Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:28

Sənay Qəhrəmanlı işində 7 il həbs istənildi


İctimai fəal Sənay Qəhrəmanlıya qarşı cinsi təcavüz ittihamı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində yarım ildir davam edən məhkəmə araşdırmaları yekunlaşıb

İctimai fəal Sənay Qəhrəmanlıya qarşı cinsi təcavüz ittihamı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində yarım ildir davam edən məhkəmə araşdırmaları yekunlaşıb.

İyulun 13-də məhkəmədə prokuror təqsirləndirilən Əsgər Ağazadənin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, Ağazadəyə qarşı CM-in 149.2.3 (zorlama - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə irəli sürülən ittiham məhkəmə istintaqında sübuta yetirilib.

"Əməlini boynuna almır"

Qarşı tərəf – Sənay Qəhrəmanlının anası və məhkəmədə nümayəndəsi qismində iştirak edən edən yazar Zümrüd Yağmur isə prokurorun tələb etdiyi cəzadan narazı qalıb. O, hesab edir ki, dövlət ittihamçısı Ağazadəyə yüngül cəza istəyib:

“İşdə çoxlu ağırlaşdırıcı hallar var və bunlar nəzərə alınmır. Qarşı tərəf əməlini boynuna almır, peşman deyil, cinayəti planlı şəkildə törədib və sair...”

Zümrüd Yağmur təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini tələb edib.

Ağazadə isə ümumiyyətlə, özünü təqsirli bilmir, ona qarşı ittihamın şər-böhtan olduğunu deyir.

Bu cinayət işində təqsirləndirilən və zərərçəkmiş iki bacının övladlarıdır.

"İttiham şər-böhtandır"

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva oğlunun günahsız olduğunu, bacısı və onun övladı tərəfindən məqsədli şəkildə böhtana məruz qaldığını iddia edir.

Onun sözlərinə görə, məhkəmə zamanı da oğlunun təqsirsizliyi sübuta yetirilib:

“Ekspertiza rəyləri də sübut edir ki, oğluma qarşı ittiham şər-böhtandır. Ekspertin tədqiq etdiyi paltarlarda Əsgər Ağazadəyə aid iz aşkarlanmayıb. Ekspertlər məhkəmədə də həmin rəyləri təsdiqləyiblər”.

Məhkəmə prosesi iyulun 27-də Ağazadənin vəkillərinin çıxışıyla davam edəcək, ardınca özü son sözünü deyəcək. Bundan sonra hökm elan ediləcək.

Cinayət işinin materiallarına əsasən, Sənay Qəhrəmanlı 2020-ci ilin avqustunda cinsi təcavüzə məruz qalıb.

Bu iş bir ilə yaxın Yasamal rayon Prokurorluğunda araşdırılıb, lakin Əsgər Ağazadə haqqında cinayət işi başlanması rədd edilib.

Daha sonra Zümrüd Yağmur mətbuat konfransı keçirərək məsələni ictimailəşdirib. Bundan sonra Ağazadə barəsində cinayət işi başlanıb, o, həbs edilib.

XS
SM
MD
LG