Belqrad yaxınlığındakı Mladenovaç bölgəsində atışma nəticəsində azı 8 nəfər ölüb, 13 nəfər yaralanıb. Məlumatı Serbiya dövlət televiziyası yayıb. Bu, son iki gündə ölkədə ikinci kütləvi atışmadır.
Yerli medianın xəbərinə görə, atışma Mladenovaç yaxınlığındakı Dubona, Malo Orasje və Sepsin kəndlərində baş verib.
Bir neçə saatlıq axtarışdan sonra polis şübhəlinin saxlandığını bildirib, detalları açıqlamayıb.
Yerli media şübhəlinin 21-yaşlı U.B. olduğunu yazırdı.
AzadlıqRadiosunun müxbirlərinin verdiyi məlumata görə, yaralılardan üçü yerli xəstəxanada təcili əməliyyatı götürülüb.
Polis hələ ki, hücumun motivi barədə açıqlama verməyib. Məlumata görə, insident mayın 4-də axşam saatlarında, 21-yaşlı gəncin polislə açıq-aşkar mübahisədən sonra insanlara atəş açması ilə başlayıb. Şübhəli hərəkət edən avtomobildən, avtomat silahdan atəş açıb və ən azı 8 nəfər ölüb.
Nazir “terror aktı” deyir
Serbiyanın Teleqraf xəbər portalının məlumatına görə, Daxili İşlər Naziri Bratislav Qasiç hadisəni "terror aktı" adlandırıb.
Bu hadisədən təxminən 46 saat öncə, mayın 3-də Belqradda yerləşən məktəbdə, 13-yaşlı şübhəli səkkiz uşağı və bir mühafizəçini güllələləyərək öldürüb, yeddi nəfəri yaralayıb. Bundan sonra hökumət silahlara qarşı daha sərt tədbirlər elan edib.
Hazırda Serbiyada ölkəni şoka salan atışma qurbanlarının üç günlük matəmi davam edir.
Mayın 4-də hökumət, mövcud şəxsi silah icazələrini hərtərəfli nəzərdən keçirməyə və digər tədbirlərə başladığını deyib.