Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Uşaq evində yeyinti haqda danışdığına görə cəzalandırıldı


Sosial şəbəkələrdə Şəkidəki uşaq evində zyaşlıların döşəmənin üstündə yatdığını əks etdirən fotolar yayımlanmışdı.
Sosial şəbəkələrdə Şəkidəki uşaq evində zyaşlıların döşəmənin üstündə yatdığını əks etdirən fotolar yayımlanmışdı.

40 il Şəkidəki qarışıq tipli uşaq evində işləyən Təranə Kərimova orada uşaqlara qarşı pis rəftar, yeyinti halları barədə dediklərinə görə cəzalandırılıb. Uşaq evinin direktoru İlhamə Məmmədovanın şikayəti əsasında tərbiyəçi cinayət məsuliyyətinə cəlb edilib. Direktor tərbiyəçini böhtan atmaqda günahlandırıb.

Sosial şəbəkələrdə Şəkidəki uşaq evində saxlanılan azyaşlıların döşəmənin üstündə yatdığını əks etdirən fotolar yayımlanmışdı. İnternet televiziyalarından birində sözügedən uşaq evində yeyinti halları, o cümlədən ayrılan ərzaq məhsullarının satılması və s. hallar barədə məlumat yayılmışdı.

"Bunların hamısı həqiqətdir"

64-yaşlı Kərimova özü də təsdiqləyir ki, həmin məlumatları internet televiziyasına özü göndərib, uşaqların yerdə yatmasını təsdiqləyən fotoları da o yayımlayıb. O, məhkəmədə də təkrarlayıb ki, işlədiyi uşaq evində dövlətin ayırdığı ərzağın növü və çəkisi ilə uşaqlara verilən arasında kəskin fərq var. Çünki ayrılan ərzağın bir hissəsi uşaqlara çatmır, satılır. Kərimova etiraf edib ki, uşaqlar döşəmədə yatdığı yerdə onların şəkilini özü çəkib.

"2020-ci ilin yay aylarında uşaqlar günorta yatan vaxt çəkmişdim. Direktora da şifahi şəkildə bu məsələni demişdim, nəticəsi olmamışdı. Fikirləşdim ki, ictimailəşdirsəm, dövlət orqanları müdaxilə edər. Düzdür, ərzağın satılması və bənzər hallarla bağlı əlimdə sənəd-sübut yoxdur. Amma mən bütün bunların şahidiyəm, bunların hamısı həqiqətdir", – Kərimova belə deyib.

"Bundan qəzəblənib məni hədələdi"

Direktor İlhamə Məmmədova isə onun yalan danışdığını iddia edir. Hesab edir ki, Kərimova ondan qisas almaq üçün ona böhtan atır: "Təranə Kərimovanın əmək təlimi rəhbəri kimi iş saatı bir oklad idi. Eyni zamanda, o tərbiyəçi vəzifəsində əvəzedici idi, bu işə görə də yarım oklad işləyirdi. 2021-ci ilin mayında əvəzçi tərbiyəçi təyin olunduğuna görə iyuldan Kərimovadan həmin yarım oklad götürüldü. O da bundan qəzəblənib məni hədələdi...".

Direktorun sözlərinə görə, uşaqlar döşəmədə yatmır, onunla ədavəti olan tərbiyəçi bilərəkdən onları bu şəkildə yatırdaraq həmin fotoları çəkib.

Kərimova isə deyir ki, yalandır, həmin fotolar 2020-ci ilin yayında çəkilib. O zaman heç ondan yarım oklad işin alınması məsələsi yox idi.

1000 manat kompensasiya ödəmək öhdəliyi

Direktor Kərimovaya CM-in 147.1 (böhtan) maddəsində nəzərdə tutulmuş ən ağır cəzanı istəməklə yanaşı, həm də ondan 3 min manat kompensasiya tələb edib. Səbəbini də belə izah edib ki, xeyli əsəb və stress keçirib, utanıb, nəticədə ona mənəvi zərər dəyib.

Şəki rayon Məhkəməsində sentyabrın 5-də bu məsələ ilə bağlı hökm çıxarılıb. Hökmə əsasən, Kərimova 1 min 500 manat cərimə cəzasına məhkum edilib. Lakin ona münasibətdə 2021-ci ilin noyabrında qəbul edilən Amnistiya Aktı şamil olunub. Yəni 1 min 500 manat cərimə cəzası amnistiyaya düşüb.

Amma mənəvi ziyana görə kompensasiya məsələsində direktorun mülki iddiası qismən təmin olunub. Kərimovanın üzərinə direktora 1000 manat kompensasiya ödəmək öhdəliyi qoyulub.

Kərimova bu hökmdən narazı qalıb, apellyasiya şikayəti verəcəyini deyir.

XS
SM
MD
LG