Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:53

Şəki doğum evində yenə ölü uşaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ata olmaq arzusu gözündə qalan Yalçın Xalidov deyir, Şəkidəki doğum evindən qucağında körpəsi ilə sağ-salamat çıxan anaya şanslı ana kimi baxırlar. Çünki xəstəxananın həkimləri heç də hər ananın üzünü güldürə bilmir. Onun həyat yoldaşı Günay Həşimova kimi…

«BİZLİK DEYİL»

Günay Həşimova Qəbələ sakinidir. Bu günlərdə doğuş üçün Şəki Regional Perinatal Mərkəzinə gətirilib. Ancaq doğuş uğursuz olub. Yalçın Xalidovun deməsinə görə, həkimlərin vaxtında müdaxilə etməməsi nəticəsində körpə ölü doğulub:

«Günayı əvvəl Qəbələdəki xəstəxanaya götürdük. Dedilər, «bizlik deyil, aparın Şəkiyə». Başa düşmürəm, niyə xəstəxanaya pasient gətirəndə həkim deməlidir ki, «bizlik deyil». Ancaq artıq körpə doğulmalıydı, bunu aydınlaşdırmağa imkan yox idi. Gətirdik Şəki xəstəxanasının doğum şöbəsinə. Həkimlərin savadsızlığındanmı, qeyri-peşəkarlığındanmı deyim, ilk övladımızı itirdik. Bir az araşdıranda üzə çıxdı ki, burda tez-tez ölüm hadisələri olur – ya ana ölür, ya uşaq. Elə bizdən bir həftə əvvəl də təzə doğulan bir uşaq ölübmüş. Nədənsə, həmişə də günahı ya ananın üstünə yıxırlar, ya da körpənin. Elə bizə də dedilər ki, ananın böyrəyində daş varmış, doğuş vaxtı da kor bağırsağı partlayıbmış. Özləri də nə dediklərini bilmirlər».

ANANIN VƏZİYYƏTİ AĞIR İMİŞ

Ailə körpənin ölü doğulmasının səbəblərinin araşdırılmasını tələb edir. Ailə hesab edir ki, baş verənlərə səbəb həkimlərin səhlənkarlığıdır. Ancaq xəstəxanadan belə hesab etmirlər. Oradan «Qaynar xətt»ə bildirilib ki, ana daxil olanda vəziyyəti ağır imiş. Ananın öz həyatını çətinliklə xilas etmək mümkün olub.

Günay Həşimovanın qohumları deyir, ötən həftə də eyni xəstəxanada körpə ölümü baş verib.

Bu ilin aprelində Şəki sakini Aytac Əhmədova «Qaynar xətt»ə Şəki doğum evində «şirinlik» vermədiyinə görə həkimlərin onunla kobud rəftar etməsindən danışmışdı.

XS
SM
MD
LG