►“Kişdə içməli su, qaz problemi hələ də həll olmayıb. İşıqsa tez-tez sönür”.
2 gün yağan davamlı yağışlar Şəkinin Kiş kəndində həyatı əməllicə dondurub.
Dağlıq ərazilərə düşən yağış Kiş çayını daşırıb, kəndlə şəhəri birləşdirən körpü dağılıb. Kəndin mərkəzlə əlaqəsi kəsilib.
Təsərrüfata xeyli zərər dəyib.
Kənd sakini Nadir Əsədov deyir, daha çox zərər əkin sahələrinə və kommunikasiyaya dəyib – qaz və su, hələ də, bərpa olunmayıb. Üstəlik çölə çıxmaq da mümkün deyil:
“Hər yer lildir. Kəndə sanki lil seli gəlib. Yollar lildir, bu da hərəkəti çətinləşdirir”.
Sakin deyir, çətinliyi yaradan səbəblərdən biri odur ki, güclü yağış qısa fasilələrlə kəsib və yenə davam edib. Kənd sakini deyir, mərkəzlə əlaqə hələ də tam bərpa olunmayıb:
“Yollar dağılıb, körpü uçub. Elə bil, kəndə bomba atıblar. Hələ də düzəltməyə çalışırlar. Kənddə Fövqəladə Hallar Nazirliyinin, bir də İcra Hakimiyyətinin işçiləri zərərləri qeydə alırlar. Əsas çətinliyimiz sudandır. Yayın günü susuz qalmaq dözülməzdir. Yol da yoxdur ki, gedək hardansa vedrəni dolduraq gələk”.
____________________________________________________________
Bunlara da bax:
'Ayaqsız' dilənçi ifşa olundu- [Video]
Zaqatalada uşaq ölümü – günah öləndədir?
____________________________________________________________
“BAŞÇI ƏRAZİDƏDİR”
Kənd sakini Mənzər Rüstəmova isə kənddə çörək qıtlığı yarandığını deyir:
“Mərkəzlə əlaqə kəsildiyindən kəndin dükanlarına çörək gətirə bilmirlər. Bu gün çörək almağa qonşu kəndə getmişdim”.
Şəkinin icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, sel suları əsas daşıyıcı qaz xəttini sıradan çıxarıb, hazırda təmir işləri aparılır. Qurum vəd edir ki, su problemi tezliklə həllini tapacaq:
“İşıq bərpa olunub, bir az qaz xəttində, bir də su məsələsində problem qalıb, onu da həll edirlər. İki gündür ki, başçı ərazidədir. Kənddə qərargah yaradılıb. Kəndlə mərkəzin əlaqəsini bərpa etməkdən ötrü başqa kəndin ərazisindən müvəqqəti alternativ yol salınır”.
ÖNCƏDƏN MƏLUMAT VERİLİB
Sel suları ərazidə yerləşən bir neçə istirahət mərkəzinə ciddi ziyanvurub.
Ərazi hidrometrologiya idarəsindən ANS-ə bildiriblər ki, yağış nəticəsində Kiş çayının Damarçın qolu ərazisindən gələn sel suları daşqına səbəb olub.
Yüksəklikdə yerləşən dərələrdən axan çayların meyllilik dərəcəsi yüksək olduğundan böyük sürət axını yaranıb. Bu zaman dərələrdə eroziya nəticəsində əmələ gələn yığıntılar isə lil təbəqəsi şəklində sel sularına qarışıb.
Hidrometrologiya idarəsindən onu da bildirdilər ki, iyulun 1-dən 4-dək yağıntılı hava barədə əvvəlcədən aidiyyəti qurumlara məlumat verilib.
Buna da bax: "Bizi mal-qara saxlamağa qoymurlar"