Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:16

Senator Ben Kardin: 'Sülh müqaviləsi Ermənistan üçün ədalətli olmayacaq'


Senator Ben Kardin
Senator Ben Kardin

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib ki, Bakı Azərbaycan-Ermənistan sülh müqaviləsini imzalamamaqdan ötrü “gülünc” şərtlər qoyur və bu müqavilə Ermənistan üçün ədalətli olmayacaq.

Kardin bu şərhi ABŞ Helsinki Komissiyasının Vaşinqtonda təşkil etdiyi dinləmədə Bakı və Yerevan arasında sülh müqaviləsi danışıqlarının müzakirəsi zamanı verib:

“Əgər mən düzgün başa düşürəmsə, onlar Dağlıq Qarabağ icmasının bölgəyə girişi məsələsi barədə heç danışmırlar da. Onlar hətta Ermənistanın hazırda Azərbaycanın nəzarətində olan hissəsində sərhədlər məsələsindən də danışmırlar. Odur ki, bu, əslində ədalətli razılaşma deyildir”.

Senator deyib ki, buna baxmayaraq Ermənistan müqavilənin imzalanmasına çalışır, çünki sərhədlərinin açılmasını və iqtisadiyyatının inkişafını istəyir.

Helsinki Komissiyasına respublikaçı həmkarı ilə həmsədrlik edən Kardin deyib ki, o müqavilənin tezliklə imzalanacağına inanmır, çünki Bakı Azərbaycana ərazi iddiaları ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir:

“Azərbaycan Ermənistan konstitusiyasına dəyişiklik edilməsində israr edir. Bu gülüncdür. Bu çox gülünc tələbdir. Buna heç ehtiyac yoxdur və biz inanırıq ki, məqsəd razılaşmanın gecikdirilməsi və ya ləğv edilməsidir”.

Kardinin dedikləri Ermənistan müxalifətinin tələblərinə bənzəyir

Bakı israr edir ki, Ermənistan öz konstitusiyasını dəyişməlidir. Bakı özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir.

Müstəqillik Bəyannaməsində isə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Bu da qeyd olunmalıdır ki, o vaxt daha yüksək instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı qanunsuz sayaraq dərhal ləğv etmişdi.

Paşinyanın özü də ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Buna baxmayaraq Paşinyan sentyabrın 11-də deyib ki, sülh müqaviləsinin 17 maddəsindən artıq 16-sə razılaşdırılıb və iki ölkə arasında təməl sənəd kimi bu maddələr imzalana bilər.

Azərbaycan isə bildirir ki, Bakı hər hansı yarımçıq sənədin imzalanmasını qeyri-məqbul hesab edir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, senator Kardinin dedikləri, əslində Ermənistan müxalifətinin tələb etdiyi məsələlərdir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG