Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 06:21

Şengen vizası ala bilməyən vətəndaş sayı üç dəfə artıb


Azərbaycan üçün şengen vizası sadələşə bilər
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Azərbaycan üçün şengen vizası sadələşə bilər (2020)

2015-ci ildə dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşdı. Büdcə gəlirlərinin yarısından çoxu neft gəlirləri hesabına formalaşan Azərbaycanda bu proses təsirsiz ötüşmədi. Ölkə Mərkəzi Bankı həmin il boyunca iki dəfə manatın devalvasiyası haqqında qərar qəbul etdi. Bu devalvasiyalar bir il ərzində xarici valyutalarla müqayisədə manatı iki dəfəyə yaxın dəyərsizləşdirdi. Manatın dəyər itirməsi ölkənin iqtisadi göstəricilərində kəskin azalmaların qeydə alınmasına və əhalinin rifahının azalmasına yol açdı. Statistik göstəricilərdən aydın olur ki, manatın dəyərsizləşməsi dolanışığın pisləşməsiylə yanaşı, Azərbaycan vətəndaşlarının Şengen vizası üçün müraciətlərinə rədd cavabı verilməsi hallarını da artırıb. Göstəricilərdən aydın olur ki, devalvasiyanın qeydə alındığı 2014-cü ildən öncə azərbaycanlıların Şengen vizası üçün müraciətlərinin cəmi 4 faizinə imtina cavabı verilib. Devalvasiyanın ağır təsirlərinin ən çox hiss edildiyi 2017-ci ildə isə bütün müraciətlərin 14 faizinə "yox" deyilib. Deməli, üç il ərzində Şengen vizası müraciətlərinə imtina payı üç dəfədən çox artıb. 2017-ci ildən bəri Şengen vizası müraciətinə imtina alan azərbaycanlıların toplam müraciətçilər içərisindəki payı ikirəqəmli həddə olub.

Şengen (Schengen) vizası Şengen bölgəsinə daxil ölkələrin hər hansı birinə səyahətə icazə verən viza sənədidir. Şengen ərazisində ölkələrarası gömrük və sərhəd məntəqələri olmadığından Şengen vizasını alan şəxs bu ərazidə (bölgəyə 26 ölkə daxildir) sərbəst səyahət hüququ qazanır.

Devalvasiyadan sonra müraciət sayı da azalıb

Devalvasiyasonrası illərdə imtina sayının artması ilə yanaşı, toplam müraciət sayında da azalma qeydə alınıb. Avropa ölkələrinə turist kimi səyahət etmək istəyənlərin sayca azalmasını da əhalinin dolanışığının pisləşməsinə bağlamaq olar. Əgər 2014-2015-ci illərdə Şengen vizası üçün müraciətçilərin orta illik sayı 70 min nəfər idisə, 2016-2019-cu illərdə bu rəqəm 15 faizə yaxın azalaraq təxminən 60 min nəfər olub. Pandemiya məhdudiyyətlərinin qüvvəyə mindiyi 2020-ci ildənsə bütövlükdə Şengen vizası müraciətlərinin sayında kəskin eniş qeydə alınıb. Həmin il 10 min 651; 2021-ci ildəsə 12 min 627 nəfər Şengen vizası almaq istəyib.

Azərbaycanlılara ən çox hansı səfirlik imtina cavabı verib?

Şengen vizası müraciətləri ilə bağlı diqqətçəkən daha bir məqam ölkələrin imtina göstəriciləriylə bağlıdır. Açıqlanan statistik göstəricilərə görə, ötən il azərbaycanlıların viza müraciətinə ən çox Almaniya səfirliyi imtina cavabı verib. İl boyunca Almaniya səfirliyinə Azərbaycandan 3 min 708 Şengen vizası müraciəti daxil olub. Həmin müraciətlərdən 396-sı, yəni bütün müraciətlərin 11 faizə yaxını imtina ilə nəticələnib. Litva (8.8 faiz), Macarıstan (7.63 faiz) və İtaliya da (7.42 faiz) Şengen vizası müraciətlərinə ən çox imtina qeydə alınan ölkələr arasındadır. Toplamda Azərbaycandan Şengen vizası üçün ən çox Almaniya (3 min 708), Fransa (3 min 498) və Macarıstan (1 min 998) səfirliklərinə müraciət edilib. Düzdür, unutmaq olmaz ki, ötən il pandemiya ucbatından səyahətlərin və dolayısıyla viza müraciətlərinin sayca kəskin azalması ölkələr üzrə göstəricilərə də təsir edə bilər.

Bu baxımdan, pandemiyaöncəsi 2019-cu ilin göstəricilərinə üz tutmaq maraqlıdır. Həmin ilin göstəricilərindən aydın olur ki, o vaxt Azərbaycandan Şengen vizası üçün ən çox Fransa (18 min 261), Almaniya (14 min 460) və İtaliyaya (10 min 825) müraciət qeydə alınıb. Azərbaycan vətəndaşlarına ən çox Yunanıstan (17.36 faiz), Litva (15.06 faiz), Almaniya (13.55 faiz) səfirlikləri imtina cavabı verib.

Qonşu ölkələrdə durum necədir?

Şengen vizasına müraciətlə bağlı Azərbaycanla qonşu ölkələrin nəticələri də maraq doğurur. Güney Qafqaz ölkələrinin göstəricilərinə baxınca aydın olur ki, ötən il Gürcüstandan daxil olan Şengen vizası müraciətlərinin 14 faizinə, Ermənistandan eyni müraciətlərinsə 11 faizinə "yox" deyilib. Maraqlıdır ki, 2018-2020-ci illərdə Gürcüstandan daxil olan müraciətlərin 40 faizə yaxınına imtina cavabı verilib. Ötən il Türkiyədən daxil olan viza müraciətlərinin də 20 faizə yaxınına "yox" deyilib. Burada diqqətçəkən məqam - Türkiyədən müraciətlərə imtina payının 2016-cı ildən sonra dörd dəfəyə yaxın artmasıdır. Ötən ilədək Rusiyada da imtinaların toplam müraciətlərdəki payı 2 faizdən aşağı olsa da, 2021-ci ildə bu göstərici 4 faizi ötüb.

XS
SM
MD
LG