İnternet nəhəngi YouTube AzadlıqRadiosu Rus xidmətinin və Rusiyanın Dojd telekanalının Rusiyanın dövlət televiziyasında keçirilmiş debatdan videoklipi yayınlamalarına blok qoyub.
Avqustun 30-da Rusiyanın Rossiya 24 kanalında efirə getmiş bu verilişdə seçki namizədi, tanınmış jurnalist Maksim Şevçenko müxalifət lideri Aleksey Navalnı və başqa “siyasi məhbusların” həbsdən azad olunmasına çağırmışdı.
Rusiya parlamentinin alt palatası Dövlət Dumasına sentaybrın 17-19-da keçiriləcək seçkidə Azadlıq və Ədalət Partiyasının siyahısına başçılıq edən Şevçenko demişdi:
"Bu ölkənin daxili siyasəti boğucu və mürtəcedir. Bizim ifadə azadlığımız, siyasi diskussiya azadlığımız və sərbəst toplaşma azadlığımız yoxdur”.
Bu debat Ümumrusiya Dövlət Teleradio şirkətinə daxil Rossiya 24 kanalında efirə gedəndən sonra qurum müəlliflik hüququ məsələsini əsas gətirərək YouTube kanalından klipin bloklanmasını tələb edib.
YouTube AzadlıqRadiosunun bu barədə sorğusuna hələki cavab verməyib.
Özünün YouTube kanalında çıxış edən Maksim Şevçenko deyib ki, Rusiya hökuməti “siyasi prosesin bir hissəsi” olan videoyazıya müəlliflik hüququ iddiası qaldıra bilməz.
Xəbər veriulir ki, Rossiya 24 və Rossiya 1 kanalları ilə efirə getmiş debatın başqa hissələrinə aid kliplərə çıxış açıq qalır.
Xatırlatma
Aleksey Navalny bir il əvvəl, avqustun 20-də Tomskdan Moskvaya uçarkən halı pisləşdiyindən, Omskdakə xəstəxanaya yerləşdirildi və komaya düşdü.
Bir neçə gün sonra qohumlarının təkidi ilə o, müalicə üçün Berlinə aparıldı. Almaniya, Fransa və İsveçdəki üç hərbi laboratoriya sonradan Aleksey Navalnının təhlükəli “Novichok” maaddəsi ilə zəhərrləndiyi qənaətinə gəldilər.
Amma Rusiya hakimiyyəti təkid edir ki, Navalnı Berlinə aparılmazdan əvvəl bədənində heç bir zəhərli maddə aşkar edilməyib.
Kremlin sözçüsü Dmitri Peskov dəfələrlə Moskvanın, bu məsələ ilə bağlı Almaniya ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu bəyan edib.
Aleksey Navalny isə deyir ki, onun həyatına qəsd cəhdinin arxasında birbaşa Rusiya prezidenti Vladimir Putin durur.
Kreml bunu qəti şəkildə rədd edir.