Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

Şoyqu: 'İndi diqqəti Donbasın azad edilməsinə cəmləmək olar'


Sergey Şoyqu (sağda) və Vladimir Putin
Sergey Şoyqu (sağda) və Vladimir Putin

Nazir deyir ki, Rusiya 33 günlük döyüşlər ərzində hava məkanında üstünlük əldə edib, Ukrayna təyyarələrinin və havadan müdafiə sistemlərinin çoxunu sıradan çıxarıb

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu gün – martın 29-da bəyan edib ki, Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatının” birinci mərhələsinin əsas vəzifələri “ümumilikdə” yerinə yetirilib. Rusiya hakimiyyəti Ukraynaya qarşı fevralın 24-də başlatdığı silahlı müdaxiləni belə adlandırır.

Şoyqunun sözlərinə görə, indi rusiyalı hərbçilər diqqəti “Donbasın azad edilməsinə” cəmləyə bilərlər. Nazir bunu əməliyyatın əsas məqsədi kimi vurğulayıb, bütün hədəflər əldə olunanadək hücumun davam etdiriləcəyini deyib.

Hava məkanında üstünlük...

Nazir deyir ki, Rusiya 33 günlük döyüşlər ərzində hava məkanında üstünlük əldə edib, Ukrayna təyyarələrinin və havadan müdafiə sistemlərinin çoxunu sıradan çıxarıb.

Orduya yaz çağırışına toxunan Şoyqu çağırışçıların “qaynar nöqtələr”ə göndərilməyəciyini söyləyib. Onun sözlərinə görə, ötənilkindən az gənc orduya çağrılacaq.

O, Ukrayna müharibəsində Rusiyanın itkiləri barədə danışmayıb. Amma son iki həftədə Rusiya ordusunun 600-dək əcnəbi döyüşçünü məhv etdiyini iddia edib.

Ötəm həftə Şoyqunun uzun müddət televiziyada, xəbərlərdə görünməməsi haqda məlumatlar yayılmışdı. Onun hətta vəzifədən kənarlaşdırılması ehtimalları vardı. Amma nazir yenidən efirdə göründü.

Tələblər

Rusiya Ukraynaya hücumunu bu ölkənin demilitarizasiyası və denasifikasiyası ilə əsaslandırıb. Digər tələblər 2014-cü ildə ilhaq edilmiş Krım üzərində Rusiyanın suverenliyinin, eləcə də şərqdəki Donetsk və Luqansk qondarma “respublikalar”ının tanınması idi.

Hazırda Rusiya və Ukrayna mümkün sülh şərtlərini müzakirə edir. Bəzi Qərb media orqanları guya Rusiyanın tələblərinin yumşaldığını, məsələn, daha “denasifikasiya” söhbəti getmədiyini yazır.

Ukrayna ərazi bütövlüyünün güzəştə getməyəcəyini bəyan edib. Hazırda əsas müzakirənin Ukraynanın neytral statusu barədə getdiyi bildirilir.

Rusiya “xüsusi əməliyyat”da 1300-dək hərbçisinin həlak olduğunu bildirir, Ukrayna isə daha böyük rəqəmlər göstərir. Bunların heç birini müstəqil təsdiqlətmək mümkün deyil.

XS
SM
MD
LG