Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Qəzada ölən hərbçilərə hansı halda şəhid statusu verilə bilər


Bakıda vaxtılə ordu sıralarında həlak olan, amma status verilməyən hərbçilərin valideynlərinin etiraz aksiyası
Bakıda vaxtılə ordu sıralarında həlak olan, amma status verilməyən hərbçilərin valideynlərinin etiraz aksiyası

Hərbi təlimdən qayıdanda Xızı yolunda qəzaya düşüb həyatını itirmiş Kamil Məmmədovun ailəsi hesab edir ki, ona şəhid statusu verilməlidir. Lakin Müdafiə Nazirliyi imtina edir. Əsas kimi isə bunu göstərir ki, bu status döyüş tapşırığını yerinə yetirərkən həyatını itirənlərə verilir. Bu üzdən mərhum hərbçinin anası Validə Məmmədova Müdafiə Nazirliyini məhkəməyə verib.

Hadisə 2021-ci ilin yanvarında baş verib. Hərbi hissəyə məxsus "Ural" markalı avtomobildə təlimdən qayıdan 17 hərbçi qəzaya düşüb. Onlardan 14-ü yüngül, 3-ü isə ağır xəsarət alıb.

Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, 1998-ci il təvəllüdlü Kamil Məmmədov ağır yaralananlardan biri olub. O, bir həftə Mərkəzi Hərbi Hospitalda koma vəziyyətində qalandan sonra vəfat edib.

"Bu sənədləri təqdim edirəm, amma..."

Qəza zamanı "Ural"ı idarə edən hərbçi cinayət məsuliyyətinə cəlb edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, CM-in 351.2 (maşınları idarəetmə və istismar qaydalarını pozma, ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib, 1 il sınaq müddəti ilə şərti cəza verilib.

Şikayətçi Məmmədova deyir ki, oğlu 2020-ci ildə 44 günlük müharibədə iştirak edib, ona "Cəsur döyüşçü", "Cəbrayılın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə" və başqa medallar verilib. Hətta müharibədə baldırından güllə yarası alsa da, sağalandan sonra yenə döyüşə qayıdıb. Onun fikrincə, oğlunun xidmətlərinə baxmayaraq, ona şəhid statusunun verilməməsi ədalətsizlikdir: "Hərbi hissə komandirinin bizə verdiyi arayışda da yazılıb ki, oğlum hərbi xidmət vəzifələrini yerinə yetirən zaman həlak olub. Bu sənədləri təqdim edirəm, amma ona şəhid statusu verməkdən imtina edirlər".

23-yaşlı oğlunun ölümündən dörd ay sonra atası Şamil Məmmədov da vəfat edib.

Təlimdən qayıtsalar da...

Bu mübahisəyə məhkəmədə baxılanda cavabdeh kimi göstərilən Müdafiə Nazirliyi başqa bir dövlət qurumu ilə – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəzlənib. Bu qurumun nümayəndəsi isə şəhid statusunun verilməsindən imtinanı belə əsaslandırıb: "Kamil Məmmədov hərbi xidməti vəzifələrinin icrası zamanı vəfat edib. Bu məlumat Müdafiə Nazirliyinin verdiyi arayışda da əksinin tapıb. Qanunvericiliyin tələblərinə görə, şəhidlik statusu yalnız döyüş tapşırığını yerinə yetirərkən vəfat etmiş şəxslərə verilə bilər".

Məhkəmədə qəza zamanı "Ural"da olmuş hərbçilər də dindirilib. Onlar deyib ki, təlimdən qayıtsalar da, döyüş tapşırığını yerinə yetirməyə gedirdilər.

Səfərbərlik Xidməti narazı qalıb

Oktyabrın 21-də bu mübahisə ilə bağlı qərar verilib və Məmmədovanın iddiası təmin edilib. Hakim gəldiyi nəticəni əsaslandırarkən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna, eləcə də bu qanunun tətbiqi ilə bağlı Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalara istinad edib. Həmin qaydalara əsasən, "atəşkəs dövründə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olan (itkin düşən) şəxslər də şəhid hesab edilirlər".

"Kamil Məmmədov da döyüş tapşırığının yerinə yetirilməsinə hazırlıq zamanı aldığı ağır xəsarət nəticəsində vəfat edib", – hakim öz qərarını belə əsaslandırıb.

Qarşı tərəf - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu qərardan narazı qalıb. Lakin hələlik apellyasiya şikayəti verilməyib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan həmin müharibədə 2 min 900-dən çox hərbçisinin həlak olduğunu bildirib.

XS
SM
MD
LG