Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:24

Sərhəddə post qurmasının Bakı üçün hansı nəticələri ola bilər - Ekspertlər


Həkəri çayı üzərində körpü. Keçid məntəqəsinin bu nöqtədə qurulduğu bildirilir
Həkəri çayı üzərində körpü. Keçid məntəqəsinin bu nöqtədə qurulduğu bildirilir

Bundan sonra Ermənistandan Xankəndiyə gedəcək yükləri Azərbaycan Laçın dəhlizində yoxlayacaq, bəs bu yenilik sülh prosesinə necə təsir edəcək?

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurmasını pisləsə də, bunun sülh danışıqlarına mümkün təsiri haqda heç nə deməyib.

Yerevanda siyasi şərhçi Ruben Mehrabyan isə hesab edir ki, Laçın dəhlizində baş verənlər sülh prosesini daha da çətinləşdirəcək, çünki Azərbaycan bu addımı birtərəfli qaydada atıb:

"Sülh prosesini konstruktiv vəziyyətə gətirmək üçün çox səy göstərmək lazım gələcək. Bunu da qeyd etmək lazımdır ki, baş verənlər Rusiya sülhməramlılarının məsuliyyətsiz davranışının nəticəsidir. Dağlıq Qarabağda durum fəlakət səviyyəsindədir. Heç kim hələ ki, bilmir ki, nə etmək lazımdır. Bütövlükdə sülh prosesi üçün pozitiv heç nə baş verməyib. Vaşinqton və Parisdən gələn bəyanatlar da buna sübutdur".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, bu addım sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır. O deyib ki, insanların Laçın dəhliziylə sərbəst gediş-gəlişi təmin olunmalıdır.

“Erməni əhalini bu fakta öyrəşdirmək lazımdır...”

Fransa Xarici İşlər Nazirliyi Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurmasını atəşkəs bəyanatları çərçivəsində öhdəliklərə zidd olduğunu deyib.

Rəsmi Bakının cavabı isə bu olub ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkələrinin suveren və legitim hüququdur.

Tofiq Zülfüqarov
Gözlə
Embed

No media source currently available

0:00 0:01:28 0:00

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, indi Azərbaycan üçün əsas çətinlik Qarabağın erməni icması ilə münasibətin necə qurulması olacaq. O gözləyir ki, erməni əhalini yeni vəziyyətə- Azərbaycanın Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurması faktına uyğunlaşdırmaq zaman alacaq:

"Burda problem o zaman olacaq ki, hansısa təxribat baş verəcək. Ermənilər özləri də gərginlik yaratmaq üçün təxribat yaratmaq istəyəcəklər. Ona görə də indiki mərhələdə sülhməramlıların rolu vacibdir. Prosesə psixoloji cəhətdən baxmalıyıq. Qarabağda yaşayan ermənilərin iki nəslinin Azərbaycanla heç bir əlaqəsi olmayıb. Onları ardıcıl şəkildə yeni şəraitə öyrəşdirmək üçün vaxt lazımdır. Biz öhdəlik götürmüşük ki, onların hüquqları qorunacaq. Prosesi elə aparmalıyıq ki, bizim xeyrimizə olsun və erməniləri də yavaş-yavaş öyrəşdirək".

“Hansısa ciddi fəsadları olmayacaq...”

Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, Qərbin açıqlamalarının bəyanat səviyyəsindən o yana keçəcəyini düşünmür. O hesab edir ki, real siyasətdə buraxılış məntəqəsinin qurulmasının nə sülh prosesinə, nə də Azərbaycanın imicinə ciddi təsiri olmayacaq.

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın prinsip etibarilə mövqeyi belədir ki, Ermənistan qonşuları ilə münasibətləri yaxşılaşdırmaq istəyir, bunsuz Ermənistanın gələcəyi yoxdur. Odur ki, Ermənistanla danışıqlar da zəifləməyəcək.

Rauf Mirqədirov
Gözlə
Embed

No media source currently available

0:00 0:01:11 0:00

Siyasi şərhçinin fikrincə indi əsas məsələ odur ki, Azərbaycan doğrudan da erməni əhalini narazı salmasın və məhdudiyyəti yalnız silahlara tətbiq etsin:

"Azərbaycan tərəfinin elan etdiyi şərtlər var. Azərbaycan deyir ki, biz ancaq silahlıların və silahların qarşısını almaq üçün bu nəzarət-buraxılış məntəqəsini quraşdırmışıq. Əgər Azərbaycan tərəfi bu işi düzgün təşkil edəcəksə, mülkilərin və mülki yüklərin gediş-gəlişinə mane olmayacaqsa və beynəlxalq ictimaiyyətə düzgün təqdim edəcəksə, düşünürəm ki, bu, Azərbaycan üçün hansısa ciddi fəsadlar törədə bilməz".

Rusiyanın bəyanatında postun adı çəkilməsə də

Aprelin 24-də Rusiya xarici işlər nazirliyi də açıqlama verib və bildirib ki, 10 noyabr bəyanatının pozulmasının əleyhinədir. Amma Rusiya açıq şəkildə nəzarət buraxılış məntəqəsinin qurulmasını qeyd etməyib. Bəyanatda deyilir:

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının baza qaydalarını pozan istənilən birtərəfli addımların qeyri-məqbul olduğunu xüsusilə qeyd edirik”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə düşünür ki, Ukrayna müharibəsində zəifləmiş Rusiya Laçın dəhlizində Azərbaycanla müştərək işləməyə razılaşacaq. Belə ki, səlahiyyət müddəti bitənə kimi Rusiya ermənilərin təhlükəsizliyinə zəmanət verəcək, Azərbaycan isə gömrük-sərhəd xidməti həyata keçirəcək.

Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Məlumatda bu addımın atılması Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə əsaslandırılır. Ermənistan bu ittihamı qəbul etmir.

Buna qədər Bakı həm də bildirirdi ki, əgər Ermənistan 9 noyabr sənədinə əsasən Azərbaycanı Naxçıvanla birləşdirəcək yolda nəzarət buraxılış məntəqəsi quraşdırmaq istəyirsə, onda Azərbaycan da Laçın yoluna nəzarət haqqına sahib olmalıdır.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG