericilikdə internetin hansısa formada blok edilməsi, məhdudlaşdırılması yalnız fövqəladə hallarda mümkündür. Amma hökumət hansısa daxili qanunla “Facebook”u bloklaya bilər. Biz bundan əvvəl tənqidi beynəlxalq medianın bloklanmasının şahidi olmuşuq”.
Xalid Ağaliyev deyir ki, indiki halda qanunla, yalnız seçkinin məqsədlərindən çıxıldığı halda "Facebook"u media kimi bloklamaq qanuni əsas yarada bilər. Onun sözlərinə görə, bu, məsələn, "Facebook"da zorakılığa çağırış ola bilər.
Keçən il hakim partiyadan deputat Siyavuş Novruzov təklif etmişdi ki, “Facebook”a şəxsiyyət vəsiqəsi ilə girilsin. Deputat demişdi ki, internetdə hər kəs saxta profil açıb istədiyi fikri yazır, bunun qarşısını almaq lazımdır.
Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]
Keçən ilin mayında isə bir neçə gün ərzində “Skype”, “WhatsApp” kimi kommunikasiya proqramlarının, ölkə daxilində görüntülü danışıq funksiyaları məhdudlaşdırılmışdı, hökumət bunu, İslam Oyunları vaxtı təhlükəsizlik tədbiri kimi izah etmişdi. O tənqidçilər bunu, sosial şəbəkələri məhdudlaşdırmaq cəhdi kimi izah etmişdi.
Buna da bax:
Hələlik Azərbaycana hökumətin sosial mediaya girişə məhdudiyyət qoymasına dair bir məlumat yoxdur. Ara-sıra vətəndaşlardan internet xidməti göstərən bəzi şirkətlərin “Youtube” portalına girişə məhdudiyyət tətbiq etməsinə dair şikayətlər səslənir. Amma bu cür şikayətlər hələlik yalnız bir neçə internet provayderin müştərilərindən gəlir, onlar da bloklanmanın müntəzəm deyil, vaxtaşırı qısa müddətlərə tətbiq edildiyini deyirlər.