Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Seyran Səxavət seçki müşahidəçiləri haqda: 'Mən onları qovardım'


ATƏT-in konfransında qalmaqal
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

ATƏT-in konfransında qalmaqal

AzadlıqRadiosu 11 aprel seçkisi haqda sənətçilərin, yazıçıların fikirlərini öyrənib. Onlardan seçki haqda danışmaq istəməyən də olub, tərəddüdlə fikrini bölüşən də, yeni prezidenti dəstəkləyəni də...

Rasim Balayev: «Seçkidir də keçdi...»

Xalq artisti, kinoaktyor Rasim Balayev «Seçkidir də keçdi» deməklə sözə başlayır. Xəstə olan sənətkar danışmağa çətinlik çəkir, hətta söhbəti təxirə salmaq istəyir, amma sonra qəfildən bunları deyir: «Verilən namizədlərin içində ən layiqlisi İlham Əliyev idi. Mən də ona səs verdim. Xəstə də olsam məni apardılar, gedib Şüvəlanda səs verdim. Gəlib-gedən də var idi...».

M.Yaqub
M.Yaqub

Musa Yaqub: «Yalandan nə deyim?»

Şair Musa Yaqub isə ağır xəstə olduğundan nə seçki prosesini izləyə bildiyini, nə də səsverməyə qatıldığını söyləyir: «Gedə bilmədim. Yalandan nə deyim».

Kinorejissor və tənqidçi Ayaz Salayev siyasi məsələlərə yozum vermədiyini deyib söhbəti sonlandırır.

Mübariz Tağıyev: «İnsanlar növbəyə durmuşdular»

Xalq artisti, müğənni Mübariz Tağıyev isə seçkilərin «çox şəffaf» keçdiyini bildirir. O, seçici fəallığının aşağı olması haqda fikirləri rədd edir: «Az olub? Sözün düzü, mən çoxdandı əhalinin seçkidə öz istəyi ilə orda olduğunu görməmişdim. Mən Bayılda qalıram. Məntəqədə o qədər insan vardı, növbəyə durmuşdular. Mən özüm də... Düzü, çox əla idi, normal...».

O, ATƏT-in Müşahidə Missiyasının hesabatı haqda suala birbaşa cavab vermir, yalnız bunu söyləyir: «Mənim fikrimi bilmək istəyirsinizsə, öz seçimimi çoxdan etmişdim, başlanğıcdan. Alternativ görmürdüm orda. Kiməsə toxunmaq istəmirəm, amma bu gün üçün siyasi tərəfi nəzərə alanda İlham Əliyevdən başqasını görmürdüm».

S.Səxavət
S.Səxavət

Seyran Səxavət: «ATƏT-in hərəkəti məni son dərəcə əsəbiləşdirdi»

Yazıçı Seyran Səxavət isə bunları deyir: «Mən heç belə seçki görməmişdim. Hamı gedirdi. Basabas idi. Hər şey təmiz getdi. Mən elə gördüm. Hətta o ATƏT var ey. Siz bilirsiniz, mən səmimi adamam. Onların o hərəkəti məni son dərəcə əsəbiləşdirdi. Qonaq gəlmisən, düzünü de də. Burda söhbət seçkidən də getmir. Bu, artıq, şərəf məsələsidir, namus məsələsidir. Biz yəni o günə qalmışıq ki?.. Bu, mənə daha çox toxundu, bəlkə də nəinki Məzahirə, Mərkəzi Seçki Komissiyasinin sədrinə (MSK sədri Məzahir Pənahovu nəzərdə tutur – A.R.). Bizim öz ağlımız var. Mən çılğın adamam. Mən orda olsam, onları oradan qovardım. Yaxşı ki, onları qovmaq imkanı olmayan adamam. Yaxşı çıxmazdı. Amma bilirsən nə var? Gəlib evinin içində adama nə qədər ağıl verərlər? Adamın pisinə gəlir. Seçkidə bu, mənə toxunan məqam oldu. Belə isə hər şey... Mən özüm də getdim səs verdim. Adamlar gəlib səs verib gedirdilər. Əlləri də mürəkkəblənirdi. Ayrı nə olmalı idi? Mən bilmirəm».

O da İ.Əliyevə səs verdiyini bildirir. Səbəbinə gəlincə, «gözümə əməlli-başlı bir adam dəymədi» söyləyir: «Yerdə qalanı mənim üçün özləri bildiyi, amma boyunlarına almadığı fiqurdurlar. Belə...».

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, indiki dövlət başçısı İ.Əliyev növbəti dəfə, 86 faiz səslə 7 il müddətinə prezident seçilib.

Beynəlxalq Müşahidə Missiyası yekun hesabatla çıxış edərək səsvermə günü məntəqələrin 12 faizində prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

XS
SM
MD
LG