Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı 35 qərarının icrasını müzakirə etdi. Qərarların 30-na "Qafqaz Məmmədov qrupu" daxilində nəzarət edilir. Qrupda sərbəst toplaşmaq azadlığı ilə bağlı işlərdən bəhs edilir. Orada, əsasən, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb. Qurum bu işlərlə bağlı qanunvericilik sarıdan islahatları da zəruri sayır.
Bu həftə, martın 14-də isə Saatlı rayonunda su qıtlığından şikayətlənən sakinlərin aksiyasının qarşısı alındı, rezin güllələrdən və digər vasitələrdən istifadə edildiyi açıqlandı.
DİN: "Qanunvericiliyə uyğun xüsusi vasitələr…"
Daxili İşlər Nazirliyindən (DİN) həmin insidentlə bağlı "Turan"a bildiriblər ki, polis "qanunsuz" aksiyada qanunvericiliyə uyğun tədbirlər görüb: "Polisin qanuni tələblərinə tabe olmayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq xüsusi vasitələr tətbiq olunub və bununla da ictimai asayiş bərpa olunub".
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a deyib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunda bəzi beynəlxalq sənəd və Avropa İnsan Haqları Konvensiyasının əsas müddəaları öz əksini tapıb: "Hökumət hər zaman qeyd edir ki, sərbəst toplaşmaq hüququ ilə bağlı sanksiyalaşdırma özü-özlüyündə icazə almaqdır. Baxmayaraq ki, bu, konstitusion hüquqdur və bütövlükdə ölkə əhalisinin hər bir fərdinə, partiyasına... aid bir məsələdir, təəssüf ki, bu qanun ətrafında da münasibətlər həddindən artıq siyasiləşib. Müxalif qüvvələr bunu məlumat vermə və istənilən ərazidə toplaşmaq hüququ kimi təqdim edir".
"Pat bir vəziyyət yaranıb"
Deputatın sözlərinə görə, qanuna belə əks-qütblü münasibət onun işləkliyinə mənfi təsir göstərir: "Pandemiyada toplaşmaların azalması və demokratiya sahəsində geriləmələr fonunda bizim ölkəmizdə bu məsələ ilə bağlı pat bir vəziyyət yaranıb".
Komitə sədrinin fikrincə, bütün ölkədə vətəndaşların toplaşma yerlərini ərazilər üzrə ən yaxın zamanda müəyyənləşdirib rəsmi dərc etmək gərəkdir: "İkincisi, yalnız xüsusi halları -beynəlxalq tədbirlər, pandemiya şəraiti və digər fors-major halları çıxmaq şərti ilə, digər günlərdə aksiyaların, etirazların keçirilməsi mümkün olmalıdır. Qanunvericilikdə bu var, amma, təbii ki, orada ağlabatan say ifadəsi yer alıb".
"Hökumət kompensasiya ödəyir, islahatlarla bağlı…"
Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, AİHM qərarları yalnız imperativ xarakter daşımır, hökumətlərin üzərinə problemlərin həlli məsuliyyəti də qoyulur: "Yəni kompensasiyalarla yanaşı, həmin qərarlara uyğun qanunvericilikdə problemlərin aradan qaldırılması öhdəliyi də yaradılır. Təəssüf ki, Azərbaycan hökuməti kompensasiyaları ödəyib praktiki məsələlərlə və qanunvericilik islahatları ilə bağlı addım atmır".
Ekspertin sözlərinə görə, Azərbaycanda uzun illərdir sərbəst toplaşmaq azadlığı məsələsi problemdir: "Əvvəllər müəyyən yerlər ayrılsa da (bu, qanunvericilik və insan hüquqları kontekstinə uyğun deyil), sonradan bu da aradan qaldırıldı. Şəhərin mərkəzində etiraz aksiyalarının keçirilməsinə icra hakimiyyəti orqanları tərəfindən icazə verilmir və bu da siyasi qərardır".
Onun fikrincə, hakimiyyət alternativ səsləri eşitmək istəmir: "Kütləvi aksiyalara selektiv yanaşma var. Bir də görürsən ki, hökumətyönümlü təşkilatlar hətta kütləvi şəkildə öz sərbəst toplaşmaq hüququnu gerçəkləşdirərkən müdaxilə olunmur, amma siyasi olmayan şəxslərin etirazına icazə verilmir. Saatlıda sırf sosial məsələlərlə bağlı keçirilən aksiya zamanı da aşırı güc tətbiqinə şahid olduq".