Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:52

Prezident Əliyevin də tərəf olduğu məhkəmə iddiasına baxıldı


S.Quliyev
S.Quliyev

Bilgəh qəsəbəsində 20 sot torpaq sahəsinin zəbt olunduğunu, içindəki iki- və üçmərtəbəli evlərinin söküldüyünü deyən Seymur Quliyevin qaldırdığı iddiaya iyunun 24-də Sabunçu rayon Məhkəməsində baxılıb. Bu işdə cavabdehlər Milli Məclisin deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Salahzadə və atası, keçmiş deputat Qalib Salahzadədir. İddia ərizəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə üçüncü şəxs, Prezident İlham Əliyev isə maraqlı şəxs qismində qoyulub.

Məhkəmədə jurnalistlərin iştirakına imkan verilməyib. İddiaçı Quliyev buna etiraz edib. Hakim Tahirə Əsədova qadağanı pandemiya ilə əlaqədar məhkəmə zalında 10 nəfərə qədər adamın iştirakına icazə verilməsi ilə əsaslandırsa da, iddiaçı bu arqumentlə razılaşmayıb: "Zalda cəmi dörd nəfər şəxs var, heç 10 nəfərə çatmayıb...".

13 fərqli məhkəmə qərarı

Quliyev 2003-cü ildə alqı-satqı yoluyla əldə etdiyi torpaq sahəsinin, orada tikdirdiyi evlərin zəbt olunması, sökülməsi, əlində mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğu halda, həmin ərazinin son illər avtodayanacaq kimi istifadə olunması haqda danışıb. İddiaçı bildirib ki, son 10 ildə bu problemlərlə əlaqədar dəfələrlə məhkəmə çəkişmələri olub. Əlində onun haqlı olduğunu sübut edən 13 fərqli məhkəmə qərarı var.

Quliyev vurğulayıb ki, sözügedən ərazidə onlar yaşadıqları halda, Xatirə Salahzadənin adına çıxarış alınıb: "Halbuki, həmin vaxt 10 il idi orada biz yaşayırdıq. Əlimizdə də öz "kupça"mız var idi. Uzun məhkəmə çəkişmələrindən sonra məhkəmədə biz haqlı olduğumuzu sübut elədik. Buna baxmayaraq, Qalib Salahzadə qoçu kimi bizi ev paltarlarımızda bizi yaşadığımız evdən çıxartdırdı. Evlərimi sökdürdü. Evimdəki əşyaları, uşaqlarımın oyuncaqlarını... hər şeyimi daşıyıb apardılar...".

İddiaçı əlavə edib ki, Qalib Salahzadə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub.

İddiaçıya tövsiyə

Cavabdeh Salahzadələrin vəkili isə iddiaçının mülkiyyətinin onlar tərəfindən zəbt olunması haqda deyilənlərə etiraz edib.

Hakim iddiaçıya tövsiyə edib ki, iddia ərizəsinə dəyişiklik etsin: "Xatirə Salahzadənin Allahşükür Paşazadənin qızı olması onun da məhkəməyə cəlb olunması üçün əsas deyil axı...".

Quliyev isə bildirib ki, bu problemlə əlaqədar illərdir üz tutduğu dövlət orqanlarında hər dəfə məhz Şeyxin adını eşidir.

Hakim qərarını iyulun 22-də elan edəcək.

Quliyev prezidentin də tərəf kimi bu prosesə cəlb olunmasını isə AzadlıqRadiosuna belə izah edib: "Prezident çıxışında bildirmişdi ki, vətəndaşlar məmur özbaşınalığı barədə ona yazsınlar, məlumatlandırsınlar. Mən illərdir müxtəlif dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına şikayətlər göndərirəm. Ola bilsin ki, prezidentə çatmır. İstəyirəm ki, bu yolla onu ölkədə məmurların vətəndaşların başına açdığı oyunlardan xəbərdar edim".

Xatırlatma

Quliyevin şikayəti əsasında DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələri ilə cinayət işi başlanıb, Qalib Salahzadə dindirilib. İstintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etdirilsin.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb. AzadlıqRadiosu Baş Prokurorluqdan bunun səbəbini öyrənə bilməyib.

XS
SM
MD
LG