Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

Yerevan sülh müqaviləsinin delimitasiyadan əvvəl imzalanmasına dair Bakının təklifini qəbul edə bilər


Alen Simonyan
Alen Simonyan

Ermənistan Azərbaycanla sülh müqaviləsini iki dövlət arasında sərhədin delimitasiyasından əvvəl də imzalaya bilər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə müşaviri Hikmət Hacıyev bu həftənin əvvəllərində demişdi ki, Bakının mövqeyinə görə “sərhədin delimitasiyası məsələsi ilə sülh müqaviləsi ayrı-ayrılıqda həll olunmalıdır”.

Simonyan Hacıyevin bu bəyanatını şərh edərkən deyib:

“Düşünürəm ki, biz bu praktikanı nəzərdən keçirə bilərik, çünki delimitasiya məsələsinə illərlə vaxt lazım gələ bilər. Mənim nəzərimdə real sülh istəyən ölkə üçün belə məsələlər problem olmamalıdır. Odur ki, məncə, bəli, belə məsələlər biz sülh müqaviləsini imzaladıqdan və cəmiyyətlərimizə sülh gətirdikdən sonra da bəzi məsələlərlə yanaşı həll oluna bilər”.

Xəritə məsələsi

Lakin Ermənistan parlmamentində keçmiş prezident Robert Koçaryana bağlı Hayastan müxalifət fraksiyasının deputatı Armen Rustamyan Simonyanın qeydləri ilə bağlı narahatlığını ifadə edib.

O deyib ki, sülh müqaviləsinin delimitasiya məsələsindən ayrılması “yalnız Azərbaycanın marağındadır”.

Azatutyun yazır ki, sərhəd mübahisələri Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında həmişə əsas əngəllərdən biri olub.

Ermənistan bundan əvvəl bəyan etmişdi ki, sülh müqaviləsinə sərhəd delimitasiyasının konkret mexanizmləri daxil edilməlidir.

Yerevan sərhədin keçmiş SSRİ xəritələri ilə delimitasiyasına razıdır. Lakin Avropa İttifaqının da dəstəklədiyi bu mövqeyi rəsmi Bakı qəbul etmir.

Ermənistan habelə sülh müqaviləsində iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasının təsbit olunmasını istəyir.

“Bakı süılh müqaviləsinin yekunlaşdırılmasına həvəsli görünmür”

Baş nazir Nikol Paşinyan və başqa Ermənistan rəsmiləri deyirlər ki, Azərbaycan Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometrlik ərazisini rəsmən tanımalıdır.

Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Eduard Ağacanyan dekabrın 22-də deyib ki, bu Azərbaycan-Ermənistan sülh müqaviləsinin əsas müddəası olmaldıır.

Deputat bildirib ki, bu məsələnin delimitasiya prosesi ilə əlaqələndirilməsi üçün hələ çox erkəndir.

Bu həftə BBC-yə müsahibə verən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, Bakı sülh müqaviləsinin yekunlaşdırılmasına həvəsli görünmür.

Kostanyan ehtimal etdiyini demişdi ki, Azərbaycan Ermənistana qarşı gələcək ərazi iddiaları üçün özünə yer saxlamağa çalışır.

Bir sıra Ermənistan şərhçilərinin fikrincə Azərbaycan prezidenti İlham Əliyev danışıqların Birləşmiş Ştatlar və Avropa İttifaqı platformalarında davam etdirilməsindən bu səbəbdən yayınır.

Bundan əvvəl Azərbaycan prezidenti Ermənistanı sülh müqaviləsinin imzalanmasını uzatmaqda ittiham edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG